Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4780/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin yay aylarında Cavabdeh ona qaynı qızının evinin yanmasını və evin təmirinə təxminən 30.000 manat pul lazım olmasını, pulu verən şəxsə həmin məbləği 3 ay ərzində üstündə əlavə xeyri ilə qaytaracağını bildirmişdir. Qeyd edilən şərtlə təxminən iki ay ərzində bir neçə dəfə olmaqla Zivər Adıgözılovaya üst-üstə 50.000 manat pul vermiş, o da, vəd vermişdir ki, tezliklə həmin məbləği üstündə 10.000 manat xeyir qoymaqla qaytaracaqdır. Qeyd edilən məbləğin bir qismi yaşadığı evdə, bir qismi isə cavabdehin yaşadığı evdə və onların evinin qarşısındakı meyvə satış köşkündə verilmişdir. Pulları verən anlarda yanında anası və bibisi olmuşdur. Cavabdeh inandığı üçün aralarında heç bir qəbz imzalanması həyata keçirilməmiş, lakin sonradan Cavabdeh ilə borc barəsində danışdıqları söhbətin səs yazısı tərəfındən diskə yazılmışdır. Lakin Cavabdeh verəcək məbləği bu günə kimi də müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. 2019-cu ilin aprel ayında Yasamal rayonu 28-ci PB-nə ərizə ilə müraciət etmiş, Cavabdeh öz izahatında etiraf edərək göstərmişdir ki, 2015-ci il sentyabr ayında ilk dəfə ondan 2000 manat, sonra isə iki il ərzində üst-üstə hissə-hissə olmaqla 25.000 manat pul almış, müəyyən məbləğ ona qaytarılmış, lakin əsas 25.000 manat məbləğ isə borc olaraq qalmışdır. Cavabdeh izahatında müxtəlif vaxtlarda faiz verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatcısı S.Gözəlov xx.xx.2019-cu il tarixdə mübahisənin mülki xarakter daşıması və bu əsasda məhkəməyə müraciət edilməsi izah edilməklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, tərəflərin Yasamal RPİ-nin 28-ci PB-də verdikləri izahatlarından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, tərəflər arasında borc münasibətləri 2016-cı ilin yay-payız aylarında olmuşdur. Cavabdeh faizə götürdüyü 25.000 manat pulun faiz hissəsini ödəmiş, geri qalan pulu ödəyə bilməməsini elə həmin vaxtlar iddiaçıya bildirmişdir. Borc münasibətləri üzrə iddia müddəti AR Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən 3 il təşkil edir. Göründüyü kimi borcun tələb edilməsi üçün iddia müddəti keçmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlə evin təmiri üçün 30.000 manata razılaşmışdılar, sonra ondan hissə-hissə 50.000, ümumlikdə borc almış, həmin məbləğdən 10.000 manat mənə əlavə pul veriləcəyini bildirmişdir. Cavabdeh maşın alqı-satqısı ilə məşğuldur. Xadiməçi olsa da, onun qapısında ona məxsus “Jaquar” markalı avtomobil var. Təxminən 3 ay müddətində ona 50.000 manatı və əlavə 10.000 manatı verməl idi, lakin, həmin məbləğdən yalnız 500 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz edərək göstərmişdir ki, tərəflər arasında mübahisə borc münasibətlərindən deyil, delikt münasibətlərindən yaranmışdır. Həmçinin, şahid ifadəsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu ildə borcundan 500 manat ödənilməsi iddia müddətinin axımını kəsmişdir. Belə olan halda iddia müddətinin tətbiqi barədə cavadehin ərizəsi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən İddiaçı ilə Cavabdeh arasında pul alış-veriş məsələsi olmuşdur. 2015-ci ildə qonşu olduqları üçün, bir-birilərinə gediş-gəlişləri olumuşdur, Cavabdeh zərurət olduqca 1000 manat alaraq loteriya oynayırmış. Beləliklə, 2015-2016-cı illərdə 2 il ərzində pul münasibətləri olmuşdur, cavabdeh həmin pulları hər dəfə loteraya oynadıqda qaytarmışdır, lakin iddiaçı ona bildirmişdir ki həmin pullar faizə silinib. Məhkəmədən iddia müddəti tətbiq edilməklə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh onun qonşularıdır. 2019-cu ilin yay aylarında nəvəsi ilə Leylagilə getmiş, həmin vaxt Zivər də ora gəlmiş və Leylaya butkada pul vermişdir. Leyladan Zivərin ona niyə pul verdiyini soruşanda bildirmişdir ki, ona pul verməlidir. Beləliklə, məhkəmə baxışı zamanı iş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçsı S.Gözəlovun xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Zivər Adgözəlovaya verdiyi 50.000 manat pulun qaytarılmamasına dair ərizəsinin araşdırılması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, Leyia onun qonşusudur və o, faizlə pul verməklə məşğuldur. O da, Leyladan faizə pul götürmüşdür. Belə ki, 2015-ci ilin sentyabr ayında ilk dəfə hər ay 10 faiz olmaqla 2000 manat götürmüşdür. İki il ərzində Leyladan üst-üstə hissə-hissə olmaqla 25.000 manat pul götürmüş və həmin pulun faizini 2017-ci ilin avqust ayınadək ödəmişdir. Sonradan maddi imkanı olmadığı üçün həm götürdüyü pulun faizini ödəyə bilməmiş, həm də pulun özünü qaytara bilməmişdir. 2017-ci ildə sonuncu dəfə Leylaya faiz pulu verəndə daha faiz ödəyə bilməyəcəyini demişdir. Leyladan pul götürməkdə məqsədi tanışları ilə ''Lotereya“ oynayan zaman sonradan oyunu tərk edənlərin yerinə pul vermək olmuş və faizlə hissəhissə 25.000 manat pul götürmüşdür. hazırda onun Leylaya 25.000 manat borcu vardır. Amma Leyia faizləri də hesablayır və ona 50.000 manat borcunun olduğunu deyir. Araşdırma zamanı baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material iizrə cinayət işinin başlanması rədd edilmiş və ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün X3 aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını, göstərmişdir. Halbuki ki, həmin qərarla iddiaçının cavabdehə 50.000 manat verməsi birmənalı olaraq öz təsdiqini tapmamışdır. Cavabdehlə iddiaçı arasında borc münasibətinin olması, o cümlədən, cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borc pul verilməsinə dair yazılı müqavilə təqdim edə bilmədəyindən, o cümlədən cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və bu hal cavabdeh tərəfindən təsdiqlənmədiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa, iddiaçı X1 məhkəmədə verdiyi izahatında Cavabdeh aldığı pulu 2016-cı tarixdə qaytarmağı öhdəsinə götürdüyünü, cavabdeh isə Yasamal RPİnin 28-ci PB-də verdiyi izahatında aldığı pulun faizini 2017-ci ilin avqııst ayınadək ödədiyini, sonradan maddi imkanı olmadığı üçün həm faizi ödəyə bilmədiyini, həm də pulun özünü qaytara bilmədiyini göstərmişdirlər. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüş, cavabdeh tərəf iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının kəsilməsinə dair iddaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iddiaçının vəsatəti əsasında dindirilmiş şahidin onu dəvət etmiş iddiaçının mövqeyinə uyğun verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Həmçinin, məhkəmə, iddiaçı tərəfin mübahisənin əsasını delikt münasibətlərinin təşkil etməsi barədə mülahizələrinin özünümüdafiə xarakteri daşımaqla heç bir mötəbər sübutla təsdiq edilmədiyi, inandırıcı olmadığı və qəbul edilə bilmədiyi qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslandırılmadığından, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 50000 manat pulun tutulması barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4780/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4780/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver