Məhkəmə qərarları › İş №2(004)-471/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-471/2025

08.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-471/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X4” X6rşı “ödənilməmiş məzuniyyət pulunun və son haqqhesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X4” X6rşı “ödənilməmiş məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdeh “X4” X6rşı “ödənilməmiş məzuniyyət pulunun və son haqqhesabın ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Əmək və Məşğulluq Mərkəzində işlədiyi 3 il 5 aya görə istifadə etmədiyi ödənilməmiş məzuniyyət pulunun və son haqq hesabının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Kürdəmir Rayon Əmək və Məşğulluq Mərkəzində cavabdehlə bağlanmış əmək müqaviləsinə əsasən gözətçi vəzifəsində işləmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək qüvvədə olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarəetmə sistemində edilmiş dəyişikliyə görə Kürdəmir Rayon Əmək və Məşğulluq Mərkəzi ləğv olunmuş və əvəzində Regional X4 yaradılmış və buna görə onun əmək müqaviləsinə vaxtından əvvəl, yəni 30 iyun 2020-ci il tarixdə xitam verilmişdir. Bundan sonra o yeni iş verilməsi barədə müraciətləri nəticəsiz qaldı və o, xx.xx.2020-ci il tarixdə infakt keçirdi və bu hal sonradan ikinci dəfə də baş verdi və ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olundu. Hazırda bu xəstəlikdən daima müalicə alır. Həmçinin bundan sonra şəkər xəstəliyinə tutulmuşdur və bu xəstəliyə görə gündəlik müalicə alır. Bundan sonra 2021-ci ilin fevral ayına kimi işdən qeyri-qanuni azad olunmağı və yeni işlə təmin olunmağı barədə ardıcıl prezidentə və ƏƏSMN-ə müraciətlərindən sonra “Dost” Mərkəzində fəhlə işi ilə təmin olunmuşdur. İşdən azad olunarkən ona istifadə etmədiyi məzuniyyətlərə görə və son haqq-hesab verilməmişdir. Bu hal ona 2024-cü ilin iyul ayında bəlli oldu və bununla əlaqədar Azərbycan Respublikasə ƏƏSMN tabeliyində X3 müraciət etdi. Müraciətinə onlar tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 41181/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, ona ödənilməmiş məzuniyyətlə bağlı hər hansı ödənişin, həmçinin son haqqhesab ödənişinin icrası ilə bağlı heç bir sənəd aşkar olunmamış və bu barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bundan sonra bu məsələnin məhkəmədən kənar həll olunması ilə əlaqədar tərəfindən mediasiya şurasına müraciət etdi və cavabdeh mediasiya prosesinə gəlmədiyinə görə Bakı 8 saylı Mediasiya Təşkilatının “İlkin Müdiasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı ona təqdim olundu. Bundan sonra o, məhkəməyə müraciət etməyə qərar verdi. Bu təşkilatda gözətçi işlədiyi 3 il 5 ay ərzində məzuniyyətə çıxmamışdır, həmin müddətdə hər gün işdə olmaqla, vəzifəsini icra etmişdir.

3. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Qarşı tərəfin müqavilənin xitam verilməsindən 4 il sonra müraciət etməsi Əmək Məcəlləsinin normalarının pozulması ilə nəticələnir. 4 il müddət böyük müddətdir və qarşı tərəf 4 il boyunca xəstə olması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı iddia müddətinin tətbiqinə dair olan tələbləri ötürdüyü üçün iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-2/2-M- 4181/2024 nömrəli məktuba əsasən müəyyən edilir ki, iddiaçı 1 fevral 2017-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək Kürdəmir Rayon Əmək və Məşğulluq Mərkəzində gözətçi vəzifəsinə təyin edilmiş, 29 iyun 2020-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin dövrü əhatə edən maliyyə sənədləri X1 və Təyinat filialının arxivində araşdırılmışdır. Ona ödənilmiş məzuniyyətlə bağlı hər hansı ödənişin, həmçinin son haqq-hesab ödənişinin icrası ilə bağlı bir sənəd aşkar olunmamışdır.

8. “Mediland” Hospital tərəfindən təqdim olunmuş epikrizə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda olmuşdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilllik (insulindən asılı şəkərli diabet, insulindən asılı şəkərli diabet İ tip ağır forma) diaqnozu qoyulmuşdur.

10. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən müddətli əmək müqaviləsi ilə Kürdəmir rayon Məşğulluq Mərkəzində, gözətçi vəzifəsində işləmişdir. Əmək müqaviləsinin müddətinin başa çatma tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

12. Belə ki, Əmək Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

13. Həmin Məcəllənin 110-cu maddəsinin 3-cü hissəsinə əsasən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

14. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

15. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

17. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

19. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

20. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

21. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

23. İşin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli əmrinə əsasən iddiaçı işdən azad edilmişdir. İddiaçı öz iddia ərizəsində və izahatında 2017-2020ci illərdə qüvvədə olan əmək müqaviləsindən irəli gələn hüquqlarını tələb etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

24. İddia ərizəsində göstərilən xüsusatlar və iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlanmışdır.

25. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən, istifadə etmədiyi məzuniyyətlərə görə son haqq-hesabın verilməməsindən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına 20.09. 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 4 il sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı məhkəməyə 12 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməklə iddia təmin edilməməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar