Məhkəmə qərarları › İş №2(004)-4902/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4902/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4902/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh1 MTKnın binasının 1 girişində 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində “Yeni Yasamal*' MTK-nın binasının 1 girişində 14cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzilin iddiaçıya təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış 22 yanvar 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 2 otaqdan ibarət, ümumi sahəsi 98.8 kv.m olan, binanın 14-cü mərtəbəsində yerləşən 102 nömrəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. O isə müqaviləyə əsasən mənzili qəbul etməyi və müəyyənləşdirilmiş 60268 manat pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. O müqavilə üzrə öhdəliklərini icra edərək mənzilin haqqını tam şəkildə ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzili vaxtında təhvil verməmiş, yalnız 2017-ci ildə natamam binanın 14-cü mərtəbəsində yerləşən 102 nömrəli mənzilə qapı qoymağına icazə vermişdir. Mənzilə qapı qoyduqdan sonra işləri ilə əlaqədar Rusiya Federasiyasında olduğundan və pandemiya ilə əlaqədar ölkəyə gələ bilmədiyindən, bu yaxınlarda mənzilə gəldikdə mənzilinin qapısının dəyişdirildiyini görmüşdür. Məsələni aydınlaşdıranda məlum olmuşdur ki, ona məxsus mənzili 2018-ci ildə Cavabdeh2 vermişlər. Əslində isə Cavabdeh2 2018-ci ildə aldığı mənzil 12-ci mərtəbədə yerləşir, lakin mənzil başqasına satıldığı üçün sonuncuya qanunsuz olaraq ona məxsus mənzili vermişlər. Ona məxsus mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etsə də bir müsbət nəticəsi olmamışdır. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 30 mart 2007-ci il tarixdə bacısı ilə birlikdə Cavabdeh1 MTK-nın ofisində olmuş, “Yeni Yasamal MTK”-nın balansında olan mənzil almaq üçün 49400 manat ödənişi həmin gün etmiş, həmin gün onunla “Yeni Yasamal MTK” arasında müqavilə bağlanmış, "Yeni Yasamal MTK"-nın tikilməkdə olan binasında 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ona verməyi, o isə həmin mənzilin tam dəyəri – 49400 manat məbləğində pulun tam ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Mənzilin təmirini 2015-2016-cı illər ərzində aparmış, 2017-ci ildən isə həmin mənzildə yaşayır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə Cavabdeh2 izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, Cavabdeh2 izahatına oxşar məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında 30.03.2007-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə hələ tikilməkdə olan “Yeni Yasamal MTK”-nın balansında olan binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzil Cavabdeh2 təhvil verməyi, o isə mənzilin ümumi dəyəri olan 49400 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin gün mənzilin dəyəri tam olaraq “Yeni Yasamal MTK”-a ödənilmiş, bu barədə maliyyə arayışı verilmişdir. İddiaçı 2009-cu il tarixdə mübahisəli mənzili aldığını bildirsə də, həmin mənzillə keçən illər ərzində maraqlanmamışdır. Tikinti başa çatdıqdan sonra mənzil cavabdehə təhvil verilmiş, bundan sonra cavabdeh mənzilin təmirinə başlamış və 2017-ci ilin əvvəlindən həmin mənzildə yaşayır. Müqavilə 2007-ci ildə, yəni ilk olaraq Cavabdeh2 ilə bağlanmış, cavabdeh həmin mənzilə köçmüş və hal-hazırda da həmin mənzildə yaşayır. İddiaçının iddia tələbinin hüquqi əsası yoxdur, bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 22.01.2009cu il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “Yeni Yasamal MTK”-nın tikilməkdə olan binasında 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin ümumi dəyəri olan 60268 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.01.2009-cu il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan102 saylı mənzilin pay dəyərindən 20000 manat "Yeni Yasamal” MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 10.03.2009-cu il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzilin pay dəyərindən 6000 manat "Yeni Yasamal” MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 18.09.2009-cu il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzilin pay dəyərindən 10000 manat Cavabdeh1 MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 08.04.2010-cu il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzilin pay dəyərindən 21000 manat Cavabdeh1 MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “Yeni Yasamal MTK”-nın tikilməkdə olan binasında 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin ümumi dəyəri olan 49400 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.03.2007-ci il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzilin pay dəyərindən 49400 manat "Yeni Yasamal” MTK-ya Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08.10.2021-ci il tarixli məhkəmə sorğusuna gələn cavab məktubundan görünür ki, Cavabdeh2 və İddiaçı tərəfindən istintaq dövründə hər hansı müraciət daxil olmadığından həmin şəxslər ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və binanın 1-ci giriş sakinlərinin imzaları ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Cavabdeh2 2017-ci ilin əvvəlindən Yasamal rayonu, Xiyabani küçəsi, Cavabdeh1 MTK –nın balansında olan 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 102 saylı mənzildə yaşayır. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ilkin olaraq 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh2, 22.01.2009-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Cavabdeh onunla bağlanmış 30.03.2007-ci il tarixli müqavilə üzrə mənzilin əvvəlcədən müəyyənləşdirilmiş dəyərini tam olaraq ödəmiş və mənzil ona təhvil verilmişdir. Mülki işin mübahisəsiz halı, eyni zamanda ondan ibarətdir ki, Cavabdeh2 həmin mənzili təmir etdirmiş və hal-hazırda həmin mənzildə yaşayır. İş materiallarından, eyni zamanda, görünür ki, iddiaçı 22.01.2009-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə üzrə mübahisəli mənzilin dəyərini 22.01.2009-cu il tarixli, 10.03.2009-cu il tarixli və 18.09.2009-cu il tarixli, 08.04.2010-cu il tarixli maliyyə arayışlarına əsasən ödəmişdir. Hazırda iddiaçı, 102 saylı mənzilin ona məxsus olduğunu, 2018-ci ildə həmin mənzilin cavabdehə verildiyini, əslində isə cavabdehə məxsus mənzilin 12-ci mərtəbədə yerləşdiyini bildirərək, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mənzilin ona təhvil veriməsini tələb edir. Cavabdeh isə 2007-ci ildə onunla MTK arasında müqavilə bağlandığını, mübahisəli mənzilin ona təhvil verildiyini, onun tərəfindən qəbul olunduğunu, hal-hazırda həmin mənzildə yaşadığını bildirərək iddiaya etiraz edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə mübahisəli mənzilin 2018-ci ildə verildiyini, əslində onun mənzilinin 12-ci mərtəbədə yerləşən mənzil olduğunu bildirsə də, iş materiallarında olan sübutlarla bu öz təsdiqini tapmır, belə ki, 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə ilə müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilə 30.03.2007-ci il tarixdə bağlanmışdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan görüntüləri mötəbər, təqzibolunmaz sübut olaraq qəbul etmir. Belə ki, diskdə cavabdehə mübahisəli mənzilin və ya digər bir mənzilin 2018ci ildə verilməsi öz təsdiqini tapmır. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli 102 nömrəli mənzilə dair ilkin müqavilənin (30.03.2007-ci il) cavabdehlə bağlanması, cavabdeh tərəfindən mənzilin təhvil alınması və hal-hazırda orada yaşaması həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, cavabdehin mənzildən məhrum edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından əmin olmalıdır. Heç kəs hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Hazırda iddiaçı mübahisəli mənzilin 22.01.2009-cu il tarixli müqaviləyə əsasən ona məxsus olmasını bildirsə də, məhkəmə hesab edir ki, bu hal iddianın təmin olunması üçün əsas deyil. Cavabdeh mənzilə sahiblik etməyə başlamaqla, onun üzərində qanuni hüquqları yaranmışdır. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən təhvil alınmış, orada bir il ərzində təmir işləri aparılmış və 2017-ci ildən bəri cavabdeh həmin mənzildə yaşayır. Mülki Məcəllənin 435-ci maddəsinə görə, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Belə olan halda, Cavabdeh1 MTK-nın mübahisəli mənzili (eyni əşyanı) bir neçə şəxsə - Cavabdeh2, (30.03.2007-ci il tarixli müqavilə əsasında) sonra İddiaçı (22.01.2009cu il tarixli müqavilə əsasında) vermək öhdəliyini üzərinə götürmüş sayılır. Bu halda əşyanın kimə məxsusluğu qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən bir şəxsin öz davranışı ilə qarşı tərəfdə güvən oyandırdıqdan sonra bu davranışa və güvənə zidd davranması hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mübahisəli mənzilin İddiaçı təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri, Yasamal rayonu,14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzilin İddiaçı təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar