Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4936/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti olmaqla) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki iş (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti olmaqla) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti olmaqla) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsistemə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə heç vaxt əmək müqaviləsi ilə çalışmamışdır və elə bir qurumun olması barədə heç bir məlumatı olmamışdır. Lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafilə Nazirliyinin ona verilən müraciət vərəqəsində hazırda guya Cavabdeh MMC-də rəsmi əmək müqaviləsi ilə çalışdığı qeyd olunmuşdur. Hazırda ailəsini dolandırmaq üçün başqa işlə rəsmi qaydada məşğul olmağa başlamışdır. Hazırda özünə rəsmi iş yeri tapmışdır. Lakin onu işə götürmək istəyən onun hazırda şirkətdə adının olduğunu və əmək müqaviləsinə xitam verilmədiyindən onu işə götürmürlər. Hazırda işsizdir sistemdə adının olması ona bir sıra problemlər yaradır. Ailəsini dolandıra bilmir. İşsiz qalmağı ailəsində maddi sıxıntıların olmasına gətirib çıxarıb. Bununla bağlı DSMF-nin X1 müraciət etdi. Cavabında isə imtina edilərək məhkəməyə müraciət edilməyi tövsiyə edilmişdir. Hazırda o işsizdir, heç bir yerdə onu işə götürmürlər. İş tapmaqda isə çətinlik çəkir. Ona görə də hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh MMC-də ümumiyyətlə işləməmiş, həmin hüquqi şəxslə əmək müqaviləsi bağlamamış, ünvanlı sosial yardımla bağlı müvafiq orqana müraciət etdiyi zaman ona Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi bildirişinin olması məlum olmuşdur. Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə müraciət etmək istəsə də, lakin ünvanlarında olmadıqlarından, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin əmək müqaviləsinə xitam verilməsinin mümkün olmamışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir.
6. Məhkəmə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də müddətsiz əmək müqaviləsi üzrə menecer vəzifəsində işləyir, aylıq əmək haqqının məbləği 250 manatdır.
9. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır.
11. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir.
12. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
13. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.
14. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
15. Göründüyü kimi, ərizəçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə və üçüncü şəxsə müraciət etmiş, lakin həmin orqan bu hüquq onlarda olmadığını əsas gətirərək imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yalnız müvafiq məhkəmə onlara bu hüququ verdiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edə bilərlər. Cavabdeh isə iddiaçının müraciətinə heç bir cavab verməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən kənar başqa qaydada həyata keçirə bilmir.
16. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC-də menecer vəzifəsində işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Xidmətinə həvalə edilməlidir.
V. Nəticə:
17. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsistemə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ülkər Xəlil