Məhkəmə qərarları › İş №2(004)-4645/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4645/2025

12.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4645/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən Lənkəran rayonu üzrə Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işinə qəbul edilmişdir. Heç bir səbəb göstərilmədən 1-ci dəfə xx.xx.2025-ci il tarixdə, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə işdən çıxarılmışdır. xx.xx.2020-ci il tarixli əmək müqaviləsi 1 ay 1 gün müddətinə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, təkrarən xx.xx.2025-ci il tarixdə eyni işə 1 ay 1 gün müddətinə müddətli əmək müqaviləsi əsasında qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə yenidən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri X1 və X4 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına İşçi İddiaçı ilə İşəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqavilələri və əmək müqavilələri bildirişləri əlavə edilmişdir. Əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 01 ay 01 gün müddətinə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İşçi İddiaçı xx.xx.2025-ci il tarixdə eyni işə 01 ay 01 gün müddətinə müddətli əmək müqaviləsi əsasında qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Xidmət üçün müraciətlə bağlı bildirişə əsasən müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərməklə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisə üzrə mediasiya prosedurasına əməl olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Maddə 8. 3-cü hissə. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Maddə 42. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. 1-ci hissə. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 01 ay 01 gün müddətinə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İşçi İddiaçı xx.xx.2025-ci il tarixdə eyni işə 01 ay 01 gün müddətinə müddətli əmək müqaviləsi əsasında qəbul edilmişdir. Xidmət üçün müraciətlə bağlı bildirişə əsasən, işəgötürən Cavabdeh MMC işçi İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərməklə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmişdir. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 01 ay 01 gün ay müddətə nəzərdə tutulmuş, 01 ay 01 gün aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2025-ci ilin iyun ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilməsi və 3 gün sonra eyni şərtli əmək münasibətlərinin yenidən rəsmiləşdirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, belə təəssürat yarana bilər ki, işəgötürən 5 illik fasiləsiz əmək münasibətlərinin qarşısının alınması üçün sözügedən formal əmrləri qəbul etmiş, fasilə yaratmağa çalışmış, lakin, iddiaçının deməsinə görə o, həmin əmrdən məlumatlı olmamış, həmin 3 gün ərzində işçi kimi faktiki olaraq əmək münasibətlərinin icrasını davam etdirmişdir. Məhkəmə izah edir ki, əgər həmin hal baş vermişdirsə, bu tipli formal əmrlərin qəbul edilməsi əmək qanunvericiliyinin qarşısına qoyduğu məqsədlərə uyğun deyildir, əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır, pərdələnmiş məqsədlərə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 60 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar