Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4618/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və sonuncu əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və sonuncu əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 01-12/22A nömrəli əmrinin ləğv edilməsi və sonuncu əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə cavabdeh "xxxx" MMC-də ambardar vəziəsinə təyin olunmuş, işlədiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rəhbərliyin və kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Cavabdehlə bir il müddətinə yəni xx.xx.2022-ci itarixə kimi əmək müqaviləsi imzalanmışdır. Heç bir əsaslı səbəb olmadan, heç bir günahı olmadığı halda cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Bundan sonra dəfələrlə işlə əlaqədar aidiyyətı üzrə müraciətlər etsə də, onu işlə təmin etməmişlər. Buna əsas səbəb isə cavabdeh tərəfindən qanunsuz olaraq barəsində yazılmış Əmək Məcəlləsinin 70 ç maddəsi olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq iki dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə və aidiyyatı üzrə Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh "xxxx" MMC-yə müraciət edərək, ona qarşı tətbiq olunmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “c” bəndlərinin ləğv edilməsini xahiş etmiş, eyni zamanda, bu maddələrlə işdən çıxarıldığına görə işə düzələ bilmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirmişdir. Həmin maddələr ləğv edildiyi və işdən öz xahişi ilə azad olunması barədə ərizə ilə əvəz edildiyi halda, “sonuncu əmək haqqının ödənilməsi” tələbindən imtina edəcəkdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən o, "xxxx" MMC-də anbardar vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli "işçinin tam maddi məsuliyyət daşıması barədə" müqavilənin (ilkin əmək müqaviləsi 2021-ci ilin avqust ayında bağlanmışdır) 2.4-cü bəndinə əsasən işçi əmlakdan təyinatına uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə onun təqsiri ucbatından məhv olması və pisləşməsi (işçinin əmlakdan istifadəsi nəticəsində onun müvafiq aşınma normaları nəzərə alınmaqla dəyişməsi və ya normal köhnəlməsi (amortizasiya) halları istisna olmaqla) riskinin aradan qaldırılmasını təmin etmək, ona etibar edilmiş əmlakı mühafizə etmək, eyni zamanda Cəmiyyətə hər hansı səbəbə görə ziyan vurmamaq kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin işçi müqavilə üzrə öhdəliklərini pozaraq öz əmək funksiyalarını lazımi şəkildə icra etməmiş və bu səbəbdən Cəmiyyətə maddi ziyan vurmuşdur. Belə ki, təlimata əsasən İddiaçı malları Şirvan RMX-ya təhvil verməli idi. Lakin Şirvan RMX-dan daxil olmuş müraciətdə malın onlara çatdırılmadığı qeyd olunmuşdur. İddiaçı və digər işçilər tərəfindən Şirvan RMX-ya təhvil verilən malların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə komissiya yaradılmış, anbarda olan faktiki mal-material qalıqlarının araşdırılması zamanı məlum olmuşdur ki, Sysmex cihazlarının qurulumu layihəsinin 3-cü fazası üzrə reaktivlər müvafiq tibb müəssisələrinə daşman zaman anbardan məxaric aktı ilə çıxarılan 1 qutu Fluorocell WDF 2x42 ml məhsulu anbardarlar (iddiaçı da daxil olmaqla) tərəfindən Şirvan RMX-yə təhvil verilməmişdir. Bu fakt komissiyanın 04/22 saylı xx.xx.2022-ci il tarixli aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı və digər işçilərin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə dəymiş ziyan 669 manat məbləğində dəyərləndirilmiş və "işçinin tam maddi məsuliyyət daşıması barədə" müqaviləyə və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ödəniləcək əmək haqqından 223 manat cərimənin tutulması qərara alınmışdır. Öz təqsirli hərəkətləri ilə maddi ziyan vurmasına baxmayaraq, İddiaçı 04/22 saylı xx.xx.2022-ci il tarixli akta imza çəkməkdən imtina etmiş, imtinasının əsasını bildirməmiş və müəssisənin direktor müşaviri ilə qeyri-etik formada danışmışdır. Bu fakt 06/22 saylı xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçının öz əmək funksiyasını düzgün şəkildə icra etməməsi, bu səbəbdən işəgötürənə maddi ziyan vurması və müəssisənin direktor müşaviri ilə qeyri-etik formada danışması kimi hallar nəzərə alınaraq onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddətini ötürdüyü üçün iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xitam bildirişi barədə məlumatdan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı 2 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Sadalananları nəzərə alaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək göstərmişdir ki, xx.xx.2022-ci il ildə işdə olduğu zaman mühasib Rabiyə xanım hər üç ambardarı xidməti iş otağına dəfət edərək 1 qutu Fluorcell WDF 2x42 ml olan məhsulun itməsi və bu məhsulun imtəsində birbaşa günahın onda olması barədə aktı imzalamağı təlb etmiş, özünü günahkar hesab etmədiyi üçün aktı imzalamamışdır. Həmin gün direktorun müşaviri Nigar xanım onları yenidən öz xidməti iş otağına dəfət edərək aktı hansı səbəbdən imzalamadığını soruşmuş, izahat verərək bildirmişdir ki, həmin məhsulun itməsində heç bir günahı yoxdur. 2022-ci ilin fevral ayında itən məhsulla bərabər bir neçə mal digər müəssələrə qarışıq düşərək paylanmışdır. Halbuki, məhsulların müəssələrə təhvil verilməsində ümumiyyətlə iştirak etməmişdir. Mallar müəssələrə təhvil verilən zaman qarışıqlıq düşüb. Onun vəzifəsi həmin məhsulu ambardan məxaric etməkdir və öz vəzifəsini yerinə yetirərək həmin məhsulu ambardan məxaric edərək müəssisəyə aparan ambardar İdrisə və sürücüyə təhvil vermiş, aralarında məxaric aktı imzalanmışdır. (Məxaric aktının tələb edilməsini məhkəmədən xahiş edir) İtən məhsul Şirvan RMX-na təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Həmin məhsulun təhvil verilməməsində isə o günahkar deyil. Faktiki olaraq həmin məhsulu Şirvan MRX-na o təhvil verməli deyil. Xüsusi ilə qeyd edir ki, direktor müşaviri ilə qeyrietik danışmamış, əksinə direktor onun ünvanına qeyri-etik formada danışmışdır. İşdən çıxarılmasını 23.05.2ü22-ci ildə bilmiş və dərhal DƏM-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra Mediasiya Şurasina müraciət etməklə müddəti ötürməmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, tələbi "işə bərpa edilməsi və əmək haqqının ödənilməsi" deyil, "əmrin ləğv edilməsi, sonuncu əmək haqqının ödənilməsi” tələbidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məznuna uyğun izahat vermiş, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, işəgötürən "xxxx" MMC-nin direktoru X10 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı birinci 3 ayı sınaq müddəti hesab edilməklə, Cəmiyyətdə anbardar vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X10 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli "işçinin tam maddi məsuliyyət daşıması barədə" müqavilənin surətindən görünür ki, işçi əmlakdan təyinatına uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə onun təqsiri ucbatından məhv olması və pisləşməsi (işçinin əmlakdan istifadəsi nəticəsində onun müvafiq aşınma normaları nəzərə alınmaqla dəyişməsi və ya normal köhnəlməsi (amortizasiya) halları istisna olmaqla) riskinin aradan qaldırılmasını təmin etmək, ona etibar edilmiş əmlakı mühafizə etmək, eyni zamanda Cəmiyyətə hər hansı səbəbə görə ziyan vurmamaq kimi öhdəlikləri öz üzərinə götürmüşdür. (bənd:2.4) İş materiallarında olan "xxxx" MMC-nin direktorunun 01-04/22K saylı xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, sədr- direktor müşaviri Mehdizadə Nigar, üzvləri- aparıcı mütəxəssismühasib İsmayılova Rabiyyə, baş anbardar Abdullayev Nüsrət, anbardar Cəfərzadə İdris, Anbardar İddiaçı və sürücü Camalov Sakitdən ibarət tərkibdə komissiya yaradılması, MMC-nin anbarlarında olan faktiki mal-material qalıqlarının siyahısının müəyyən edilməsi və qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsi əmr edilmişdir. İş materiallarında olan Komissiya sədri Mehdizadə Nigar, üzvləri İsmayılova Rabiyyə, Abdullayev Nüsrət və Cəfərzadə İdris tərəfindən tərtib edilərək, imzalanmış 04/22 saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Sysmex cihazlarının qurulumu lahiyəsinin 3-cü fazası üzrə reaktivlər müvafiq tibb müəssisələrinə daşınan zaman müəssisənin anbarından məxaric aktı ilə çıxarılan 1 qutu Fluorocell WDF 2x42ml məhsulu anbardarlar tərəfindən Şirvan RMX-ya təhvil verilməmişdir. Kimissiya üzvü İddiaçı aktı imzalamamışdır. İş materiallarında olan Komissiya sədri Mehdizadə Nigar, üzvləri İsmayılova Rabiyyə, Abdullayev Coşqun və Cəfərzadə İdris tərəfindən tərtib edilərək, imzalanmış 06/22 saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, müəssisənin anbardarları İddiaçı və Abdullayev Nüsrət 04/22 saylı xx.xx.2022-ci il tarixli akta imza çəkməkdən imtina etmiş və bununla bağlı heç bir əsas səbəb bildirməmişlər. Eyni zamanda İddiaçı müəssisənin direktor müşaviri Nigar Mehdizadə ilə qeyri-etik formada danışaraqq AR ƏM-nin 72 c) saylı maddəsini kobud şəkildə pozmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X6 xx.xx.2022-ci il tarixli 01-02/22C nömrəli əmrinin surətindən görünür ki, MMC-nin baş anbardarı X1, anbardarlar İddiaçı və X3 vəzifə öhdəliklərini düzgün yerinə yetirməmələri, rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün icra etməməmələri ilə bağlı tərtib olunmuş, 04/22 saylı xx.xx.2022-ci il tarixli akta əsasən cəmiyyətə dəymiş 669 manat məbləğində ziyan ilə əlaqədar olaraq, işçi ilə bağlanmış xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət daşıması barədə müqaviləyə əsasən X2 ödəniləcək əmək haqqından 223 AZN, xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət daşıması barədə müqaviləyə əsasən X4 ödəniləcək əmək haqqından 223 AZN və xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət daşıması barədə müqaviləyə əsasən İddiaçı ödəniləcək əmək haqqından 223 AZN məbləğində cərimə tətbiq olunaraq tutulması əmr edilmiş, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ciddi tədbirlər görüləcəyi işçilərin nəzərinə çatdırılmışdır. İş materiallarında olan Xitam barədə məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 01-12/22A nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə iddiaçının müraciətinə baxılmış, araşdırma zamanı MMC-nin rəhbərliyinə **********7 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla müraciət oiunaraq iddiaçıya aid sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması cəmiyyətin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Məlumat üçün bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan mediator X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, hazırki mübahisə üzrə İddiaçı Bakı 3 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmiş, xx.xx.2022-ci tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, ləğv olunması və sonuncu əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin e) bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 62-ci maddəsinin 4-cü bəndinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.. Həmin Məcəllənin 186-cı maddəsinin ç) bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Həmin Məcəllənin 175-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; İddiaçı cavabdeh işəgötürən "xxxx" MMC tərəfindən qanunsuz tutduğu vəzifədən azad olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla onun, MMC-yə maddi ziyan vurulması ilə nəticələnmiş pozuntuya yol verməsi, bununla da, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə əmək vəzifələrini kobud şəkildə pozması təsdiq edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə. “X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.” Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2022-ci il tarixli 01- 12/22A nömrəli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. Lakin, iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixində, yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və sonuncu əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4618/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4618/2022
06.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver