Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4936/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik xəstəxanası publik hüquqi şəxsinə qarşı xəstəlik vərəqəsi əsasında pulun, gecikdirilmiş vaxt üçün ödəncin və sosial sığorta haqlarının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: xəstəlik vərəqəsi əsasında pulun ödənilməsi, sosial sığorta haqlarının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi X12, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik xəstəxanası publik hüquqi şəxsinə qarşı xəstəlik vərəqəsi əsasında pulun, gecikdirilmiş vaxt üçün ödəncin və sosial sığorta haqlarının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
2. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsəsi oğlu İddiaçıdur və o miras əmlakdan 1/1 hissədə irs almalıdır.
3. ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X1 xx.xx.1998-ci il tarixdə Akademik M.Ə.Mirqasımov Respublika Klinik xəstəxanasında Poliklinika şöbəsinə həkim-oftalmoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə X9 Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələri İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyinə verilmiş, xx.xx.2021-ci il tarixdən struktur və ştat dəyişikliyi ilə əlaqədar olaraq poliklinika şöbəsinə həkim-oftalmoloq vəzifəsinə keçirilmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 74-cümaddəsinin “e” bəndinə əsasən vəfatı əlaqədar əmək müqaviləsinə xiatm verilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz filialının məktubundan görünür ki, N.Əliyevaya aid əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı cədvəldə qeyd olunan dövrlər üzrə haqq-hesab cədvəllərinin daxil edilmiş və qanunvericiliyə uyğun emal edilərək ümumilikdə 5610,60 manat müavinət məbləği ödənişə göndərilmişdir.
5. xx.xx.2024-cü il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, İddiaçı kart hesabına X3 dəfn üçün müavinat və əmək haqqı məbləği 1026,70 manat məbləğdə pul ödənilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Dövlət Sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlanılmışdır. 2006-cı ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək X4 sığortaedən tərəfindən hesablanmış məbləğ 10555,86 manat, ödənilmiş məbləğ 10555,93 manat təşkil edir.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Akedemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, N.İddiaçıaya aid əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı qeyd olunan dövrlər üzrə haqqı-hesab cədvəllərinin daxil edildiyi və qanunvericiliyə uyğun emal edilərək ümumilikdə 5610,60 manat müavinət məbləği ödənişə göndərilmişdir. Təqdim olunmuş haqq-hesab cədvəlləri üzrə müavinət hesablanarkən N.İddiaçıanın əmək fəaliyyəti stajı və xəstəlik vərəqələrində göstərilmiş diaqnozu nəzərə alaraq müavinət məbləği DSMF tərəfindən 100 faizlə hesablanaraq ödənilmişdir. Əmək qabiliyyətinin müvəqqəti olmamasına görə müavinət hesablanarkən N.İddiaçıanın həmin dövrlər üçün AR Nazirlər Kabinetinin təsdiq etdiyi X13 üzrə təsdiqlənmiş aylıq tarif maaşı götürülmüşdür. 2024-cü ildə təqdim olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələri üzrə müavinət hesablanarkən müvafiq qanunvericliyə uyğun olaraq əvvəlki 12 ay işləmədiyinə görə X13 üzrə təsdiqlənmiş orta aylıq əmək haqqısı götürülmüşdür.
8. Akedemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinin X5 barəsində əmək haqqı və sair gəlirlər haqqında arayışından görünür ki, yanvar 2022-ci il tarixdən dekabr 2024-cü il tarixədək dövr üzrə X13 və İcbari Tibbi Sığorta üzrə sabit həvəsləndirici əlavə (İTS) olaraq ödənişlər hesaba köçürülmüş, “xəstəlik vərəqəsi əmək haqqı” təyinatlı 651,34 manat məbləğdə pul hesablanmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, götürülməmiş əmək haqqı, müavinətlər, xəstəliklə bağlı yığılmış vəsaitin, yəni xx.xx.2022cü il tarixdən rəhmətə gedən günədək yəni xx.xx.2024-cü il tarixədək ödənilməmiş 19290 manat xəstəlik vərəqəsi pulunun ödənilməsi digər dövrlərdə gecikdirilməsinə görə xəstəlik vərəqəsi pullunun hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqları və digər vəsaitlərin ödənilməsi ödədiyi 148 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, 2022-ci il 23 iyun tarixində anası X3 MRT analizindən sonra onkoloji xəstəlik olduğu müəyyən olunmuş, ona sol beyin yarımkürəsinin görmə qabarının şişi diaqnozu qoyulmuşdur. Anası 30 ilin həkimi olmuşdur. 1987 ci il tarixdə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. 1993-cü il tarixdə həmən universiteti bitirmişdir. 01 Avqust 1993-cü il tarixdən 30 iyun 1994-cü il tarixədək Zərifə Əliyeva adma Milli Aftalmologiya insitutunda intema kursu keçmişdir. 36 il iş stajı vardır. Tibb universitetini bitirdikdən sonra təyinatı üzrə Qobustan (keçmiş Şamaxı rayonu Mərəzə kəndi) rayon xəstəxanasında Oftalmoloq (göz həkimi) işləmiş 1998-ci il tarixdən Bakı şəhəri, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik xəstəxanasında Oftalmoloq (göz həkimi) olaraq rəhmətə gedən günə qədər fəaliyyətini davam etdirmişdir. And içdiyi Hippokrat andını, həkim peşəsini həmişə uca tutaraq minlərlə insanın gözlərini müalicə etmiş onlara köməklik göstərmişdir. 52 yaşında xəstələnərək baş beyin törəməsi xəstəliyinə (beyin xərçənginə) tutulmuşdur. xx.xx.2022-cü il tarixdən rəhmətə gedən günədək yəni xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar olaraq işə çıxmamışdır. Əmək Qabiliyyətinin müvəqqəti itirilməsi olan dövrdə Xəstəlik vərəqəsi pulunu düzgün hesablayıb vermirdilər. Dəfələrlə xəstəxanaya müraciətinə baxmayaraq Xəstəlik vərəqəsi pulunu düzgün hesablayıb vermədilər. xx.xx.2023-cü il tarixdən ümumiyyətlə əmək qabiliyyətinin olmaması vərəqəsinə görə pulunu vermədilər. xx.xx.2024-cü il tarixdə rəhmətə gedən gündən 52 saylı Notariat kontorunda Vərəsəlik işi açıldı. 15 iyul və 16 noyabr 2024-cü il tarixdə 52 saylı Notariat kontoru tərəfindən məhrum anası X3 götürülməmiş əmək haqqının, müavinətlərin, xəstəliklə bağlı yığılmış vəsaitin və digər vəsaitlə bağlı məlumat verilməsi ilə məktub göndərildi. Axırıncı dəfə xx.xx.2025-ci il tarixdə həmən şöbədə oldu. xx.xx.2025-ci il tarixdə Əmək Müfəttişliyinə ərizə ilə müraciət etməyinə baxmayaraq bu günə qədər cavab verilməmişdir. xx.xx.2025-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı X7 müraciət etmiş, xx.xx.2025-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məktub aldı. Həmin məktubda Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına bildirilmişdir ki, qeyd edilənləri araşdırılaraq müraciət müəllifinə və TƏBİB-ə məlumat verilməsini qeyd etmişdilər. xx.xx.2025-ci il tarixdə Akademik M.Ə. Mirqasımov adma Respublika Klinik Xəstəxanasından 18-1-3/2-1693/2025 nömrəli məktubla məhrum anasına iki il ərzində 5610 manat xəstəlik vərəqəsinə görə ödənildiyini bildirmişlər. Belə çıxır ki, məhrum anası 36 il iş stajına malik olması və iki ildə əmək qabiliyyətinin olmaması vərəqəsinə görə 5610 manat pul ödənilmişdir. Mərhum anası 2022-ci ildə 650 manat 2023-cü ildə 1100 manat 2024-cü ildə 1300 manat əmək haqqı alırdı. Cavabdehin ünvanladığı məktubda keçən dövrdə 5610 manat pul ödənilmişdir.
b) iddiaya qarşı etiraz
11. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır, əgər 14 gün ərzində xəstəlik vərəqəsi əsasında pulu onlar ödəyir. Qalan məbləği isə Dövlət Sosial Müdafiə fondu ödəyir. Xanımın öz hesabına çıxdığı məzuniyyətlər çox olduğuna görə yekunda məbləğ az hesablanır. Əmək haqqı ödənilib. 3 faizi isə Dövlət Sosial Müdafiə fondu ödəyib. Sosial ödənişlər də ödənilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: ... Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır; Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Maddə 157.
1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər;
2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər;
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir;
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir;
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir; Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; Maddə 304.
2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir; Maddə 306.
1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir;
2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır; Maddə 307.
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında” “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir;
3. Sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir.
15. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; Sığortaolunanların vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq; sosial sığorta haqqını vaxtında ödəmək.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə: Bənd 2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Bənd 6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır; Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır; Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir; Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir; Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
20. İddiaçı tələbləri vərəsə olaraq iddiaçının mərhum anasının iş yerindən alınmalı olan ödənclərin verilməsi ilə bağlıdır. X2 Akedemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində işlədiyi, xx.xx.2022-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar olaraq işə çıxmadığı işin mübahisəsiz hallarıdır.
21. İddiaçının birinci tələbi götürülməmiş əmək haqqı, müavinətlər, xəstəliklə bağlı yığılmış vəsaitin ödənilməsi ilə bağlıdır.
22. Lakin mərhum Nəzakət Əliyevaya münasibətdə cavabdeh tərəfindən ödənilməmiş qalan hər hansı əmək haqqı məbləği, müavinət və xəstəlik vərəqəsi əsasında ödənilməli məbləğ iş materialları ilə müəyyən edilmir.
23. İş materiallarına əlavə edilmiş əmək haqqı və sair gəlirlər haqqında arayışından görünür ki, yanvar 2022-ci il tarixdən etibarən aylar üzrə hesablanmış əmək haqqı - X13 (VTC) və İcbari Tibbi Sığorta üzrə sabit əlavə (İTS) aylar üzrə müvafiq qaydada işçinin hesabına köçürülmüşdür. Həmin arayışdan eyni zamanda görünür ki, “xəstəlik vərəqəsi əmək haqqı” təyinatlı 651 manat məbləğdə pul hesablanmışdır.
24. Ödənilməmiş xəstəlik vərəqəsi pulunun 19290 manat təşkil etdiyi sübut olunmur. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “Qeyd” hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
25. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə əsasən də əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
26. Yəni, qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işəgötürən (sığorta edən) olaraq hazırkı iş üzrə cavabdehin müavinətin ödənilməsi ilə bağlı öhdəliyi yalnız ilk 14 gün üçün yaranır.
27. İddiaçının növbəti tələbi xəstəlik vərəqəsi pullunun hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödəncin ödənilməsi ilə bağlıdır. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, xəstəlik vərəqəsi əsasında ödənilməli pulun işəgötürən tərəfindən gecikdirilməsi faktı hazırkı iş üzrə öz təsdiqini tapmır. Digər tərəfdən, xəstəlik vərəqəsi əsasında ödənilməli pulun gecikdirilməsinə görə bir faiz məbləğdə ödəncin ödənilməsi üçün müvafiq qanuni əsas mövcud deyil. Əmək Məcəlləsinin 172.5-ci maddəsində yalnız əmək haqqının verilməsinin gecikdirildiyi hala görə faizin hesablanaraq ödənilməsi təsbit edilmişdir.
28. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hissədə də tələb təmin edilə bilməz.
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2006-cı ilin yanvar ayından 2024cü ilin dekabr ayınadək X4 sığortaedən tərəfindən hesablanmış məbləğ 10555,86 manat, ödənilmiş məbləğ 10555,93 manat təşkil edir. Yəni, işəgötürən tərəfindən hesablanaraq ödənilməmiş sosial sığorta haqqı mövcud deyil.
30. Göründüyü kimi, iddiaçının çoxşaxəli tələblərinin heç biri öz təsdiqini tapmır, bu halda isə iddia tələbləri təmin edilə bilməz.
31. Beləliklə, məhkəmə sadalananlara əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik xəstəxanası publik hüquqi şəxsinə qarşı xəstəlik vərəqəsi əsasında pulun, gecikdirilmiş vaxt üçün ödəncin və sosial sığorta haqlarının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə