Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4542/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33000 ABŞ dolları pulun (ödəniş gününə dolların manata olan məzənnəsi ilə), 8415 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, əldən çıxmış fayda kimi 10 000 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 28445 manat və 33000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflərin 2007-ci il tarixindən münasibətləri olmuşdur. Cavabdeh 2008-ci ildə öz biznesinin inkişafı üçün maliyyə vəsaitinin lazım olduğunu bildirərək iddiaçıya müraciət etmiş və 120 000 ABŞ dolları məbləğində pul vəsaiti istəmişdir. Həmin təklif iddiaçı tərəfindən qəbul edilərək cavabdehə həmin pul verilmişdir. Bir müddət sonra müəyyən olmuşdur ki, cavabdeh tərəfindən səslənən layihələr həyata keçirilməmişdir. Bundan sonra o, verdiyi pulu cavabdehdən tələb etmişdir. Cavabdeh tərəfindən hissə-hissə 87 000 ABŞ dolları məbləğində borc geri qaytarılmışdır. Sonuncu dəfə cavabdeh tərəfindən pul vəsaiti 2018-ci ilin yay aylarında ödənilmişdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Sonuncu dəfə tərəflər arasında 20.04.2021-ci il tarixdə baş vermiş telefon danışığı zamanı cavabdeh qısa müddət verilməsini iddiaçıdan xahiş etmişdir. Lakin bu dəfə də cavabdeh öz vədinə əməl etməmiş və qalıq pul vəsaitindən ödəniş etməmişdir. Cavabdeh öz öhdəliyini icra etməmiş, dəfələrlə pulun qaytarılması tələb edilməsinə baxmayaraq pulu qaytarmamış, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün, iddiaçı cavabdehə ödənilən məbləğdən səmərəli istifadə edib, iş qurub gəlir əldə edə bilmədiyi üçün cavabdeh ona 10 000 manat məbləğində əsas məbləğə hesablanmış nisbətdə əldən çıxmış faydanın əvəzini də ödəməlidir. Belə ki, iddiaçı həmin pul vəsaitindən istifadə etməklə iş qurub gəlir əldə edə bilərdi. Və ya həmin pul vəsaitini banka əmanət müqaviləsi üzrə yerləşdirib gəlir əldə edə bilərdi. Eyni zamanda cavabdeh vurduğu maddi ziyanla yanaşı, 10 000 manat məbləğində mənəvi zərəri də ödəməyə borcludur. Cavabdeh tərəfindən axırıncı dəfə ödəniş 2018-ci ilin iyun ayında olmuşdur. Həmin vaxt cavabdehin iddiaçıya 33 000 ABŞ dolları (həmin dövr AZN məzənnəsi nəzərə alınmaqla 56100 AZN). Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 2805 AZN təşkil edir. Sonuncu dəfə cavabdeh tərəfindən ödənilən pul məbləğindən 3 il vaxt keçmişdir. Həmin dövr ərzində ödənilməli olan faiz məbləği 8415 AZN təşkil edir (2805 x 3 = 8415). İddiaçı 2018-2021-ci illərdə Azərbaycanda olmamış, Kanada dövlətində işləmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia tamamilə əsassız, qanunsuzdur. Eyni zamanda iddia əsaslı olmuş olsa belə, iddia ərizəsi verilməsi üçün iddia müddəti keçmişdir. İddia predmeti 2008-2009-cu illəri əhatə edən məsələdir. Pul söhbətlərinin üzərindən 10 il keçib. İndi isə iddiaçı məhkəmədə iddia qaldırıb. Heç bir kəs tanımadığı, etibar etmədiyi adama riski gözə almadan 120 000 ABŞ dolları pul verməz. Pul vəsaitinin verilməsi investisiya məqsədli olmuşdur. Tərəflər çox yaxın dost olmuşlar. İddiaçı da pul vəsaitini riskə əsaslanaraq cavabdehə vermişdir. Təmsil etdiyi şəxsin dediyinə görə yatırımın məbləğini artıqlaması ilə iddiaçıya qaytarmışdır. Sonradan belə bir məsələ ortaya çıxmışdır ki, cavabdeh iddiaçının övladının universitetə qəbulu ilə bağlı pul və digər məsələlərdə yardım edəcəyini vəd vermişdir. Lakin sonradan cavabdehin maddi durumu pisləşdiyindən sözünə əməl edə bilməmişdir. Nəticədə tərəflərin münasibəti soyumuşdur. Qeyd edir ki, uşağın ali təhsil müəssisənə müraciəti ilə bağlı da sübut olmamışdır. 2009-cu ildən sonra pul əməliyyatlarının həyata keçirilməsinə dair sübut olmayıb. İllər keçdikdən sonra iddiaçı sadəcə pula ehtiyacı olduğu köhnə haqq-hesabı ələ alaraq mənfəət əldə etmək istəmişdir. Əslində borc pul istəməli olduğu halda, iddiaçı artıq ödənilmiş, hazırda mövcud olmayan borcunu geri tələb edir. Hətta 2009-cu il nəzərə alınmasa belə, iddia ərizəsində qeyd edildiyi kimi 2018-ci il ilin aprel ayında pul ödənişi olmuş olsa belə, yenə də iddia ərizəsi məhkəməyə 2021-ci ilin iyun ayında daxil olduğundan 3 illik iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən məhkəmə təqdim edilmiş tərəflərin 21 aprel 2021-ci il tarixdə apardıqları telefon danışıqlarının səs yazısı məhkəmədə dinlənilmişdir. Həmin danışıqlar zamanı iddiaçı cavabdehdən 30000- 35000 ABŞ dolları məbləğində borcunun geri qaytarılmasını tələb etmiş, cavabdeh buna etiraz etməmiş, əksinə yeni iş qurduğunu və tezliklə iddiaçının borcunu qaytara biləcəyini bildirmiş və borcun qaytarılması üçün iddiaçıdan ona möhlət verilməsini istəmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyüü kimi tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 120000 ABŞ dolları borc vermiş, cavabdeh ondan bir hissəsini qaytarmış və 33000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.( 380.2.) Yuxarıda istinad olunan tərəflər arasında telefon danışıqlarına əsasən 2021-ci ilin aprel ayında borcunun geri qaytarılması üçün möhlət istəməklə cavabdeh borcunu etiraf etmişdir. Həmin andan iddia müddətinin axımı kəsilmişdir. Göründüyü kimi iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 33000 ABŞ dollarının tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış 8415 manat faiz məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» barədə 22-ci fəslinin 443.1.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (443.2.) İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (445.1-ci maddəsinə əsasən) Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İstinad olunan maddələrə əsasən öhdəliyinin icra edilməməsi nəticəsində borclu dəymiş zərərin əvəzini ödəməlidir. Həmin zərər məbləği də Mülki Məcəllənin 21-ci maddəsi ilə müəyyən edilmiş qaydada müəyyənləşdirilir. Mülki Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdeh tərəfindən pulun qaytarılmaması nəticəsində ona zərərin dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış 8415 manat faiz tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə hesab edir ki, eyni əsaslarla 10000 manat məbləğində əldən çıxmış fayda tələbi də rədd edilməlidir. Məhkəmə mənəzi zərər iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Cavabdeh borc məbləğini qaytarmaması səbəbindən iddiaçı Polis İdarəsinə və sonradan məhkəməyə müraciət etmişdir. Göstərilənlər isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətlərinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, iddiaçının fərdi xüsusiyyətlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərər qismən – 1000 manat məbləğində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33 000 (otuz üç min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 1000 (min) manat mənəvi zərər və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4542/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4542/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver