Məhkəmə qərarları › İş №2(004)-4805/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4805/2021

25.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4805/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin imtinasının əsassız hesab edilməsi, 18.02.2019-cu ıl tarixli 1000/168ş nömrəli əmrinin ləğv olunması və onun Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunun baş müfəttişi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18.02.2019-cu il tarixli 1000/168ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi «Qırmızı körpü» gömrük postunun baş müfəttişi vəzifəsindən azad edilmişdir. Sonradan, barəsində yenidən araşdırmanın aparılması, isə bərpa ounması məqsədilə Komitə rəhbərliyinə müraiət etsə də, müraciətinə verilmiş 04.06.2021-ci il tarixli 1000-190/190-26/009006 nömrəli məktubla imtina olunuşdur. Qeyd olunan imtina məktubunu rəsmi qaydada poçt vasitəsilə 08.06.2021-ci il tarixdə almışdır (poçt zərfinin kserosurəti əlavə olunur). Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, məsələ üzrə cavabdeh tərəfindən obyektiv, hərtərəfli araşdırma aparılmamışdır. İşlədiyi müddətdə heç vaxt intizam cəzası almamış, həmişə xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşmış, daima öz üzərində çalışmış, əmək fəaliyyəti zamanı əldə etdiyi bilik və digər professional vərdişlərin artırılması və yeni əməkdaşlara aşılanması istiqamətində çalışmışdır. Belə ki, eyni əmələ görə biri o olmaq şərtilə iki əməkdaş tutduğu vəzifəsindən azad edilmiş, lakin sonradan onlardan biri vəzifəsinə bərpa edilmişdir. Halbuki, işdən çıxarılmalarına səbəb olmuş əməl məhz həmin əməkdaş tərəfindən törədilmişdir. Aparılan xidməti araşdırmalar zamanı verdiyi izahatlarda da göstərmişdir ki, qapalı yerdə, otaq şəraitində, kompüter arxasında X1 Sistemində (VAİS) müvafiq sənədlərin qeydiyyatını apardığı zaman, paralel olaraq, çöldə postlardan (şlaqbaumdan) avtomobillərin buraxılmasına nəzarət edə bilməz. Həmin vaxt şlaqbaumda dayanan əməkdaş, yalnız avtomobilin qeydiyyata alınması barədə onun sürücüyə verdiyi sənədi gördükdən sonra şlaqbaumu açmalı və avtomobili Azərbaycan Respublikasının ərazisinə buraxmalı idi. Lakin o, bunu etməmiş, nəticədə haqsız olaraq, işdən çıxarılmışdır. Hesab edir ki, məhz həmin əməkdaş cəzalandırılmalı idi. Cavabdehin imtina məktubunda, tutduğu vəzifədən azad olunmasənın səbəbi konkret göstərilmişdir, imtina məktubunun həmin hissəsini bıı daha qeyd edirəm; «...01 noyabr 2018-ci il tarixdən 12 dekabr 2018-ci il tarixədəl olan miiddət ərzində 5 (beş) halda Azərbaycan Respublikasının gömriik sərhədindən keçən nəqliyyat vasitələri barədə gömrük xidmətinin X1 Sistemində ( VAİS) qeydiyyat aparmamışsınız...» Göründüyü kimi cavabdeh inzibatı orqan bu halda qanunsuzluğa yo vermişdir. Belə ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələri barədə gömrük xidmətinin VAİS-də qeydiyyat aparmalı deyil, tam əksinə, barəsində VAİS-də qeydiyyat apardığı avtomobil qeydiyyat haqqında müvafiq sənədi təqdim etdikdən sonra Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılmalıdır. Cavabdehin məntiqinə görə avtomobil gömrük sərhədindən buraxıldıqdan sonra o, artıq gömrük sərhədini keçmiş avtomobil haqqında qeydiyyat aparmalı idi, lakin qeydiyyat aparmamı və məhz bu səbəbdən də işdən çıxarılmışdır. Xüsusilə qeyd etmək istəyir ki, VAİ S-nin tətbiq edilməsində məqsəd odur ki. müvafiq qeydiyyatdan keçməyən avtomobilin respublika ərazisinə keçməsinin qarşısı alınsın. Lakin sistem işləməmiş, onun işləməsi üçün məsul olan şəxslər zəruri tədbirləri görməmişdir. Belə olan halda, xidməti vəzifələrinə aid olmayan əmələ görə işdən çıxarılması, Azərbaycan Respublikasnın Konstitusiyasında təsbit olunmuş və dövlət tərəfindən qorunan hüquqlarının pozulmasıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin 12.12.2018-ci il tarixli 34/151/037080 nömrəli raportunun araşdırılmasının nəticələrinə görə Komitənin 18 fevral 2019cu il tarixli 1000/168Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla da Əmək Məcəlləsinin 296.3-cü maddəsində göstərilən hüququnun pozulmasının aşkar edildiyi gün, yəni işçiyə əmək kitabçasının verildiyini əsas götürərək, İddiaçı işə bərpa ilə bağlı iddia müddətini ötürdüyü sübut olunur. Eyni zamanda İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövr ərzində xidməti vəzifələrinin icrasına mütəmadi olaraq laqeyd yanaşması, barəsində aparılmış araşdırma materialları, izahatları, aldığı intizam tənbehləri üzrə bütün sübutlar və xidmətinə xitam verildikdən sonra Komitəyə etdiyi müraciətlər təqdim edilmiş etiraza əlavə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır, iddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanır və hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Göstərilənlərə əsasən, yuxarıda qeyd olunanlan nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18.02.2019-cu ıl tarixli 1000/168ş nömrəli əmrinin surətindən göründüyü kimi, Qərb Ərazi Baş Gömrük İdarəsi "Qırmızı körpü” gömrük postunda 01.11.2018-ci il tarixdən 12.12.2018-cı il tarixədək olan dövr ərzində xidmət aparan postun baş müfəttişi İddiaçı 5 halda Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələri barədə gömrük xidmətinin X1 Sistemində qeydiyyat aparmamış, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələbləri pozmuşdur Xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı korpu" gömrük postunun baş müfəttişi İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 04.09.2018-ci il tarixli 100/1419ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Yuxanda göstərilənlər nəzərə alınaraq xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü" gömrük postunun baş müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən,əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin 18.02.2019-cu ıl tarixli 1000/168ş nömrəli əmri ilə xitam verilmişdir. Bir sözlə, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün həmin tarixdən hesablanmalıdır. İddiaçı Əmək qanunvericiliyin tələblərinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində, habelə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Habelə mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar