Məhkəmə qərarları › İş №2(004)-4931/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4931/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4931/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərimova (Cəfərova) Vüsalə Qulamhüseyn qızının onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 3147 saylı evin, 11 saylı mənzilinə istifadə hüququnun itirlimiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X4 cavabdeh Kərimova (Cəfərova) Vüsalə Qulamhüseyn qızı ilə xx xxxxxxxx 2003-cü il tarixdə nikaha daxil olmuşdur. Bu nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi (keçmiş 1- ci Yasamal küçəsi) ev 3147, mənzil 11 ünvanında yerləşən bu mənzil Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin verdiyi seriya ÖM 107765 saylı, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Bu mənzil ona Daxili İşlər Nazirliyində işlədiyi zaman mənzil qeydiyyatında olduğu üçün 1981-ci ildə verilmişdir. Mənzil 2 otaqdan və 27 kv.m yaşayış sahəsindən ibarətdir. Bu mənzildə o, həyat yoldaşı L.Ə.Cəfərova, nəvəsi X3 və Cavabdeh pasport qeydiyyatındadırlar. Cavabdeh bu mənzildə daima yaşamamışdır. Cavabdehin yoldaşı oğlu Azad Cəfərov bir hərbiçi kimi sərhəd qoşunlarında xidmət etmiş və həmişə xidməti evlə təmin olunduğundan ailəsi ilə, yəni cavabdehlə bu xidməti evlərdə yaşamışdır. Oğlu ilə cavabdeh arasında nikah pozulduqdan sonra, cavabdeh evdə olan bütün əşyaları da götürüb bu mənzildən çıxmışdır. Cavabdeh əvvəllər Salyan rayonunda pasport qeydiyyatında olmuş, Bakıda yaşayarkən pasport almaq üçün rayona getməməsi üçün Bakı şəhərində pasport qeydiyyatına alınmışdır. Bu mənzilin mülkiyyətçisi kimi ondan razılıq alınmamışdır. Cavabdehin pasport qeydiyyatı sadəcə olaraq formal xarakter daşıyır. Cavabdehin onun mülkiyyətində olan bu mənzildən istifadə hüququ yaranmamışdır. Daha sonra o, uzun illərdir ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 107765 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 3147 saylı evin, 11 saylı mənzil xx.xx.2002-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 3147 saylı evin, 11 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qonşular Allahverdiyeva Südabə, Kazımova Sərvər və Nəzərli Suqra tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh 2018-ci ilin may ayından ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildə yaşamır. İş materiallarında olan 2(004)-3726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamədən görünür ki, X4 ilə X1 arasında xx xxxxxxxx 2003-cü il tarixdə Bakı Şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuşdur. Beləliklə, iddiaçının izahatından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın olmuşdur ki, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 2003-cü ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı mübahisəli evə keçmiş gəlini Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, mövcud iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar