Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4566/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X2 və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilinə istifadə hüququnun olmaması barədə və istifadə hüququnun olmamasının cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzili xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı bacısı qızıdır. İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. 2016-cı ildə iddiaçı ona etibarnamə vermişdir ki, Bakı şəhərində olmadığı müddətdə mənzili ilə bağlı hüquqlarını, mənzilin sığortasını həyata keçirsin. Cavabdehin şəxsiyyət vəsiqəsi olmadığından və qeydiyyat yeri olmadığından 2018-ci ildə iddiaçının verdiyi etibarnamə əsasında o, cavabdehin iddiaçıya məxsus mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Lakin Cavabdeh xx.xx.2018-ci ildə qeydiyyata alınsa da, heç vaxt həmin mənzildə yaşamamışdır, hazırda xarici ölkədə təhsil alır. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi təqdim edilmiş, həmçinin “AZEMİS” Elektron Sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Cavabdeh xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək, Bakı şəhəri Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilinə stifadə hüququnun olmamasının müəyyən edilməsi və istifadə hüququnun olmamasının onun iddiaçıya məxsus mənzildən qeydiyyatdan şəxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun doğma bacısı, Cavabdeh onun doğma qızıdır. Cavabdeh hazırda Almaniyada magist təhsili alır. Onlar Bakı şəhəri Növsan qəsəbəsi Oqtay Şabanov küçəsi 45/3 nömrəli fərdi yaşayış evində yaşayırlar. O, və həyat yoldaşı Eldar Babayev məhkəmə qətnaməsi əsasında Bakı şəhəri Növsan qəsəbəsi Oqtay Şabanov küçəsi 45/3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmışlar. Qızı Cavabdeh təcili olaraq şəxsiyyət vəsiqəsi almaq lazım olduğuna görə anası X3 müraciət edərək, Hürünü bacısı İddiaçı məxsus olan Bakı şəhəri Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilinə qeydiyyata salmasını xahiş etmişdir. Anası onun xahişini nəzərə alaraq, şəxsiyyət vəsiqəsi alması üçün Cavabdeh 2018-ci ildə iddiaçının mənzilirnə qeydiyyyata salmışdır. Cavabdeh heç vaxt iddiaçının mənzilində yaşamamışdır, Hürü daimi olaraq valideynləri ilə birlikdə Bakı şəhəri Növsan qəsəbəsi Oqtay Şabanov küçəsi 45/3 nömrəli fərdi yaşayış evində yaşamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, cavabdehin iddianı qəbul etməsinə dair məhkəməyə göndərdiyi ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzili İddiaçı tam mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilinə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınsa da, iddiaçının ailə üzvü olmamış, onunla birgə həmin mənzildə yaşamamış və ümumi təsərrüfat aparmamışdır. Cavabdeh iddiaçının bacısı qızı olmaqla, iddiaçının mülkiyyətində olan mənzilə formal olaraq qeydiyyata alınmış və ona xx.xx.2018-ci il tarixdə Bakı ASAN2 tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ əldə etməmişdir. Cavabdeh valideynləri ilə birlikdə Bakı şəhəri Növsan qəsəbəsi Oqtay Şabanov küçəsi 45/3 nömrəli fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti 65 nömrəli evin 29 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4566/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4566/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver