Məhkəmə qərarları › İş №2(004)-4594/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4594/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4594/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. O, müvəqqəti olaraq bacısı oğlu və onun həyat yoldaşına həmin mənzildə yaşamaları üçün icazə vermişdir. Lakin uzun müddət yaşamalarına baxmayaraq evdən çıxmaq istəmirlər. Belə ki, dəfələrlə onlara müraciət etsə də, onlar buna məhəl qoymamışlar. Bu səbəbdən iddiaçı yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinn məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək, qeyd etmişdir ki, iddiaçı dayısıdır. Mənzilin ona məxsus olduğunu bilir. Ancaq mənzildən çıxmaq prosesi ilə bağlı işlər aparılacağına görə yalnız yanvar ayından sonra mənzildən çıxa bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan AN-İ ******* saylı 07 sentyabr 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 mülkiyyətində olan Bakı şəhəri Vasif Əliyev küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində özünə məxsus A tikilisindən qalan hissə və B tikilisindən B tikilisinin 55.80 kv.m –dən ibarət 3 yaşayış otağını alıcı İddiaçı 51000 manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 55.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam pay İddiaçı məxsusdur və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 55.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlər iddiaçının bacısı oğlu və onun həyat yoldaşıdır. O Cavabdeh1 həyat yoldaşı ilə birlikdə həmin fərdi yaşayış evində müvəqqəti olaraq yaşamalarına dair razılıq vermişdir. Lakin daha sonra iddiaçı cavabdehlərə mülkiyyətində olan fərdi yaşayış evindən çıxmaları ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirərək onun mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən Cavabdeh1 öz evindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşin mübahisəsiz halı odur ki, cavabdehlər iddiaçının ailə üzvləri deyildir. Mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etsə də, 2024-cü ilin yanvar ayına kimi evdən çıxma imkanının olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdehlər iddiaçının ailə üzvləri deyildir və onların həmin evdə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdehlər isə iddiaçının ailə üzvləri deyil və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar