Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4856/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “dəymiş zərərin reqres qaydada ödənilməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “dəymiş zərərin reqres qaydada ödənilməsi tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödədiyi 5252 manatın və 174 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2-ci bəndində inzibati orqan kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 6-cı bəndinə görə isə İqtisadiyyat Nazirliyi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “dəymiş zərərin reqres qaydada ödənilməsi tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4856/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4856/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver