Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-469/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 51 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17 m2 olan iki otaqlı mənzil 10.000 manata cavabdehə satılmışdır. Müqavilə hazır olduqdan sonra cavabdeh 3.000 manat pulun çatışmadığını, bir il ərzində ödəyəcəyini bildirmiş və ona bir il möhlət verilməsini xahiş etmişdir. Tərəflər qohum olduqlarına görə razılaşmış, cavabdehin 3.000 manat borcunun olması barədə öz əli ilə yazdığı və imzaladığı qəbzə əsasən ona bir il möhlət verilmişdir. Lakin bir il müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində ümumiyyətlə heç bir hərəkət edilməmişdir. Daha sonra o, xx.xx.2022-ci il tarixdə kreditor X8 ilə tələbin güzəşti barədə müqavilə bağlamış və həmin müqaviləyə əsasən Namiq Qəribov Cavabdeh qarşı 3.000 manat məbləğində borcun tələb edilməsi ilə bağlı hüquqlarını iddiaçıya güzəşt etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etirazını məhkəməyə təqdim edərək iddiaçı tərəfindən verilmiş iddia tələbinə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 2(004)- 6187/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Namiq Qəribovla nikahda olmuş və hazırda onlar boşanmışlar. Cavabdeh isə onun keçmiş ərinin bacısı oğludur. Cavabdehlə onun dayısı Namiq Qəribov arasında xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində ünvan 2 ünvanında yerləşən 0,0197 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 240,9 kv.m olan fərdi yaşayış evinin alqısatqı müqaviləsi bağlanmışdır. Alğı-satqı zamanı cavabdeh razılaşdırılmış pulun hamısını ödəməmiş və yaranmış 3.000 manat borcu sonra ödəyəcəyini vəd etmişdir. Namiq Qəribov ixtisasca hüquqşünas olduğuna görə cavabdeh ona 3.000 manat borcunun olmasına dair əlyazma yazaraq qəbz vermişdir. Lakin sonra da ödəməmişdir. Qəbz notariat ofisində verilsə də, notarial qaydada təsdiqlənməmişdir. Daha sonra Namiq Qəribov bir il öncə pul tələbi ilə bağlı iddia ərizəsiylə məhkəməyə müraciət etmiş, lakin sonradan qohumluq əlaqələrinə görə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən 3.000 manat pul ona çatmalı idi. O, Namiq Qəribovdan ona çatmalı pulunu tələb etmiş sonuncu isə cavabdehə qarşı olan tələbini ona güzəşt etmişdir. Buna görə də onlar arasında xx.xx.2022-ci il tarixli tələbin güzəşt edilməsi haqqında müqavilə bağlanmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Verilmiş suallara əsasən iddiaçı əlavə olaraq bildirmişdir ki, alğı-satqı müqaviləsində evin dəyəri olaraq göstərilmiş 10.000 manat pulun notariat ofisinin depozit hesabına köçürülməsini təsdiq edir, lakin 3.000 manat məbləğində borc alğı-satqı günü əlavə olaraq verilməli idi. Yəni 3.000 manat, 10.000 manatdan əlavə olaraq yaranmışdır. Lakin bu pulu cavabdehin dayısı Namiq Qəribov ödəmişdir. Borcun olmasına dair qəbzi isə cavabdeh öz əli yazıb verib. Hətta cavabdeh söz vermişdir ki, borcunu iki ay ərzində qaytaracaqdır. Alğı-satqı zamanı o, özü də notariat ofisində olmuşdur. Səhv etmirsə dayısı ilə cavabdeh arasında problemlər olub, evin əlavə kanalizasiya və s ödənişləri ilə bağlı borc olub. Lakin bununla bağlı dəqiq məlumatı yoxdur. O, yalnız ona çatmalı olan 3000 manatını tələb edir. Alğı-satqının predmeti olan evi pula ehtiyacları olduqları üçün satmışlar. O, borcun alğı-satqının rəsmiləşdirildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə yaranmasına baxmayaraq, cavabdeh tərəfindən imzalanmış qəbzin tərtib edildiyi tarixin “xx.xx.2020-ci il” kimi göstərilməsini hesab edir ki, səhv olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, dayısı Namiq Qəribov fərdi yaşayış evini alğı-satqı müqaviləsinə əsasən ona 10.000 manata satmışdır. Müqavilənin özündə də əmlakın dəyəri 10.000 manat müəyyən edilmişdir, hansı ki, o, həmin məbləği tam şəkildə notariusun depozit hesabına köçürmüşdür. Ödənişə dair bankın qəbzini isə məhkəməyə təqdim etmişdir. İddia tələbi əsassızdır. Ona görə ki, o, notariat ofisinə gedən zaman 3.000 manat pulu əskik olmuşdur. Bu səbəbdən qəbzə 3.000 manat borunun olmasına dair qəbzə imza etmişdir. Qəbzi dayısı Namiq özündə saxlamışdır. Lakin sonradan o, notariat ofisində qarşı tərəfin narazılıqlarını görüb qalan 3.000 manatı kənardan borc alıb evin dəyəri olan 10.000 manat pulu banka tam şəkildə ödəmişdir. Namiq Qəribov onun dayısı olduğundan və qohumluq əlaqələrinə görə ona etibar etdiyindən imzaladığı qəbzi ondan geri almamışdır. Bir müddət sonra həmin fərdi yaşayış evi plana düşən evlərin siyahısına düşdüyündən, dayısı Namiq Qəribov, iddiaçı və onların ailə üzvlərinin evdə qeydiyyatda qalması onun hüquqlarına toxunduğundan sonuncular isə onun təklifinə baxmayaraq qeydiyyatdan çıxmaqdan imtina etdiklərinə görə aidiyyəti orqanlara müraciət edərək onları qeydiyyatdan çıxartmışdır. Bu hal isə onların narazılığına səbəb olduğundan hazırki tələblər bağlı ona qarşı məhkəməyə müraciət etmişlər. İddiaçı özü də qeyd edir ki, qəbzdə yazılan borc məbləği evin qiymətinin çatışmayan hissəsinə görə yaranıb, hansı ki, o, evin qiymətini tam şəkildə bank vasitəsilə notariat ofisinin depozit hesabına ödəyibdir. Hazırda iddiaçıya heç bir borcu qalmayıbdır. İddiaçı onun 3.000 manat borcu olduğunu əsaslandıra bilmir. Əgər həmin vaxt 10.000 manat ödənilməsə idi, notarius alğı-satqı müqaviləsini təsdiq etməzdi. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı qismində X8 ilə alıcı qismində Cavabdeh arasında 14 saylı Notariat ofisində bağlanmış (notarius X5) AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus ½ hissədən payını 10.000 (on min) manat müqabilində alıcıya satmışdır. Həmçinin müqavilə üzrə X8 xx.xx.2021-ci il tarixədək fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı 14 saylı Notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, birgə nikah dövründə əldə edilmiş Yasamal rayonu, A.Ağayev küçəsi, ev 62 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə əri X6 məxsus hissəsinin satılmasına etiraz etmir. Həmçinin o, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış evini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən alğı-satqı müqaviləsinin dəyəri olan 10.000 (on min) manat məbləğində pul "xxxx" ASC vasitəsilə notarius X2 hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli əlyazma formasında olan qəbzin məzmunundan müəyyən edilir ki, qəbzdə Cavabdeh X3 3.000 manat məbləğində borc aldığı və xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Həmçinin qəbzin tərtib edilmə tarixi “xx.xx.2020” kimi qeyd edilmişdir. İş materiallarında olan X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələb hüququnun güzəşt olunması barədə müqaviləyə əsasən müəyyən edilir ki, X1 Kamran Mütəlib oğluna qarşı 3000 (üç min) manat “pul” tələb etmək hüququnu İddiaçı güzəşt etmişdir. Beləliklə, işin mübahisəsiz halı odur ki, X8 İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Yasamal rayonu, A.Ağayev küçəsi, ev 62 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan ½ hissəsini 10.000 manata Cavabdeh Mütəli oğluna xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən satmışdır. Daha sonra Namiq Qəribov xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşı tələb hüququnu İddiaçı güzəşt etmişdir. İşin mübahisəli halı odur ki, iddiaçı əmlakın dəyərinin tam ödənilmədiyini, cavabdehin evin dəyərinin ödənilməmiş hissəsinə görə 3.000 (üç min) manat borcunun qaldığını iddia edir və bununla bağlı olaraq cavabdehin imzaladığı sadə yazılı qəbzə sübut olaraq istinad edir. Hazırda iddiaçı cavabdehdən 3000 manat məbləğində pul tələb edir. Cavabdeh isə əmlakın dəyərini tam ödədiyini və borcu olmadığını bildirir. Sübut olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli mədaxil orderinə istinad edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin olması müəyyən edilmir. Lakin iddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 3.000 manat məbləğində borcu qaldığını bildirsə də, notarial qaydada bağlanmış həmin müqaviləyə əsasən əmlakın dəyəri 10.000 manat məbləğində müəyyən edilmiş və eyni tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 10.000 manat məbləğində pul vəsaiti alğı satqı müqaviləsini rəsmiləşdirərək təsdiqləyən 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli mədaxil orderinə 10.000 (on min) manat pul vəsaitinin notariusun depozit hesabına köçürülməsi tam təsdiq olunur. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı özü də izahatında 10.000 (on min) manat pul vəsaitinin tam şəkildə ödənilməsini təsdiq etmişdır. İddiaçı izahatında 3000 manat borcun depozit hesabına köçürülən vəsaitdən əlavə olaraq yaranmasını iddia etməsinə və əmlakın müəyyən edilmiş dəyərinin tam ödənilmədiyini bildirməsinə baxmayaraq bunu dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin iddiaçının borcun mövcudluğuna dair sübut olaraq istinad etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbzə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halı ilə təsdiq olunur ki, evin alqı-satqısı xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Lakin qəbzin tərtib edildiyi tarix “xx.xx.2020-ci il” kimi göstərilmişdir. Hətta qəbzin məzmunundan müəyyən edilir ki, qəbzin tərtib edilməsinə əsas olan borc xx.xx.2021-ci il tarixdə qaytarılmalıdır. Alğı-satqı müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Belə olan halda, istinad edilən borc ehtimal edilir ki, evin alqı-satqısından bir il öncə yarana bilərdi. Bu halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci ildə bağlanacaq müqavilə üzrə yaranmış borca görə bir il əvvəl, yəni xx.xx.2020-ci il tarixdə cavabdehin qəbz imzalaması inandırıcı deyildir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli qəbzdə Cavabdeh Qəribov Namiqdən borc aldığını bildirsə də, həmin borcun qeyd olunan alğı-satqı müqaviləsi və ya əmlakla əlaqədar olması barədə məlumat qeyd edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, qəbz mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi borcun tutulması hissədə təmin edilmədiyindən, məhkəmə xərcləri də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 3.000 (üç min) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 (əlli bir) manat və müvəqqəti təminat tədbirinin verilməsinə görə ödənilmiş 11 (on bir) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-469/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver