Məhkəmə qərarları › İş №2(004)-480/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-480/2022

02.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-480/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 15.01.2019-cu ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və həmin məlumatların mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin AR ƏƏSMN yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh MMC-də 16.01.2019-cu ildə aşbaz kimi çalışmağa başlamışdır. İşləməyə başladığı gündən üç gün sonra MMC-nin rəhbəri Mohsen Zourmand iddiaçını 1 saylı Bakı “Asan xidmət” mərkəzinə apararaq işçi kimi qeydiyyata salmışdır. Həmin ilin martın 19-da rəhbərlikdən icazə alaraq səhhəti ilə əlaqədar olaraq əməliyyata getmişdir. Əməliyyatdan on beş gün sonra işlədiyi müəsissənin artıq fəaliyyət göstərmədiyi haqqında xəbər tutmuşdur. Bundan sonra müxtəlif yerlərə işlə bağlı müraciət etdikdə cavab olaraq hal-hazırda sistemdə aktiv əmək müqaviləsi olduğu üçün onunla yeni bir əmək müqaviləsi bağlamağın qeyri-mümkün olduğunu bildirilmişdir. Cavabdeh MMC-nin rəhbəri öz ölkəsinə İran İslam Respublikasına qayıtdığı üçün və MMC sistemdə hələ də aktiv işləyən bir müəssisə kimi göründüyü üçün iddiaçının əmək müqaviləmə xitam verilə bilmir. Hal-hazırda o MMC-nin yerində başqa bir müəssisə fəaliyyət göstərir. MMC-nin rəhbərinə iddiaçının etdiyi saysız- hesabsız müraciətlərinə baxmayaraq onu sistemdən çıxartmamış, asan imza ilə portala girə bilmədiyini, imza müddətinin bitdiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Cavabdeh məsələni həll etmək üçün Azərbaycana gəlmək lazım olsa belə bir daha gələ bilməyəcəyini qeyd etmişdir. Buna görə də iddiaçı iki ilə yaxındır ki, heç bir yerdə rəsmi olaraq işləyə bilmir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə vermədiyindən hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Nəticədə çarəsiz qalaraq, 13.07.2021-ci il tarixində AR ƏƏSMN yanında X3 Xidmətinə müraciət edərək, hal-hazırda onun adına olan aktiv əmək müqaviləsinə xitam verilməsi barədə xahiş etmişdir. İddiçının müraciəti 30.07.2021-ci il tarixli, **********2 saylı məktub ilə cavablandırılmışdır. Məktubda qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə AR ƏƏSMN yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun DƏMX-nə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X3nin nümayəndəsi nümayəndəsi X2 bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən icra edilməlidir. Əgər onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə və ya hansisa formada bundan boyun qaçırırsa məhkəmə qətnaməsi əsasında əmək müqaviləsinə xitam verilməsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi mümkündür. Belə olan halda iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Esmaeılımahmoudkakhi Mohseni tərəfindən 25.01.2019-cu il tarixdə aşbaz köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur və bu barədə tərəflər arasında 25.01.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı 30.07.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunur ki, onun adına aktiv əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının müraciətinə baxılmış, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı Cavabdeh MMC-nin ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 18.01.2022-ci il tarixli 05190 nömrəli sorğuya cavab məktubundan müəyyən olunur ki, İran İslam Respublikasının vətəndaşı 21.06.1977-ci il təvəllüdlü Mohsen Esmaeılımahmoudkakhiyə sonuncu dəfə etibarlıq müddəti 30.09.2022-ci il tarixinədək olan daimi yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhad Nəzarətinin 02.02.2022-ci il tarixli 33/411 nömrəli sorğuya cavab məktubundan müəyyən olunur ki, Esmaeılımahmoudkakhi Mohsenin sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından 16.12.2014-cü il tarixdə giriş məlumatı qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Şurası tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, 11/2021-006043 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, Cavabdeh MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə 11.11.2021-ci il tarixində, 17:00-17:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 23.09.2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən müəyyən olunur ki, iddiaçı mübahisənin məhkəmədən öncə mediasiya vasitəsilə həll edilməsini cavabdehə təklif etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh MMCnin səlahiyyətli nümayəndəsi Esmaeılımahmoudkakhi Mohseni tərəfindən 25.01.2019-cu il tarixdə aşbaz köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur və bu barədə tərəflər arasında 25.01.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı həmin ilin martın 19-da rəhbərlikdən icazə alaraq səhhəti ilə əlaqədar olaraq əməliyyata getmişdir. Qayıtdıqda işlədiyi müəsissənin artıq fəaliyyət göstərmədiyini bilmiş və müxtəlif yerlərə işlə bağlı müraciət etdikdə ona hal-hazırda sistemdə aktiv əmək müqaviləsi olduğu üçün onunla yeni bir əmək müqaviləsi bağlamağın qeyri-mümkün olduğunu bildirilmişdir. Bununla əlaqədar olaraq o, cavabdehə aralarındakı əmək müqaviləsinə xitam verilməsi məqsədilə dəfələrlə müraciət etsə də heç bir nəticə verməmişdir. Dövlət sərhəd xidmətinin məhkəmə sorğusuna əsasən vermiş olduğu cavab məktubundan müəyyən olunur ki, Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Esmaeılımahmoudkakhi Mohseni 16.12.2014-cü il tarixdə ölkə ərazisinə giriş etmiş və 30.09.2022-ci il tarixinədək olan daimi yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehin səlahiyyətli nümayəndəsi Esmaeılımahmoudkakhi Mohseni ölkə ərazisindədir və dəfələrələ müraciət etməsinə baxmayaraq iddiaçının hüququ üzrə tələbinə, yəni, 25 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə heç bir cavab vermir və həmin müqaviləyə xitam vermir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia tələbi təmin edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında 25.01.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC rasında 25 yanvar 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar