Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4936/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı 19.11.2014-cü il təvəllüdlü X3 ilə birlikdə onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsindəki 106 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, FM 037820 nömrəli 21.05.1981-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsində yerləşən 106 saylı evin 7/20 hissəsi İddiaçı mülkiyyətindədir. İş üzrə cavabdeh olan Cavabdeh iddiaçının oğlu X4 ilə 04.10.2012-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahlarından 19.11.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli 2(004)-261/2019 nömrəli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 04.10.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 19.11.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh nikah pozulmamışdan əvvəl əşyalarını da götürərək qızı Mədinə ilə birlikdə iddiaçının evini tərk edərək köçüb getmiş, sonradan isə boşanmışdır. Cavabdehə aid heç bir əşya iddiaçıya aid mənzildə qalmamışdır. Cavabdeh iddiaçının ailə üzvü deyildir və iddiaçıya məxsus mənzildə yaşamır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1138 nömrəli Poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydı yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin, “AZEMİS” vasitəsilə +**********72 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri baradə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, FM 037820 nömrəli 21.05.1981-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsində yerləşən 106 saylı evin 7/20 hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X4 ilə 04.10.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan onların 19.11.2014-cü il təvəllüdlü X3 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli 2(004)-261/2019 nömrəli qətnaməsi ilə Cavabdeh və X4 arasında 04.10.2012-cı il tarixdə 1176 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 19.11.2014cü il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh iddiaçının oğlu X4 ilə 04.10.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsində yerləşən 106 nömrəli evə qeydiyyata alınsa da, cavabdehin həmin evdən istifadə hüququnun yaranmasına dair noratial qaydada təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Yəni, cavabdeh iddiaçının mülkiyyətindəki evə istifadə hüququ əldə etməmişdir. Cavabdeh 07.01.2019-cu il tarixdə nikahı pozulandan sonra iddiaçıya məxsus olan evdə faktiki olaraq yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının oğlu ilə nikahda olduğu dövrdə iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlin-qaynana arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və halhazırda iddiaçının oğlu ilə cavabdehin ailə münasibələrinə də xitam verilmişdir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin ev üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də, cavabdehin mövcud olmayan istifadə hüququ itirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.04.2003cü il tarixli 55S nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh və yetkinlik yaşına çatmayan övladı ilə birlikdə iddiaçının mülkiyyətindəki evə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladı 19.11.2014-cü il təvəllüdlü X3 ilə birlikdə İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsindəki 106 nömrəli fərdi yaşayış evinə (7/20 pay) istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə, Cavabdeh yetkinlik yaşına çatmayan övladı 19.11.2014-cü il təvəllüdlü X3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsindəki 106 nömrəli fərdi yaşayış evindən (7/20 pay) qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4936/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4936/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver