Məhkəmə qərarları › İş №2(004)-481/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-481/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-481/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan payçı Cavabdeh koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş koorperativin yaşaması və istismarı üçün 2003-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 5946 manat haqqın və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdlr ki, “xxxx" MTK M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu əməkdaşlarının təşəbbüsü ilə yaradılmış və MTK-nın Nizamnaməsi 14 dekabr 1990-cı ildə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. 19 yanvar 2001-ci ildə MTK-a tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221 saylı binanı inşa etmişlər. Bakı şəhər İHB-nın Aparatının № 028469 saylı, 23 iyul 2008-ci il tarixli Orderinə əsasən MTK-a tərəfindən tikilmiş Bakı şəhər, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221 saylı binanın 11 saylı mənzili Cavabdeh verilmişdir ki, hazırda 1 paya sahib olmuşdur. Lakin cavabdeh 2003-cü ildən mənzildə yaşayır və onun istifadəsindədir. “xxxx” MTK-nın payçılarının müvəkkillərinin 2003-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 8 manat, 2004-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat. 2005-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 2006-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 13 dekabr 2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2007-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 20 manat. 25.12.2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2008-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 25 manat, 26.12.2008-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2009-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 26.12.2009-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2010-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2011-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2015-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2016-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2014-cü il üçün hər v çıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2015-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2016-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2017-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2018-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2019-cu il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2020-ci il üçün hər payçıdan mənzil mmunal xidmət haqqı kimi hər ay 45 manat müəyyən edilmişdir. Hazırda isə cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş kooperativin istismarına çəkilən xərclərin ödənilməsində iştirak etməməklə operativin üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən 2003-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 5946 manat borcu ödəmir və öhdəlikdən qəsdən yayınır. Cavabdeh indiyədək heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə haqqın ödənilməsi barədə bildirişlər göndərsələr də ödəniş etməmişdir. Bu səbəbdən cavabdehdən kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. “xxxx” MTK-nın Nizamnaməsinin 2-ci redaksiyasının 8.1-ci bəndinə əsasən Kooperativ öz səlahiyyətini həyata keçirmək üçün Ümumi Yığıncağın qərarı ilə üzvlük haqqı, pay haqqı, kooperativ ödənişləri digər fondlar yarada bilər. Həmin Nizamnamənin 8.2-ci bəndinə əsaəsn koorperativin fondlarının həcmi, yaradılması, istifadəsi və ləğvi koorperativin ümumi yığıncağının qərarı ilə qəbul edilmiş daxili sənədlərlə müəyyən olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, “xxxx” Mənzil Tikinti Kooperativi 2008-ci il tarixli orderə əsasən mülkiyyətçisi və payçısı Cavabdeh qarşı korporativin yaşaması və istismarı üçün haqq ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. 2003-cü ildən 2020-ci ilə qədər olan ödənişlər cədvəlinə uyğun olaraq 5946 manat haqqın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə məhkəməyə müraciət edilib. İddianın əsaslandırma hissəsində qeyd edilib ki, hansı illərdə hansı protokola əsasən nə qədər ödəniş edilməli idi. Lakin cavabdeh 2003-cü ildən bu günə qədər ödəniş etməkdən yayınmış və bu günə qədər bir dəfə də olsun ödəniş etməmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, onların MTK-da 110 sakin var və onların hamısı ilə fərdi qaydada müqavilə bağlanılmır. Ümumi təsdiq olunmuş nizamnamə var və həmin sənəd əsasında da MTK fəaliyyətini davam etdirir. O, 2019-cu ilin oktyabr ayında sədr seçiləndə də həmin nizamnaməni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmişdir. 20 ilə yaxın müddətdə cavabdehin bütün kommunal ehtiyacları ödənilir. Deməli, bunun əvəzində hər hansı bir haqq verilməlidir. O, sədr seçiləndən sonra cavabdeh ona yaxınlaşıb və bundan sonra hər ay ödənişləri edəcəyini bildirmişdir, bir şərtlə ki, onun sədrliyinə qədər yığılıb qalan borcları tələb etməsin. Lakin o, da cavabdehə bildirmişdir ki, onun bu dediyini edə bilməz. Yığılan pulların hara xərclənməsi ilə bağlı isə onu qeyd edir ki, məhkəməyə təqdim etdiyi məxaric cədvəli eyni ilə binanın liftinin qarşısına vurulur və sakinlərə nümayiş etdirilir. Həmin cədvəldə də hansı məsələlərə nə qədər pul xərclənməsi qeyd edilir. Eyni zamanda pandemiya dövründə o, dezinfeksiya idarəsi ilə müqavilə bağlamış, pul ödəmiş və idarənin əməkdaşları gəlib binanı dezinfeksiya ediblər. Bütün bunların hamısının edilməsi üçün MTK vəsait xərcləyir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, MTK-nın əvvəlki sədri Zivər xanım o də daxil olmaqla 10-15 nəfər payçıdan pul yığmışdı ki, MTK üçün mərasim evi tikdirəcək, sonra isə o tikilən yerləri başqa adamlara satdı və onlara təhvil vermədi. Ondan pulu tələb edəndə isə bildirdi ki, onunla aralarında hər hansı bir müqavilə yoxdur, ona görə də bizə pulu qaytarmayacaq. Həmin məsələ ilə bağlı 3 il yarım məhkəmələrdə olmuşlar. Həmin vaxtı da əvvəlki sədr Zivər xanım mərasim evinin tikilməsi ilə bağlı razılığı əks etdirən protokolları da cırıb atdı. Bu məsələ ilə bağlı o, Zivər xanıma da müraciət etmişdir ki, onunla müqavilə bağlanılsın və o da ona uyğun ödənişləri etsin. Lakin qarşı tərəf onunla müqavilə bağlamadı. Hansı ki bu MTK-nın nizamnaməsində də var ki, tərəflər arasında müqavilə bağlanmalıdır. 2008-ci ildə isə MTK-nın sədri vəzifəsinə Əlinazim adlı şəxs gəldi və təxminən 2018-ci ilədək MTK-ya sədrlik etdi. O, müqavilə bağlamaq üçün ona da müraciət etmişdir. Yenə də onunla müqavilə bağlanmadı. MTK-nın təqdim etdiyi protokollar da saxtadır, özləri yazıb, özləri də üzvlər adından imzalayırlar, yığılan pulların hara xərclənməsi ilə bağlı da üzvlərə heç bir məlumat vermirlər. O, hazırkı sədrə də bildirmişdir ki, onunla müqavilə bağlanılsın və o da hamı kimi ödənişlərini etsin. Lakin Akif müəllim də ondan əvvəlki sədrlərin dediklərini əsas gətirərək, müqavilə bağlanılmasından imtina etmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh iddiaçının qeyd etdiyi kimi ödənişlərdən yayınmır, sadəcə olaraq həmin ödənişlərin qanunauyğun şəkildə tələb olunmasını, tərəflər arasında müqavilə bağlanmasını tələb edir. Cavabdeh bildirir ki, hansı gün müqavilə bağlanarsa, həmin gündən başlayaraq da ödənişləri ödəməyə hazırdır. İddiaçının əvvəlki sədri ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Belə ki, həmin şəxs dələduzluqda ittiham olunaraq barəsində hökm çıxarılıb. Hazırkı mülki işdə iddiaçının cavabdehdən tələb etdiyi məbləğin bir hissəsi də həmin şəxsin sədr olduğu dövrlərə düşür. Cavabdeh həmin sədrin vaxtında da, indiki sədrin vaxtında da MTK-ya müraciət etmiş və müqavilə bağlanılmasını təklif etmişdir. Lakin bu günə qədər də bu müraciətlər cavabsız qalmışdır. Ödənişlərin hansı əsasla tələb olunması ilə bağlı iddiaçı tərəf protokollar təqdim edir, lakin həmin protokolların da heç bir qanuni əsası yoxdur. Belə ki, MTK-nın 110 nəfər payçısı vardır, lakin təqdim edilən protokolların birindən görünür ki, cəmi 18 nəfər MTK-nın iclasında iştirak edib, digər protokollarda iclasdakı məsələlərin leyhinə və ya əleyhinə səs verənlər bəlli deyil. Görünən odur ki, bu protokollar sonradan tərtib olunmuşdur. Həmçinin cavabdeh həmin iclasın heç birinə dəvət olunmamış, ona nə qədər borcunun olduğu bildirilməmiş, izahatı alınmamışdır. Mənzil Məcəlləsinə əsasən bu MTK-lar ümumiyyətlə fəaliyyətini dayandırmalı idi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalı idi, lakin iddiaçı tərəfindən bu məsələ ilə bağlı da heç bir iş görülməyib. Belə ki, mənzillər mülkiyyətçilərə təhvil verildikdən sonra bir ay müddətində MTK ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməli idi. Bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər olunubdur. Və bu pozuntu ilə əlaqədar maliyyə sanksiyası nəzərdə tutulub. Bu məsələ ilə bağlı onlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişlər. Onlar da cavabdehin mövqeyini haqlı hesab edirlər və Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən MTK-nın ləğv olunmalı olduğunu və MMMC yaradılmalı olduğunu qeyd edirlər. Bununla bağlı MTK-ya da müvafiq sorğu göndəriləcəkdir. Vergi xidmətindən müvafiq müraciətlərinə cavab daxil olmuşdur. İddiaçı tərəf əsas kimi nizamnaməni qeyd edir. Nizamnamənin 1.3-cü maddəsində MTK-nın fəaliyyət istiqaməti göstərilir. Həmin maddədə göstərilir ki, “xxxx” istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın tikilməsi, həmin binada mövcud yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tələb olunan müddətdə ödənilməsi üçün yaradılır. Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, qüvvədə olan qanunlardan və bu nizamnamənin özündən də görünür ki, MTK koperativ üzvlərinə keçdikdən sonra 1 ay müddətində ləğv edilməlidir. 8.1-ci maddədə göstərilir ki, MTK öz fəaliyyət istiqamətlərinə uyğun məsələlərə nəzarət edə bilər. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə uyğun olaraq payçılar özlərinin idarəetmə formasını müəyyən etməlidir. Onlardan biri də MMMC-lərdir. Onlar da iddiaçının bu nizamnaməni əsas gətirərək məhkəməyə verməsini Vergi Xidmətinə bildirmişlər. Necə ola bilər ki, kommunal xidmətlərə görə vəsait yığasan və bununla bağlı vergiyə hesabat verəsən. Həmin vəsaitlər yığılır və vergidən yayınma halları baş verir. Bununla bağlı da biz DVX-nə müraciət etmişik ki, həmin hissəni araşdırsın, yığılan pulların hansı adla vergidən keçməsi və ya keçməməsi müəyyən olunsun və onlara da bu barədə tam şəkildə məlumat verilsin. MTK vergidə qeydiyyatdan keçə bilər, fəaliyyət istiqamətinə uyğun fəaliyyət göstərə və vergi hesabatı verə bilər. Amma o hesabatda kommunal xidmətlərə görə yığılan haqqlar göstərilə bilməz. MMMC vergilər xidmətində qeydiyyatdan keçə bilməz, o Ədliyyə Nazirliyində qeydiyyatdan keçir, çünki qeyri-kommersiya təşkilatıdır. Onun fəaliyyəti kommersiya fəaliyyəti deyil, sadəcə olaraq binanın fəaliyyətini tənzimləməkdir. Bu dedikləri birbaşa qanunvericiliklə nəzərdə tutulub. İqtisadiyyat Nazirliyi tərəfindən də onlara məlumat verilib ki, MTK-nın fəaliyyəti tam qanunsuz fəaliyyətdir, MMMC yaradılmalıdır, binanın idarəetmə üsulu seçilməlidir. Konstitusiya Məhkəməsinin 27.04.2015-ci tarixli Qərarında konkret imperativ norma müəyyən edilib ki, tərəflər arasında müqavilə olmalıdır. Cavabdehin də tələbi ondan ibarət idi ki, idarəetmə formasını da dəyişdirmədən heç olmasa tərəflər arasında müqavilə bağlanılsın. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xxxx MTK-nın Nizamnaməsindən görünür ki, kooperativin pay fondunda Cavabdeh mütləq pay haqqı müəyyən edilmişdir. İş materiallarında olan xxxx MTK-nın 02 saylı iclasının protokolundan görünür ki, Nümayəndə2 xxxx MTK-nın sədri vəzifəsinə seçilmişdir. İş materiallarında olan xxxx MTK-nın 13.12.2006-cı il tarixli iclasının 01 saylı protokolundan görünür ki, 01.01.2007-ci ildən hər ay hər payçının 20 manat məbləğində mənzil-kommunal xidmət haqqı ödəməsi qərara alınmışdır. İş materiallarında olan xxxx MTK-nın 25.12.2007-ci il tarixli iclasının 01 saylı protokolundan görünür ki, 01.01.2008-ci ildən hər ay hər payçının 25 manat məbləğində mənzil-kommunal xidmət haqqı ödəməsi qərara alınmışdır. İş materiallarında olan xxxx MTK-nın 25.12.2008-ci il tarixli iclasının 01 saylı protokolundan görünür ki, 01.01.2009-cu ildən hər ay hər payçının 30 manat məbləğində mənzil-kommunal xidmət haqqı ödəməsi qərara alınmışdır. İş materiallarında olan xxxx MTK-nın 11.12.2013-cü il tarixli iclasının protokolundan görünür ki, 2014-cü ildə xxxx MTK üzvlərinin mənzil-kommunal xidmət haqları dəyişdirilməməsi, hər ay hər üzvün 35 manat məbləğində mənzil-kommunal xidmət haqqı ödəməsi qərara alınmışdır. İş materiallarında olan xxxx MTK-nın 20.12.2016-cı il tarixli iclasının protokolundan görünür ki, 2017-ci ilin yanvar ayından hər ay hər üzvün 45 manat məbləğində mənzilkommunal xidmət haqqı ödəməsi qərara alınmışdır. İş materiallarında olan xxxx MTK-nın 07.01.2003-cü il tarixli iclasının protokolundan görünür ki, xxxx MTK-nın üzvlərindən 01.01.2003-31.12.2003-cü il tarixinə qədər müddətdə hər payçıdan 40000 x 12 ay=480000 manat pulun yığılması və binanın saxlanması üçün zəruri olan maliyyə fondunun yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. ... Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər”. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Belə ki, bu “öhdəlik” anlayışının ruhuna zidd olardı. Bundan əlavə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 393-1.1-ci maddəsində kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə vəzifəli şəxslərin iki min manat məbləğində, hüquqi şəxslərin isə beş min manat məbləğində inzibati qaydada cərimə olunması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221 saylı binada mövcud olan yaşayış sahələrinin mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, “xxxx” Mənzil Tikinti Kooperativi ləğv edilməmiş və çoxmənzilii binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən binanın idarə edilməsi üsulu seçilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MTK-nın Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar