Məhkəmə qərarları › İş №2(004)-4712/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4712/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4712/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yasamal-1 ünvanında yerləşən 14 nömrəli binanın 29 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yasamal-1, ev 14, 29 saylı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə iddiaçı Ş.Akifə MH seriyalı, 012982 saylı, 02 may 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsi verilibdir. Erməni işğalçılarının doğma torpaqlarımızı işğalı nəticəsində, doğma torpaqları olan Ağdam rayonundan məcburi şəkildə didərgin düşən hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhərinə pənah gətirmişlər və qeyd olunan mənzildə yaşayışın olmamasından istifadə edərək onun xəbəri olmadan mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yasamal-1, ev 14, 29 saylı mənzili zəbt edərək həmin vaxtdan bu günə kimi həmin mənzildə yaşayırlar. Buna görədə o, cavabdehlərin məhkəmə qaydasında mənzilindən çıxarılmaları üçün məhkəməyə müraciət etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1862/2015 saylı, 19 iyul 2015-ci il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair ilkin iddianın təmin edilməsi, cavabdehlərin ona qarşı “qanunsuz sənədləşmənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6425/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehlər həmin qətnamədən yenə də narazı qalaraq verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1068/2016 saylı, 17 mart 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qətnamə icra olunması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1862/2015 saylı, 09 iyul 2015-ci il tarixli icra vərəqəsi Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Hal-hazırda həmin qətnamə bu günə qədər qanunla göstərilmiş müvafiq qaydada icra olunmayıb. O, cavabdehlərin öz yurdyuvalarından didərgin düşmələrini başa düşür. Eyni zamanda qanunlarımıza da böyük hörmət və ehtiram bəsləyir. Ancaq ailə və mənzil şəraitləri olduqca acınacaqlı, darısqaldır. Cavabdehlərdə mübahisəli mənzilə köçüb mənzilindən istifadə etməyə maneçilik törədirlər. Buna görə də mülkiyyətində olan mənzilinə məhkəmə qaydasında köçürülməyim vacibdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, sözügedən mənzildə 1992-ci ildə ermənilər tərəfindən məlum hadisələr törədildiyi vaxtdan bugünədək hazırkı mülki iş üzrə cavabdehlər məskunlaşmışlar. Övladlarının böyüməsi və özünündə yaşlı olması ilə uzun illərdən sonra ehtiyyaclarını və yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə mənzili istifadəsinə almaq qərarına gəlir. Lakin cavabdehlər mülkiyyətində olan mənzildən istifadəyə ona və övladlarına imkan vermirlər. Daha sonra məhkəməyə müraciət etdi. Məhkəmə iddianı təmin etdi və qətnamə qanuni qüvvəsini aldı. Lakin həmin vaxtdan qanuni qüvvəsini almış qətnamə icra edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 012982 saylı Qeydiyyat Vəsiqəsinin təqdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 ünvanındakı 14 nömrəli yaşayış evinin 29 saylı mənzili İddiaçı mülkiyyətindədir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1862/2015 saylı, 09.07.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən məcburi çıxarılma” tələbi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz sənədləşmənin etibarsız hesab edilməsi” tələbi təmin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6425/2015 saylı, 27.10.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1862/2015 saylı, 09.07.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1068/2016 saylı, 17.03.2016-cı il tarixli qərarından görünür ki, hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6425/2015 saylı, 27.10.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilmiş izahatlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasama-1 ünvanında yerləşən 14 nömrəli binanın 29 saylı mənzili İddiaçı mülkiyyətlərindədir. Eyni zamanda iş materiallarında olan sübutlardan müəyyən olunmuşdur ki, cavabdehlərin qeyd olunan mənzildən məcburi çıxarılmasına dair qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Yasama-1 ünvanında yerləşən 14 nömrəli binanın 29 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Yasama-1 ünvanında yerləşən 14 nömrəli binanın 29 saylı mənzilinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar