Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4689/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən uşaqlarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın və ona edilən əlavələrin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, iddiaçı Cavabdeh ilə 2009-cu ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli “778“ nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birgə nikahdan dörd uşaqları olmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da, son vaxtlar ailə münasibətləri pozulmuş və iddiaçının müraciəti əsasında Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş avladları cavabdehin, yəni ananın yanında qalmış və hər uşağın saxlanılması üçün, hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 772 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Onu da qeyd edi ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 1, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kodastrı və Reyestri Publik Hüqiqi Şəxsi tərəfindən ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bidirir ki, həmin mənzil iddiaçıya mərhum atasından vərəsəlik yolu ilə keçmişdir. Göstərilən mübahisəli mənzilin ½ hissəsinə pay hüququ qardaşına, qalan ½ hissəsinə isə pay hüququ iddiaçıya məxsusdur. Qardaşı mülkiyyət hüququ haqqında çıxarışın tam olaraq onun adına verilməsinə etiraz etməmiş, lakin daşınmaz əmlakın satılaraq yarı bölünməsi aralarında razılaşdırılmışdır. Bu səbəbdən də mənzili satmaq məcburiyyətində qalmışdır, çünki, qardaşına düşən payın pulunu ona verməlidir, lakin mənzilin satılmasına cavabdeh razılıq vermir, iddiaçının da qardaşına düşən payın pulunu vermək üçün vəsaiti yoxdur. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdeh keçmiş ailə üzvü olsa da onun həmin mənzilə istifadə hüququ yoxdur və o, mübahisəli mənzildən çıxarılmalıdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehə mübahisəli mənzili satdıqdan sonra əldə olunan vəsaitdən ona və uşaqlarına şəhərin istənilən yerindən ən azı 3 otaqlı mənzil alacağını dəfələrlə bildirsə də, cavabdeh buna razılaşmamış, sadəcə olaraq mənzilin satılmasına heç bir əsas göstərmədən razılıq verməmişdir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğundan bu hüququndan sui-istifadə etməklə mənzilin satılmasına razılıq vermir və nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Əlavə olaraq bildirir ki, tərəflər 2009-cu ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar və bir gün sonra yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Hazırkı mübahisə Mənzil Məcəlləsi ilə deyil, Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Mənzil Məcəlləsi hazırkı münasibətlərə tətbiq edilə bilməz. Bu barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı vardır. Cavabdeh həmin mənzilə razılıqla köçmüşdür. Ailə münasibətlərinə xitam verilməsi yaşayış sahəsindən istifadə edilməsinə xitam verilməsinə səbəb olmur. Hesab edir ki, cavabdehin istifadə hüququ vardır. İddia əsassızdır, cavabdehiin yaşayış sahəsindən çıxarılması yolverilməzdir. 48 m2 mənzil isə ümumiyyətlə mövcud deyildir. Həmin evin yerində ikimərtəbəli ev tikilmişdir. Suala cavab olaraq bildirir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməlidir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********51 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzil xx.xx.1995-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri oğlu X17, arvadı X5 və oğlu İddiaçı müəyyən edilmiş və onlar hər biri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən ibarət olan miras əmlakdan 1/3 hissədə irs almışlar. İş materiallarında olan birinci tərəfdən X5 və X17 ilə ikinci tərəfdən İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli miras payının bağışlanması müqaviləsinin surətinə əsasən X5 və X17 xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən onlara çatası payları İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah pozulmuş, birgə niakahdan olan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan mənzil iddiaçının atası X3 mülkiyyətində olmuşdur. Mülkiyyətçisi xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra mübahisə predmeti olan mənzilin 1/3 hissəsi iddiaçıya vərəsəlik qaydasında, qalan 2/3 hissəsi isə bağışlama müqaviləsi əsasında keçmişdir və hazırda tam paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır, onlar arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah xx.xx.2022-ci il tarixdə pozulmuş, birgə nikahdan olan uşaqların ananın yanında qalmaları müəyyən edilmişdir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan mənzildə uşaqları ilə birlikdə yaşayır. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olan mənzildən uşaqlarla birlikdə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı etiraz verərək təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə ailə qurmuşdur. Həmin dövrdə mübahisə predmeti olan mənzil iddiaçının atasının mülkiyyətində olmuşdur. Cavabdeh gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, xx.xx.2009-cu il tarixdə mübahisə predmeti olan mənzilə gəlin gəlsə də, bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, Cavabdeh mərhum X3 ailə üzvü deyildir. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Göründüyü kimi mübahisəli ev Cavabdeh qayınatasına məxsus olmuşdur və sonuncu ilə Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. O, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Daha sonra mənzilin mülkiyyətçisi dəyişmişdir. Belə ki, mənzilin mülkiyyətçisi X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və mənzil xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi 2021-ci ildə vəfat edəndən sonra mənzilin mülkiyyətçisi dəyişdiyindən və cavabdeh sözügedən mənzildə yaşağa davam etdiyindən artıq mülkiyyətçi dəyişən zaman qüvvədə olan - 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2022-ci il tarixdə ləğv olunduğundan və onlar arasında başqa razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə niakahdan olan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan olan 4 azyaşlı uşaqların cavabdehin himayəsində olmasını cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə alaraq hesab edir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1(bir) il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 (bir) il müddətinə saxlanılmalı, müəyyən edilmiş 1 (bir) illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 (bir) il müddətinə saxlanılsın. Müəyyən edilmiş 1 (bir) illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılasın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4689/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4689/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver