Məhkəmə qərarları › İş №2(004)-4916/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4916/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4916/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 69 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzili 141.500 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 11 və 13-cü bəndlərinin şərtlərinə əsasən satıcı xx.xx.2019-cu il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi və mənzildən qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür. İş materillarında olan notariat işindəki X4 ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilin satılmasına etiraz etməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 ünvan 1 ünvanında yerləşən 69 saylı mənzildə qeydiyyatdadırlar.Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 69 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və hüquq normalarını nəzərə almaqla, məhkəmə qənaətə gəlir ki, cavabdehlərin həmin mənzildə istifadə hüququnun olması iş materialları ilə müəyyən edilmir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini istəyir. Lakin sübutetmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququnun hansı əsasla yaranması məhkəmə baxışı zamanı və iş materialları ilə müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışını verən 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göründüyq kimi, Cavabdeh1 mübahisəli mənzili özgəninkiləşdirmiş və həmin mənzilə dair onun adına aparılmış qeydiyyat yazısı ləğv edilmiş, bununla da, onun həmin məzildən istifadə hüququ itirilmişdir. Habelə, Cavabdeh1 qeyd edilən mənzildə pasport qeydiyyatında qalsa da, faktiki olaraq orada yaşamır. Eyni zamanda, digər cavabdehlər, yetkinlik yaşına çatmayan Cavabdeh2 və X1 hazırda mənzilə olan qeydiyyatlarının ləğv olunduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə iddianı cavabdehlərin istifadə hüquqlarının olmasının müəyyən edilə bilməməsi səbəbindən rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 ünvan 1 ünvanında yerləşən 69 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar