Məhkəmə qərarları › İş №2(004)-4733/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4733/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4733/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs2 qarşı uşağın yanında olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs2 qarşı uşağın yanında olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 20.09.2008-cı ıl tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha daxıl olaraq ailə qurmuşdur. Birgə nikahdan 06.08.2007-ci il təvəllüdlü X2 və 13.04.2010-cu il təvəllüdlü X3 adlı iki övladı dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri korlandığından aralarındakı nikah Yasamal rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(004)-7594/2017 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan iki övladının analarının yanında qalması və onların saxlanması üçün hər ay sabit pul məbləği şəklində hər uşağa görə 136.6 manat olmaqla ümumilikdə 273.2 manat alimentin ondan Maraqlı şəxs2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalsa da verdiyi apellyasiva şikayəti Bakı Apellyasiva Məhkəməsinin 05.04.2018-ci il tarixli, 2(103)- 4016/2018 saylı qətnaməsi ilə təmin edilməmiş və Yasamal rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(004)-7594/2017 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamədə qət edilənlərə baxmayaraq övladlarından 13.04.2010-cu il təvəllüdlü X3 boşandıqları gündən bugünə kimi onun yanında yaşayır, onun bütün maddi və mənəvi tələbatlarını özü ödəyir. Anası Maraqlı şəxs2 oğlu ilə maraqlanmır, sözügedən qətnamənin icrasını istəmir, oğlu Fərid də onun yanında qalmaq istəyir və anasının yanına getmək istəmir. Bütün bunlara baxmayaraq Yasamal rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(004)-7594/2017 saylı qətnaməsi ilə oğlu Fəridin anasının yanında qalması müəyyən edildiyindən, onun müqəddəratı, təhsili və həmçinin sənəd işləri ilə əlaqədar çətinliklərlə üzləşir. Belə ki, o atası olmasına və boşandığı gündən Fəridin fasiləsiz və mübahisəsiz onun yanında olmasına baxmayaraq Maraqlı şəxs2 əsassız və qanunsuz olaraq hər ay 136.6 manat aliment ödəməyə məcbur edilir. Bundan başqa, uşağın onun yanında olması hər hansı qərarla rəsmi olmadığından onun müqəddəratını həll edə bilmir. Buna görə də, Maraqlı şəxs2 ilə birgə nikahdan doğulmuş 13.04.2010-cu il təvəllüdlü X1 onun yanında olması faktının məhkəmə qaydasında tanınması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Salahova (İsmayılova) Leyla Sahib qızı ilə birgə nikahdan doğulmuş 13.04.2010cu il təvəllüdlü X1 13.12.2017-ci il tarixdən bugünə kimi onun, yəni atası Ərizəçi yanında olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməyədiyi üçün onun barəsində ilk dəfə inzibati qaydada cərimə tətbiq edilmiş, daha sonra isə Yasamal Rayon Məhkəməsinin müvafiq hökmü çıxarılmış və altı ay müddətində azadlıqdan məhrum edilmişdir. Bildirir ki, maraqlı şəxs ilə aralarında nikah pozulan gündən 13.04.2010-cu il təvəllüdlü X3 onun himayəsində olmuş, onun birlikdə yaşamışdır. O həbs olunan zamanda uşaq babasının yanında qalmışdır. O, bu barədə dəfələrlə icra şöbəsində bildirsə də, buna məhəl qoyan olmamışdır. Uşaq hazırdada onun yanındaır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 nümayəndəsi və eyni zamanda vəkili bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(004)-7594/2017 saylı qətnaməsi ilə 06.08.2007-ci il təvəllüdlü X2 və 13.04.2010cu il təvəllüdlü X1 anaları Maraqlı şəxs2 yanında qalmaları qət edilmişdir. Həmin qətnamə hal-hazırda da qüvvədədir. Ərizəçi alimenti ödəmədiyindən 23.05.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 500 manat inzibati cərimə edilmişdir. 2020-ci ilədək alimenti yenidən ödəmədiyinə görə ərizəçi 02.10.2020-ci il tarixli hökm ilə Azərbaycan Respublikasının Cinayət Məcəllədinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Düzdür 2019-cu ildə uşaq məktəb bitdikdən sonra atasının yanına getmiş və geri qayıtmamışdır. Onlar Fəridin 2019-cu ilin iyun ayından atasının yanına getməsini danmırlar, uşağı geri qaytarmaq üçün getsələr də, 13.04.2010-cu il təvəllüdlü X3 geri qayıtmaqdan imtina etmişdir. Onlar uşağın atasının yanında qalmasına etiraz etmilər. Lakin hazırda qüvvədə olan məhkəmə qətnaməsi olduğundan məcburi qaydada icra edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş 13.04.2010-cu il təvəllüdlü X3 izahatında bildirmişdir ki, onun 12 yaşı vardır və Bərdə şəhərində yerləşən 112 saylı tam orta məktəbin 6-ci sinif şagirdidir. Artıq bir ildən çoxdur ki, hardasa 2019-ci ilin yay aylarından atasının yanındadır. Atası tutulanda da, babası ilə qalmışdır. Anası onu yanına aparmaq istəsə də, getmək istəməmişdir. Hazırda da atası ilə yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Salahova (İsmayılova) Leyla Sahib qızı 20.09.2008-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birə nikahından 06.08.2007-ci il təvəllüdlü X2 və 13.04.2010-cu il təvəllüdlü X3 adlı övladları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(004)-7594/2017 saylı qətnaməsinə əsasən Ərizəçi ilə Salahova (İsmayılova) Leyla Sahib qızı arasında 20.09.2008-ci il tarixdə Ağdam rayonu Qəvənd ərazi nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 06.08.2007-ci il təvəllüdlü X2 və 13.04.2010-cu il təvəllüdlü X1 anası Salahova (İsmayılova) Leyla Sahib qızının yanında qalması, 06.08.2007-ci il təvəllüdlü X2 və 13.04.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136.60 manat məbləğində alimentin tutularaq Salahova (İsmayılova) Leyla Sahib qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1409/2019 saylı, 23.05.2019-cu il tarixli qərarı ilə Ərizəçi AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-185 /2020 saylı, 02.10.2020-ci il tarixli hökmü ilə Ərizəçi AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda ərizəçi Salahova (İsmayılova) Leyla Sahib qızı ilə birgə nikahdan doğulmuş 13.04.2010-cu il təvəllüdlü X1 13.12.2017-ci il tarixdən bugünə kimi onun yanında olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iş materialları və eləcə də cavabdehin nümayəndəsinin etiraf edici izahatı ilə 13.04.2010-cu il təvəllüdlü X1 01 iyun 2019-cu il tarixdən (məktəb qurtardıqdan sonra 2019-cu ilin yay ayından) ərizəçi (atası) Ərizəçi yanında olması (yaşaması) müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 13.04.2010-cu il təvəllüdlü X1 01 iyun 2019-cu il tarixdən ərizəçi (atası) Ərizəçi yanında olması (yaşaması) faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 13.04.2010-cu il təvəllüdlü X1 01 iyun 2019-cu il tarixdən ərizəçi (atası) Ərizəçi yanında olması (yaşaması) faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar