Məhkəmə qərarları › İş №2(004)-465/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-465/2025

08.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-465/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasının təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi mülkiyyət hüququ ona məxsus olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrində qeydiyyatdan keçmiş xx.xx.2012-ci il tarixli seriya MA, ******* “çıxarış”la ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 2012-ci ilin sentyabr ayında X4 ilə ailə həyatı qurmuşdur və o həmin mənzilə qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. X4 2020-ci ilin mart ayından etibarən həmin mənzildə yaşamır. Bu səbəbdən o, mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Onunla Cavabdeh arasında mənzildən istifadəyə görə heç bir razılaşma yoxdur. Bu səbəbdən Cavabdeh ilə ailə münasibətlərinə xitam verildiyindən onun ona məxsus olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı, X4, X3 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

9. "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Yasamal rayonu, İnşaatçılar pr. ev 31, mənzil 24-də qeydiyyatda olan X4 2020-ci ildən həmin ünvanda yaşamır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən X4 və İddiaçı arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 1294 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladı – xx.xx.2013-cü il təvəllüdlü X5 anası X1 yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir.

11. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

19. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X5 anası X1 yanında qalması və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020ci il tarixdən başlayaraq İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı, cavabdehlə onun arasında nikah pozulmasına, cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin İddiaçı və Cavabdeh rəsmi nikaha daxil olmasından daha əvvəl iddiaçının mülkiyyətinə keçdiyinə istinad edərək, Cavabdeh həmin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh xx.xx.2012cü il tarixdə nikaha daxil olmuşlar, mənzil isə xx.xx.2012-ci il tarixdə, yəni tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl iddiaçının mülkiyyətinə keçmişdir. Ona görə də, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. (§ 11, 12)

23. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

24. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdeh iddiaçının ailə üzvləri tərkibinə daxildir.

25. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, artıq cavabdeh iddiaçının ailə üzvü olmadığından, onlar arasında nikah pozulduğu andan mənzildən istifadə hüququ itirilmişdir.

26. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin normanın məzmunundan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulduqda, Cavabdeh həmin mübahisəli mənzilə istifadə hüququna da xitam verilmişdir. Belə ki, tərəflər arasında nikah 2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır.

27. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

28. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia ərizəsində tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 99,60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar