Məhkəmə qərarları › İş №2(004)-4777/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4777/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4777/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 971,80 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16.06.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X4 17.05.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 30.06.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1571,80 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X10 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1571,80 manat məbləğindən çıxılmış, qalan 971,80 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Cavabdeh yaranmış 971,80 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 27.05.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 971,80 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Belə ki, Cavabdeh ərizə ilə 16 iyun 2021-ci ildə müraciət edərək mərhum ərinin 2021-ci ilin may ayında vəfat etdiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının ərinin vəfat etməsinə baxmayaraq ona məxsus pensiya kartına pensiya ödənişləri davam etdirilmişdir və nəticədə 1571,80 manat artıq ödəniş olması halı aşkarlanmışdır. Mərhumun bir ayın pensiyası 1059,25 manat olub, həmin məbləğ 31 günə bölünüb, may ayının 17-də vəfat etdiyindən yerdə qalan 15 gün pensiya məbləğinə vurulub, 1059 manatdan çıxılıb. Dəfn xərci çıxıldıqdan yerdə qalan 971,80 manat pul iddiaçıdan tələb edilir. Qanunvericiliyə əsasən minumum əmək haqqının 3 misli miqdarında 600 manat dəfn xərci çıxıldıqdan sonra 971,80 manat pulun geri qaytarılması iddiaçıdan tələb edilmişdir. Həmin borcun geri qaytarılması barədə iddiaçıya müraciət olunmasına baxmayaraq, hal-hazırkı günə kimi bu pul məbləği geri qaytarılmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 17.05.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DSMF-nin vətəndaşın ödəniş vəziyyətindən çıxarışından görünür ki, X5 hər ay 1059,25 manat məbləğində pensiya ödənişi edilmişdir. Sonuncu ödəniş 11.06.2020-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 38.1.-ci madəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39.4.-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin həyat yoldaşı X7 17.05.2020-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 16.06.2020-ci il tarixdə müraciət etmiş və onların bu barədə yalnız həmin zaman məlumatları olmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı tərəfindən cavabdehin həyat yoldaşının kartına hər ay 1059,25 manat məbləğində pensiya məbləği ödənilmişdir. Sonuncu ödəniş iyun ayı üçün edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 971,80 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin həyat yoldaşı X8 17.05.2020-ci il tarixdə vəfat etmişdir. Lakin onun pensiya kartına may və iyun aylarının ödənişləri edilmişdir. Ona görə də iddiaçı həmin aylar üzrə yəni, may ayı üçün 15 gün və iyun ayı üçün ödənilmiş artıq pensiya məbləğini geri tələb etməkdə haqlıdır. X8 oğlunun aylıq pensiya məbləği 1059,25 manatdır. Belə olduğu halda ona hesablanmış artıq pensiya məbləği (1059,25:31=34,17; 34,17X15 gün=512,55; 1059,25+512,55=1571,80; 1571,80-600=971,80 manat) 1571,80 manat təşkil edir. Bundan sonra əmək pensiyasının minimum məbləğinin üç misli (dəfn pulu 600 manat) çıxıldıqdan sonra (1571,80-600=971,80 manat) 971,80 manat qalan məbləğ cavabdeh tərəfindən əsassız olaraq götürülmüş məbləğ təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələb tamamilə qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 971,80 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 971,80 (doqquz yüz yetmiş bir manat səksən qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar