Məhkəmə qərarları › İş №2(004)-4914/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-4914/2020

09.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4914/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İmanöv Anar Azər oğlu ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-754/2013 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzilindən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçmüş, lakin yaşayış yeri üzrə qeydiyyatda qalmışdır. Hesab edir ki, cavabdeh 2013cü ilin sonundan mülkiyyət hüququ əsasında ona məxsus mənzildən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb yaşamaqla, elə həmin vaxtdan qeyd olunan mənzildən istifadə hüquqlarını itirmişdir. Yəni, cavabdeh özü başqa yerdə mənzil əldə etdiyindən, onun mübahisəli mənzildə ev şəraitində yaşama ehtiyacı və mənzildən istifadə hüququnun əsasları aradan qalxmışdır. Cavabdeh ona məxsus mənzilə qeydiyyatının qalması notariat əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia ərizəsinin məzmununa uyğu izahat təqdim verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-754/2013 saylı qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X1 anasının yanında qaİması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş MA seriyalı, ******* nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzili xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzili ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığı üçün hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin və qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını, Cavabdeh daimi başqa yerdə yaşamasını, onun mübahisəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilməklə xitam verilməsini zəruri edən əsasların (yaşayış sahəsinə ehtiyac) olmamasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququnun saxlanılmasına zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 34 saylı evin 13 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin və onun istifadə hüquqlarına xitam verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar