Məhkəmə qərarları › İş №2(004)-483/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-483/2022

28.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-483/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X8 oğlunun katibliyi ilə İddiaçı İddiaçının vəkili Vəkil1 Cavabdeh Cavabdehin nümayəndəsi Nümayəndə Cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan evin 1 otağından cavabdehin əşyalarının çıxarılması və həmin otağın mülkiyyətçisinin istifadəsinə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evin 1 otağında yerləşdirilmiş cavabdehə məxsus əşyaların çıxarılması, həmin otağın iddiaçının istifadəsinə verilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə etdiyi kömək üçün ödənilmiş 150 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı 17.01.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh Yasamal rayon məhkəməsində iddia qaldıraraq iddiaçının mülkiyyətində olan evə köçürülməsini, istifadə hüququnun tanınmasını, onun və yetkinlik yaşına çatmayan oğlu Hikmət Bəşirovun yaşayış evindən istifadəsinə maneələrin iddiaçıya və ailə üzvlərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə iddiaçının və digər ailə üzvlərinin iştirakı olmadan işə baxıb iddianı təmin etmişdir. İddiaçının və digər ailə üzvlərinin Yasamal Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli 2(103)-4765/2021 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-594/2021 saylı 11.03.2021 -ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının (hazırkı işdə cavabdehin) mənzilə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə hüququna edilən müdaxilələrə qadağa qoyulması barədə iddiası təmin edilməmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən şikayət verməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehin yetkinlik yaşına çatmayan oğlu Hikmət Bəşirov anasının himayəsində olduğundan və onunla Sənqaçal qəsəbəsindəki evində yaşadığından Cavabdeh hər ay oğlu Hikmətin saxlanılması üçün sabiq əri Cavanşir Bəşirovdan aliment alır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cavabdehə mülkiyyətində olan evin 1 otağında yerləşdirilmiş mebellərin çıxarılıb aparılması və otağın onun istifadəsinə verilməsi barədə yazılı və şifahi (telefonla) müraciət etmişdir. Cavabdeh atası Nümayəndəla telefonla danışarkən sonuncu bildirmişdir ki, həmin əmlak onlara lazım deyil, yandırın. Bundan əlavə, Yasamal rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ictimai qaydanın pozulmaması məqsədilə cavabdehdən əmlakını mülkiyyətində olan otaqdan çıxarıb aparması barədə cavabdehə müraciət edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan əmlakını könüllü çıxarmaqdan imtina edir. Cavabdeh əşyaları olan otağın açarını həddi-buluğa çatmamış, 17.03.2005-ci ildə anadan olmuş oğlu X2 vermiş, sonuncu isə hər dəfə həyətə gələrək onları, yəni iddiaçının atasını, xəstə nənəsini təhqir edir, münaqişə yaratmağa çalışır, gecə yarısı öz dostlarını evə yığıb səs-küy salır. Cavanşir Bəşirovun nikahın pozulması və oğlu Hikmətin saxlanılması üçün ona verilməsi barədə iddia ərizəsinə Qaradağ rayon məhkəməsində baxılarkən də Hikmət Bəşirov anası ilə qalmaq istədiyini bildirdiyindən, C.Bəşirov oğlunun rəyini nəzərə alaraq oğlunun onun himayəsinə verilməsi barədə iddiasından imtina etmiş, nikahın pozulması barədə iddia isə hər iki tərəfin razılığı ilə pozulmuşdur. Cavabdehin əşyaları olan həmin otağın təmirə ehtiyacı olmasını, qapısı daim bağlı olduğundan istifadə edə bilməmələrini, mülkiyyətində olan otaqdan istifadə hüquqlarının pozulmasını, cavabdehin oğlu Hikmət Bəşirovun anası Cavabdeh ilə yaşamasını nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə barədə ərizə təqdim edərək iddia tələbində göstərilən otağın sahəsinin 10 kv.m olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh, nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək izahatarında bildirmişlər ki, iddianı qəbul etmirlər, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh iddiaçının qardaşı X6 oğlu ilə 16.01.2004cu il tarixdə rəsmi nikaha daxil olaraq, həmin ildən qeyd edilən ünvandakı evin bir otağında əmlaklarını yerləşdirməklə yaşamış və evdə yaşayanlarla birgə təsərrüffat aparmışdır. Həmin nikahdan qeyd edilən ünvanda 17.03.2005-ci il tarixdə X4 adlı bir uşaqları olmuşdur. Qeyd edilən ünvanda yerləşən 121 saylı ev əvvəlcə 18.10.2014-cü il tarixdə qaynanası X1 adına ilkin qeydiyytadan keşmiş, 10.01.2015- ci il tarixdən isə bağışlama müaviləsinə əsasən iddiaçının adına keçmişdir. Bundan sonra həmin ünvanda yaşayanlar cavabdehi yaşadığı otağa buraxmadıqlarından məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-594/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh tərəf həmin qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4765/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, həmin ünvana köçürülməyi barədə qətnamə ləğv edilmişdir, qətnamədən şikayət verməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bəşirov Cavanşirlə birgə nikahlarından olan uşaqları Hikmətin həmin ünvandan istifadə etmək səlahiyyəti mövcüddür və bu ona qadağan edilə bilməz. Oğlu Hikmət həmin ünvanda yaşamaqla qeyd edilən ünvana yaxın ərazidə yerləşən orta məktəbdə oxuyur. Ona görə də yaşadığı mübahisəli otaqda olan mebel və digər məişət əşyaları istifadə etməsi üçün ona yəni, oğlu Hikmətə bağışlamışdır, iddianın mahiyyətindən də görünür ki, iddiaçı gələcəkdə oğlunu da müxtəlif bəhanələrlə həmin ünvandan çıxartmağa dair tədbirlər görür. Halbuki, onun bu hərəkətləri qanunvericiliyin tələblərinə ziddir. Belə ki, oğlu doğulandan həmin ünvanda qeydiyyatda olmaqla yaşayır, yəni ev mülkiyyətçinin adına rəsmiləşdirilməmişdən qabaq orada qeydiyytada olmaqla yaşayır, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə həmin ünvandan istifadə etmək hüququ vardır. Belə olan halda yaşadığı ünvanda özünə məxsus mebel və digər məişət əşyaları yerləşdirməklə onlardan istifadə hüququna malikdir, bunu ona heç kim qadağan edə bilməz. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Həmin Məcəllənin 157.4 maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4765/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evə hər hansı hüququ mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evə subyektiv hüququ olmadığından ona məxsus əşyalar da həmin evdə iddiaçının – mülkiyyətçinin razılığı olmadan qala bilməz. Cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində qalması sonuncunun öz mülkiyyətinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur. İş materiallarından da görünür ki, iddiaçı tələb etməsinə baxmayaraq cavabdeh həmin əşyaları iddiaçının mülkiyyətində olan evdən çıxarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının qanunla tanınmış mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehə aid əşyalar Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evin ümumi sahəsi 10 kv.m olan 1 otağından çıxarılmalı, həmin otaq iddiaçının istifadəsinə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və 150 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evin ümumi sahəsi 10 kv.m olan 1 otağında yerləşdirilmiş Cavabdeh məxsus əşyalar çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evin ümumi sahəsi 10 kv.m olan 1 otağı İddiaçı istifadəsinə verilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu və 150 (yüz əlli) manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar