Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4671/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya 26100 ABŞ dolları məbləğdə zərərin manatla məzənnəyə uyğun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
5. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3dur.
6. “Elektron məhkəmə” informasiya sistemindən iş üzrə cavabdehlər barəsində şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, dalan 4 küçəsi, ev 3, Cavabdeh1 Şəki rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 145/24, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
7. Bundan əlavə, iddia ərizəsində Cavabdeh3 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə də Cavabdeh3 barəsində qeydiyyat məlumatlarının əldə edilməsi mümkün olmamışdır.
8. Halbu ki, MPM-in 149-cu maddəsinə əsasən, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir.
9. Bu ilk növbədə işin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə xidmət edir.
10. Göründüyü kimi, cavabdehlərdən heç birinin rəsmi qeydə alındığı yer Bakı şəhəri Yasamal rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
11. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə geri qaytarılmalıdır.
12. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 225 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə