Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-492/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc və maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 24.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat və dəymiş ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10.01.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh 3000 manat, dəymiş maddi ziyanın əvəzi olan 1500 manat, şahid qismində dindirilmiş şəxsin məhkəmə iştirakı etməsi üçün çəkilmiş 80 manat yol xərcinin, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin yazılması üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh Azərbaycana gələn əcnəbi vətəndaşlara gündəlik evləri kirayə verən şəxs kimi tanımışdır. O həmin dövrdə Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Papaq” mağazsında satıcı kimi işləmişdir. Sonradan Pərviz ilə yoldaşlıq münasibətləri yaranmışdır. 7 avqust 2021-ci il tarixdə Pərviz ona zəng vuraraq üç min manat pula ehtiyacı olduğunu, səbəb kimi isə qonaqlarının olduğunu və kirayə ev götürmək istədiyini bildirmişdir. Ondan aldığı borc pulu isə 9 avqust 2021-ci il tarixdə geri qaytaracağına söz vermiş, o da Pərvizin səmimiyyətinə və dürüstlüyünə inanaraq ondan istədiyi üç min manat pulu 7 avqust 2021-ci il tarixdə ona vermişdir. Pulu götürərkən bir daha avqust ayının 9-u qaytaracağına söz vermişdir. Lakin 9 avqust tarixində Pərvizə zəng vuran zaman qonaqlarından pulu ala bilmədiyini bildirmiş, pulu bir neçə günə qaytaracağına yenidən söz vermişdir. Buna baxmayaraq həmin müddətdən bu günə kimi Pərviz onun pulunu geri qaytarmamışdır. Sonradan öyrənmişdir ki, Pərvizin başqa şəxslərə də borcu vardır. Daha sonralar Pərvizə zəng vuran zaman o gah telefonlara cavab verməmiş, gah da fərqli bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Suala cavab olaraq bildirir ki, şahidin yol xərcinə aid qəbzi yoxdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşıyıcı diskdə olan videogörüntüdən müəyyən olunur ki, cavbadeh Cavabdeh Şahid şəxsən təhvil almaqla 3000 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan səs yazısından müəyyən olunur ki, cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı onun yanına bir nəfərin gələcəyini və ona üç min manat məbləğində pul verməyi bildirmişdir. Həmin adam gəlmiş, o da iddiaçının bildirdiyi məbləğdə pulu ona vermişdir. İşin müəyyən edilmiş halları odur ki, cavabdeh Şahid şəxsən təhvil almaqla 3000 manat məbləğində pul götürmüşdür. Şahid isə ifadəsində həmin pulun iddiaçıya aid olduğunu və onun göstərişi əsasında cavabdehə verdiyini bildirmişdir. Hazırda iddiaçı cavabdehin dəfələrlə borcu qaytaracağını bildirməsinə baxmayaraq bunu etmədiyini bildirərək cavabdehdən 3000 manat məbləğində borcun, maddi ziyan və xərclərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 3000 manat məbləğində borcunun olması iş materialları və şahid ifadəsilə öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dəymiş maddi ziyanın əvəzi olan 1500 manat, şahid qismində dindirilmiş şəxsin məhkəmə iştirakı etməsi üçün çəkilmiş 80 manat yol xərcinin, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin yazılması üçün ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də bununla bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-492/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-492/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver