Məhkəmə qərarları › İş №2(004)-4894/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4894/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4894/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlndan 10500 manat əsas məbləğ, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat olmaqla, cəmi 10790,25 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ona 10500 manat pul verməlidir. O, Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" MMC-də baş aviakassir vəzifəsində işləyir. "xxxx" Azərbaycanda İATA-yə üzv olan azsaylı turizm şirkətlərindən biridir. Artıq 10 ildən çoxdur ki, bu sahədə çalışır. Buna görə də bu sferada fəaliyyət göstərən şəxslərin çox hissəsini tanıyır. Bunlardan biri də Cavabdehdur. Cavabdeh uzun illər Azərbaycan Respublikası DİN-də polis zabiti kimi fəaliyyət göstərmişdir. Cavabdeh ondan bilet istədikdə o, müqavilə bağlamağı lazım olduğunu bildirmişdir. Lakin, Cavabdeh VÖEN-nini hal-hazırda müəyyən səbəblərə görə dondurduğunu bildirmiş və “kişi sözü” verməklə ona etibar etməyini xahiş etmişdir. O, cavabdehin keçmiş polis zabiti olduğunu nəzərə alıb, sözünü yerə salmayaraq ona nisyə biletlər verməyə başlamışdır. Cavabdeh ilk vaxtlar ödənişlər edib, özünə xoş təəssüratlar yaratmışdır. Lakin, Cavabdeh 2022-ci ilin əvvəllərində ondan 10500 manat dəyərində bilet almış və indiyə kimi həmin biletlərin pulunu ödəməmişdir. Pulun verilməsi barədə dəfələrlə, Cavabdeh müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona 10500 manat pulu verməkdən boyun qaçırmışdır. Bu barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı da vardır. Həmin qərarda Cavabdeh "xxxx" MMC-yə 10500 manat borclu olduğunu bildirsə də, həmin məbləğin hamısını nəğd şəkildə ödədiyini bildirmişdir. Bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Anası ankoloji xəstədir. O, ailəlidir və iki övladı var. Cavabdeh həmin pulu ödəməsə, şirkət bu pulu ondan tutacaqdır. O, yuxarıdakıları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi ancaq məhkəməyədir. xx.xx.2021-ci il tarixli Aztıır Travel MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin əlavə razılaşmanın 5-ci bəndinə əsasən cavabdehdən pulu tələb etmək onun öhdəliyindədir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında bilet satışına dair əməkdaşlıq münasibətləri baş vermiş, lakin bu münasibət 2021-ci ilin sonu, 2022-ci ilin əvvələrinə qədər davam etmişdir. 2022-ci ilin əvvələrinə cavabdehin hər hansı bir borcu qalmamışdır. Bu baxımdan iddiaçı tərəfindən qaldırılan iddia təmin oluna bilməz. Belə ki, iş materiallarla əlavə edilən bilet satış sistemində satılmış biletlərin cavabdehə və yaxud onun işlədiyi şirkətə aid olması qeyd olunmamışdır və bu baxımdan həmin elektron çıxarış sübut növü kimi əsaslə hesab edilə bilməz. Digər tərəfdən, şahid ifadələri ilə bağlı bildirmişdir ki, qeyd olunan şahidlər iddiaçının iş yoldaşları olmaqla maraqlı tərəflərdir və bundan əlavə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdikləri izahatlardan da məlum olmuşdur ki, onlar tərəflər arasında olan bilet satışında və pulların ödənilməsində iştirak etməmiş və yalnız iddiaçının sözlərindən belə bir problemin yarandığını eşitmişlər. Digər tərəfdən, iş materiallarına əlavə olunan səs yazısı ilə bağlı bildirir ki, həmin yazıdakı səsin cavabdehə aid olub olmaması, hansı şəraitdə, hansı tarixdə yazılması cavabdehin bu barədə məlumatın olub olmaması və ümumiyyətlə həmin səs yazısının qanuni olub olmaması (gizli yazılması) müəyyən olunmamışdır və bu baxımdan hesab edir ki, qeyd olunan yazı sübut növü kimi qəbul oluna bilməz. Bununla bağlı yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan və kifayət qədər sübuta yetmədiyindən rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı "xxxx" MMC-də aviakassir vəzifəsində işləyir. Cavabdeh İddiaçı 10500 manat pul borcludur. Cavabdeh İddiaçı 2022-ci ilin əvvəllərində 10500 manat dəyərində bilet almış, həmin biletlərin pulunu ödəməmişdir. Dəfərlərlə cavabdehə həmin pulun ödənilməsi ilə bağlı müraciət olunsa da, o pulu ödəməkdən imtina edir. Bu barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə də müraciət edilmişdir. Cavabdeh borcu olduğunu bildirsə də, həmin borcu qaytardığını bildirmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının cavabdehlə neçə il əməkdaşlıq etdiyini dəqiq deyə bilmir, onlar təxminən 2-3 il əməkdaşlıq etmişlər. İddiaçı və cavabdeh arasında müqavilə, razılaşma olmamışdır. Sadəcə olaraq Cavabdeh VÖEN-nin olmadığını, polis zabiti olduğunu bildirmiş və onlar əməkdaşlıq etməyə başlamışlar. Biletlər onlayn şəkildə verilmişdir. 3 il ərzində ödənişlər nağd şəkildə həyata keçirilmişdir. Biletlərin verilməsini şahidlər təsdiq edə bilər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar preyudisial xarakter daşıyır. Həmin qərarda Cavabdeh iddiaçı ilə əməkdaşlıq etdiyini bildirmişdir. Cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 10500 manat borcunun olmasını etiraf etmişdir. Həmçinin, 10500 manat borcun mövcud olmasını təsdiq edən sübut olaraq Cavabdeh ilə telefon danışıqlarını məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əlavə razılaşmanın 5-ci bəndinə əsasən cavabdehdən pulu tələb etmək iddiaçının öhdəliyindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh arasında qeyri-formal olaraq hər hansı müqavilə, razılaşma olmadan əməkdaşlıq, kommersiya münasibətləri olmuşdur. Alınmış biletlərin müqabilində pullar artıqlaması ilə ödənilmiş və bugünkü günə hər hansı borc yoxdur. Ola bilsin ki, iddiaçı tərəf hesablamalarda hər hansı səhvə yol vermişdir. Öhdəlikləri yaradan müqavilələrdir. Yalnız müqavilə mövcud olduğu halda öhdəliklər yaranır. Cavabdehin biletlərlə bağlı heç bir borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı və cavabdeh arasında əməkdaşlıq olmuşdur. Onlar etiraf etdilər ki, iddiaçı və cavabdeh arasında 2020-ci ildən əməkdaşlıq olmuşdur. Cavabdehin iddiaçıya 10500 manat borcu yoxdur. Borcun mövcudluğunu ilk növbədə iddiaçı tərəf sübut etməlidir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Aztur Travel MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə əlavə razılaşmaya əsasən, Bilet, otel, transfer satışından əldə olunmuş gəlirlər hər ayın son iş gününədək işçi İddiaçı tərəfindən nağd və ya köçürmə yolu ilə Aztur Travel MMC-yə ödənilməlidir. Göstərilən xidmətin ödənişi ödənilmədiyi təqdirdə işçinin aylıq əməkhaqqının 50% miqdarı pul vəsaiti işə götürən Aztur Travel MMC tərəfindən tutulacaqdır. İşçi ilə üçüncü şəxslər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll ediləcəkdir. İddiaçı qismində məhkəmədə işçi-İddiaçı iştirak edəcəkdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, İddiaçı ərizə ilə polis bölməsinə müraciət edərək, Cavabdeh 2022-ci ilin əvvəllərində 10500 manat dəyərində bilet yazdırdığını, ödənişi ondan tələb etdikdə müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayındığını, ödəniş etməsə həmin pulun şirkət rəhbərliyi tərəfindən ondan tutulacağını bildirsə də, heç bir nəticəsi olmadığını qeyd etmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Cavabdeh Sayildin oğlu izahat verərək göstərmişdir ki, o İddiaçı onun barəsində yazdığı ərizəsilə tanış olaraq bildirmək istəyir ki, onun Emin ilə əməkdaşlığı olmuşdur. Lakin ərizədə qeyd edilənlər hamısı qərəzli, şər və böhtandır. Onların öz hesabatlarında ciddi nöqsanlar olduğu üçün maliyyədə yaranmış kəsirləri ona yönəltmək istəyirlər. O, "xxxx" MMC ilə müqavilə bağlamadığı üçün nəqd şəkildə hesablaşmışdır. Onun 2022-ci ilin əvvəlində "xxxx" MMC-yə 10500 manat borcu olsa da həmin məbləğin hamısını nəqd şəkildə ödəmişdir. Onun həmin şirkətə heç bir borcu yoxdur.Belə bir iddianı hansı səbəbdən 1 ildən sonra qaldırılması çox təəcüblüdür. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli 26993 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 610 nömrəli müqavilə əsasında Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 150 manat ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" MMC müəyyən turizm şirkətlərinə bilet satır. Bunlardan biri də “Alfa Travel” şirkətinin direktoru, təsisçisidir. İddiaçı onun iş yoldaşıdır və baş aviakassir vəzifəsində çalışır. İddiaçı ona Cavabdeh bir ildən çoxdur ki, borcu olduğunu və borcu ödəmədiyini bildirmişdir. O və Emin birlikdə Cavabdeh yanına getmişlər. Cavabdeh onlara bəzi problemlərinin olduğunu, böyrəyindən əməliyyat olunduğunu bildirmişdir. Həmçinin, cavabdeh onlara iddiaçını pis vəziyyətdə qoymayacağını və borcu ödəyəcəyini də bildirmişdir. İkinci dəfə Cavabdeh yanına getdiklərində o, evini satacağını və ən geci on günə pulu verəcəyini bildirmişdir. Həmin vaxt onlar Cavabdeh ilə olan danışıqları qeydə almışlar. Həmin səs yazısında Cavabdeh 10500 manat borcu olduğunu etiraf edərək, evini, maşınını sataraq borcu ödəyəcəyini bildirmişdir. Sonradan onlar dəfərlərlə Cavabdeh ofisinə getdikdə işçilər onun işdə olmadığını bildirmişlər. Buna görə də, onlar məcbur olub polis idarəsinə, daha sonra məhkəməyə müraciət etməli olmuşlar. Həmçinin şahid cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, həmin səs yazısının yazılması barədə Cavabdeh məlumatı yox idi. İddiaçı 10 ildən çoxdur ki, bu sferada fəaliyyət göstərir. Cavabdeh yeganə şəxsdir ki, onunla müqavilə bağlanmamışdır. Səbəbi isə iddiaçı və cavabdehin 10-15 il dostluq münasibətlərinin olması olmuşdur. Həmin səs yazısında cavabdeh maliyyə problemlərinin olduğunu, VÖEN-i bağladığını bildirmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında deyil, iddiaçı ilə Cavabdeh arasında əməkdaşlıq olmuşdur. İddiaçı və cavabdehin əməkdaşlıq etdiyi müddəti bilmir. Əvvəllər də cavabdeh iddiaçıdan bilet almış, lakin pulu ödəyib-ödəməməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun iş yoldaşıdır. O, həmin şirkətdə 3 ildir ki, işləyir. Cavabdeh telefon danışıqlarına əsasən tanıyır. Cavabdeh dəfərlərlə bilet yazdırdığını, “Alfa Travel” şirkətinin direktoru olduğunu bilir. Bir neçə dəfə bilet sorğularına da o baxmışdır. İddiaçının cavabdehlə borcla bağlı danışıqlarının şahidi olmuşdur. İddiaçı cavabdehdən borcu nə zaman ödəyəcəyini soruşurdu. Həmçinin, şahid sədrlik edənin və cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının cavabdehlə nə vaxtdan əməkdaşlıq etməsi barədə məlumatı yoxdur. Əvvəllər iddiaçı və cavabdeh arasında olan pul əməliyyatlarında iştirak etməmişdir. O, rəhbərliyin Emini çağırıb borcun şişdiyini deməsini Eminin danışıqlarından eşitmişdir. Cavabdeh ofislərinə şəxsən gəlməmişdir. Əvvəllər Cavabdeh bilet aldığını və pulunu ödədəyini eşitməmişdir. 2022-2023-cü ildə Cavabdeh borcu olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMCdə 2022-ci ildən işləyir. Cavabdehi şəxsən tanıyır. Cavabdehlə borcla bağlı ofisində görüşmüşlər. İddiaçı Tural müəllimin otağından çıxandan sonra ona “Alfa Travel” şirkətinin direktoru Cavabdeh bilet yazdırdığını və borcu olduğunu demişdir. O, Milad və Emin Cavabdeh ilə borcla bağlı təxminən 2022-ci ilin axırı, 2023-cü ilin əvvəlində görüşmüşlər. Cavabdeh 10500 manat borcu olduğunu, xəstə olduğunu, müalicəsinin davam etdiyini, evi satdıqdan sonra borcu ödəyəcəyini bildirmişdir. O, Cavabdeh Eminə borcu olmasını Eminin sözlərindən bilir. Biletlərin hansı tarixdə, hansı istiqamətə yazıldığını bilmir. Cavabdeh həmin borcu qaytarmamışdır. Məhkəmə tərəfindən iş materiallarında olan diskdə əks edilmiş səs yazısına qulaq asılmış və müəyyən edilmişdir ki, Cavabdeh əvvəl biletləri satdığını, yol qəzası keçirtməsi, daha sonra xəstəxnaya düşməsi nəticəsində belə vəziyyət yarandığını, hazırda yenidən biletləri satdığını və yaxın vaxtlarda, fevralın 15-dən tez olmaqla Eminin borcunu bağlayacağını, Emini çətin vəziyyətdə qoymayacağını bildirir. Cavabdeh əvvəllər də əməkdaşlıq etdiklərini, aralarında etibar olduğunu, bir ara hətta borcun 27000 manata qədər qalxdığını və ödəndiyini, biletləri götürüb gedəndə dəyərini ödəmədiyini, özündə problem olduğunu, boşluq buraxdığını, ona görə də belə vəziyyət yarandığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, tərəflər arasında belə münasibətlərin olduğu işdə iştirak edən şəxslərin izahatı, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq edilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh 2022-ci ilin əvvəllərində ondan 10500 manat dəyərində bilet aldığını və indiyə kimi həmin biletlərin pulunu ödəmədiyini iddia edərək, həmin pulun məhkəmə qaydasından cavabdehdən tutlmasını tələb edir. Cavabdeh tərəf isə həqiqətən iddiaçı ilə cavabdeh arasında bilet satışına dair əməkdaşlıq münasibətləri baş verdiyini, lakin bu münasibətin 2021-ci ilin sonu, 2022-ci ilin əvvələrinə qədər davam etdiyini və 2022-ci ilin əvvələrinə cavabdehin hər hansı bir borcu qalmadığını iddia edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Bu zaman nəzərə alınmalıdır ki, qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin 10500 manat dəyərində bilet aldığının, cavabdehin üzərinə düşən sübutetmə yükü isə həmin pulu ödənilməsinin sübut edilməsidir. İddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş və məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 10500 manat dəyərində bilet verməsi, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarına əsasən, cavabdehin polis bölməsində verdiyi izahatla, cavabdehin diskdə əks edilmiş səs yazısına və şahid ifadələrinə əsasən öz təsdiqini tapmışdır. Lakin cavabdeh, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, "xxxx" MMC-yə 10500 manat borcu olsa da həmin məbləğin hamısını nəğd şəkildə ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 10500 manat dəyərində biletləri alsa da, həmin biletlərin pulunu ödəməyərək, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 150 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 150 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 150 manat məbləğində vəkil xidməti xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “etibarnamə üçün ödənilmiş 17,25 manat pulun İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, iddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar