Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4754/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 33.1 kv.m. mənzil iddiaçının mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 749 nömrəli reyestr kitabının 70034 nömrəli vərəqində qeydiyyata alınmış, xx xxxx 2008-ci il tarixdə qeydiyyat nömrəsi **********9 olan MH seriyalı N-0169459 saylı çıxarış verilmişdir. Cavabdeh - qardaşı Cavabdeh1 onunla qonşuluqda yaşayır. İddiaçı səhhətilə bağlı həmin mənzildə yaşamır. Cavabdehlərin həmin dövrdə yaşamağa yerləri olmadığından və iddiaçının həmin mənzilə ehtiyacı olmadığından onların mübahisəli evdə məskunlaşmalarına şərait yaratmışdır. Hal-hazırda isə iddiaçı həmin evə köçmək istəyir, lakin həmin mənzil onun şəxsi mülki olsa belə orada yaşamaq üçün yer yoxdur. Bu isə iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının uzun müddət ona məxsus mübahisəli mənzildə yaşamaması səbəbindən, eyni zamanda iddiaçıya onun valideynləri tərəfindən başqa mənzil alındığından, o, anasının təklifi ilə iddaçıya məxsus mübahisəli mənzili və özünün mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili birləşdirmiş və həyat yoldaşı digər Cavabdeh2 ilə orada yaşayır. O, iddiaçıya məxsus mənzilin bununla əlaqədar başqa şəxsə satılmasına etiraz edir və hesab edir ki, həmin mənzili almaqda üstünlük hüququ vardır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi cavabdehin izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, həmin mənzildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məskünlaşmış və hazıradək yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla və şərh olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğu, cavabdehlərin isə bu mənzildə heç bir hüquqi əsas olmadan yaşadıqları, mübahisələndirilən yaşayış sahəsinin onların qanunsuz istifadəsində və sahibliyində olduğu, bununla da iddiaçının qanunla müəyyən olunmuş hüquqları pozulduğu üçün iddia tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat və 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4754/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4754/2020
29.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver