Məhkəmə qərarları › İş №2(004)-4909/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4909/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4909/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı4 nümayəndəsi Nümayəndə1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsininin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh MTK arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə müqavilə bağlanmışdır. Çoxmərtəbəli yaşayış binası tikilsə də, müqavilədə qeyd edilən müddətdə tikilməmişdir. Binada çoxsaylı yarımçıq işlər qalır. Sakinlər 2014-cü ildən başlayaraq öz mənzillərini təmir etməyə başlamış və hazırda 50-ə yaxın ailə həmin binada yaşayır. Müqavilə öhdəliklərinə əsasən texniki təhlükəsizlik qaydalarına uyğun olaraq binanın su, elektrik enerjisi və qaz təchizatı ilə təmin edilməsi, binanın kommunikasiya qurğularının tikintisi, yanğın təhlükəsizliyi avadanlıqlarının, yük liftinin quraşdırılması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, fasadın və həyətin abadlaşdırılması, bir sözlə tikintiyə aid layihə sənədlərində nəzərdə tutulmuş işlər tam başa çatdırılmamışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün bina sakinlərinin təşəbbüsü ilə elektrik enerjisi və su təchizatının qeyri-əhali qrupundan əhali qrupuna keçirilməsi üçün "Azəişıq" və "xxxx" ASC-yə dəfələrlə müraciət edilmiş, qeyd olunan qurumlar işıq və suya aid olan texniki şərtlərin təqdim olunmasını tələb etmişdir. Tələb olunan sənədlərin təqdim edilməsi üçün iddiaçılar tərəfindən dəfələrlə MTK-nın sədrinə müraciət olunsa da, həmin sənədləri təqdim etməkdən imtina edilmişdir. Binanın sakinləri yaşadıqları müddətdən bəri MTK-nın sayğacına qoşulmaqla işıq və sudan istifadə edir və istifadə olunan elektrik enerjisi və suyun dəyərini qeyri-əhaliyə satılan qiymətlə, suyun 1 m3-ni 2 manatla, elektrik enerjisinin 1kv-nı 0.09 qəpikdən ödəyirlər. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən binada liftin quraşdırılması, divarların tam və keyfiyyətlə suvanması, kommunikasiya xətlərinin mənzilə daxil olması, bütün kommunikasiya xətlərinə birləşmələrin MTK tərəfindən həyata keçirilməsi, 4.4-cü bəndinə əsasən yaşayış binasındakı payçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin verilməsi tələbləri MTK tərəfindən artıq uzun müddətdir ki, icra olunmur. xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Ona görə də, məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, tələbləri binanın təhvil verilməsi və mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin onlara verilməsidir. Eyni zamanda yük liftinin quraşdırılması və iddia ərizəsində göstərilən digər tələblərinin yerinə yetirilməsidir. Hansı ki, bütün bunlar cavabdehlə aralarında bağlanan müqavilənin 2.4 və 2.5-ci maddələrində əks olunmuşdur. Eyni zamanda pilləkənlərdə pilləkən qəfəsləri və mərtəbələrarası təhlükəsizlik tutacaqları yoxdur. Həmçinin kommunikasiya xətləri də mövcud deyil. Müqavilənin ən önəmli hissəsi 4.4-cü bəndi olan mülkiyyət hüququnu təsdiq edən sənədin sakinlərə verilməsi ilə bağlıdır ki, bu hissə də cavabdeh tərəfindən icra olunmayıb. Hal-hazırda məhərrəc qoyulub. 3-cü mərtəbəyə qədər iddiaçılar qoymuşlar. Bina on iki mərtəbəlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4 nümayəndəsi Nümayəndə1, İddiaçı2 və İddiaçı1 iddia tələblərini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə icalsında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, liftin quraşdırılması podratçı şirkət olan "xxxx" MMC tərəfindən edilməlidir. Aralarında olan müqaviləyə əsasən quraşdırılmalı olan liftin birini məhz podratçı şirkət etməlidir. İşığın əhali qrupuna keçirilməsi üçün bina sakinlərinə borcun olmaması barədə arayış təqdim etmələrini xahiş etsə də, bu arayış ona təqdim edilməmişdir. İşıq sayğacları da hazırdır. Artıq 3 ilə yaxındır ki, arayışlar ona təqdim edilmir. Bundan əlavə sayğacla bağlı rüsum ödəniləndən sonra quraşdırılacaq. Hal-hazırda işıq sayğacları mövcuddur və laboratoriyadan qeydiyyatdan da keçmişdir. Sadəcə olaraq arayış təqdim olunmadığından işıq sistemi əhali qrupuna keçirilə bilmir. Hər bir şəxsin öz adına ayrıca olaraq sayğac verilib. Sakinlər şikayət etdiklərinə görə bütün sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində qalmışdır. Buna görə də mənzil tam istismara verilməyib və sakinlərə çıxarışları da təqdim oluna bilmir. Faktiki olaraq binada 2 briqada tərəfindən təmir işləri aparılırdı. Lakin sakinlər şikayət etdiklərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib həmin briqadanı oradan çıxardı və tikinti yarımçıq qaldı. Heç kəs çıxarış almayıb. Pilləkən qəfəsləri və məhəccərlərin çəkilməsi üçün lazım olan tikinti materiallarını gətirsə də sonradan oğurlandı. Həmçinin pandemiya olduğuna görə də bugünədək gecikmə olmuşdur. Lakin bu problemi yeni ilədək aradan qaldıracaq. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 01 dekabr 2012-ci il tarixli "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış müqaviləyə əsasən MTK binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini, payçı isə bu müqavilənin maddəsində nəzərdə tutulmuş müddətlərdə pay haqqını MTK-nın hesabına ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 19.11.19-cu il tarixli Arayışdan görünür ki, İddiaçı2 196 saylı MTK-dan aldığı X5 Bünyadzadə küçəsi 39, mənzil 54 ünvanında yerləşən mənzilin pulunu tam ödəmişdir. İş materiallarında olan 10 dekabr 2015-ci il tarixli "xxxx" MTK ilə X2 arasında bağlanmış müqaviləyə əsasən MTK binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini, payçı isə bu müqavilənin maddəsində nəzərdə tutulmuş müddətlərdə pay haqqını MTK-nın hesabına ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş Arayışdan görünür ki, X1 196 saylı MTK-dan aldığı 36 nömrəli mənzilə görə borcu yoxdur. İş materiallarında olan 01 noyabr 2012-ci il tarixli "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış müqaviləyə əsasən MTK binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini, payçı isə bu müqavilənin maddəsində nəzərdə tutulmuş müddətlərdə pay haqqını MTK-nın hesabına ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1 196 saylı MTK-dan aldığı 42 nömrəli mənzilin qiymətini ödəmişdir. İş materiallarında olan “196 saylı MTK” tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 18 nömrəli məktuba əsasən müəyyən olunur ki, Yasamal rayonu, D.Bünyadzadə 39 ünvanında "xxxx" MTK-ya məxsus TMX-11-1042 saylı 25 may 2007-ci il tarixli texniki şərt tam icra olunmuşdur. Binanın mənzillərinə elektrik sayğacı quraşdırılmasına sərəncamın verilməsi xahiş edilir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-00154 nömrəli məktubda qeyd edilmişdir ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MTK-ya məxsus ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 1 girişli, 12 mərtəbəli yaşayış binasının istismara qəbul siyahısına salındığını nəzərə alaraq, binanın istismara qəbuluna aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy bildirilməsi üçün Agentliyə təcili müraciət edilməlidir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Vəkilya ünvanlanmış 03 noyabr 2022-ci il tarixli, xx/xx-07755 nömrəli məktuba əsasən müəyyən olunur ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının 1.1-ci bəndinin icrası ilə əlaqədar aparılmış müayinələr nəticəsində qeyd olunan binada yanğın təhlükəsizliyi və liftin istismarı baxımından nöqsanlar aşkar edilmişdir. Fərmanın qüvvədə olduğu müddət ərzində çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olunmadığından binanın istismara hazır olması barədə müvafiq rəyin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 55/847 nömrəli məktubdan müəyyən olunur ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 5 ərazisində inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasına çəkilmiş elektrik təchizatı haqqında "xxxx" ASC tərəfindən verilmiş TX-11/0282 saylı xx.xx.2007-ci il tarixli texniki şərtin tələbləri yerinə yetirilmişdir. Sayğacın quraşdırılmasına etiraz edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, ünvan 6 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasın "xxxx" ASC tərəfindən verilmiş TX-11-0282 nömrəli, xx.xx.2007-ci il tarixli texniki şərtlər yerinə yetirilmişdir. Yaşayış binası özünəməxsus TM-dən qidalanır. Mənzillərə sayğac quraşdırılmasına və qeydiyyata alınmasına etiraz edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 01 noyabr 2012-ci il, 01 dekabr 2012-ci il, 10 dekabr 2015-ci il tarixli müqavilələrlə "xxxx" MTK binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini, payçılar isə bu müqavilənin maddəsində nəzərdə tutulmuş müddətlərdə pay haqqını MTKnın hesabına ödəməyi öz üzərinə götürmüşdür. Belə ki, iş materiallarında olan maliyyə arayışlarından görünür ki, payçılar pay haqqını MTK-nın hesabına ödəməklə bağlı olan öhdəliklərini tam şəkildə icra etsələr də, cavabdeh müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, həmin müqavilələrin müvafiq olaraq 2.4, 2.5 və 4.4-cü bəndlərində qeyd edilmişdir ki, 2.4. ”MTK” binanın tikintisi üçün qanunvericilikdə tələb olunan bütün sənədlər tikintiyə (icazə, inşaat pasportu, təstiq olunmuş esgiz layihəsi və s.) müvafiq dövlət orqanlarından alındıqdan və ya həmin orqanlarla razılaşdıqdan sonra təsdiq olunmuş layihə üzrə ən geci 18 təqvim ayı müddətində binanın tikintisi son təmir-tamamlama işləmələri aparılmadan başa çatdırılmasını ohdəsinə götürür. 2.5. Binadakı mənzil çöl tərəfdən plastik pəncərələr və dəmir seyf qapı ilə təmin edilməli, binada lift quraşdırılması, divarların tam və keyfiyyətlə suvanması, kommunikasiya xətlərinin mənzilə daxil olması, bütün koomunikasiya xətlərinə birləşmələr MTK tərəfindən həyata keçirilir. 4.4. Yaşayış binasıdakı payçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirinə qeydə alınması və bu barədə mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənədin verilməsi ilə əlaqədar qanunvericilikdə tələb olunan xərcləri tərəflər ayrı-ayrılıqda çəkirlər. Məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, habelə digər sənədlərdən məlum olur ki, cavabdeh müqqavilə ilə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş, iddia tələbində qeyd edilən ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsi üzrə öhdəliklərini icra etməmişdir. Belə ki, iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-00154 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yanğın təhlükəsizliyi və liftin istismarı baxımından nöqsanlar aşkar edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar