Məhkəmə qərarları › İş №2(004)-494/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-494/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-494/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Nəzərova (Əlibəyova) Həcər Elşən qızının Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəzərova (Əlibəyova) Həcər Elşən qızı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2910 saylı nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2910 saylı nikah qeydə alınmışdır. Lakin onlar rəsmiyyətdə ailə hesab olunsalar da, faktiki olaraq onların heç bir ailə münasibətləri olmamışdır. Belə ki, bu nikah yalnız rəsmiyyət xatirinə bağlanmışdır. Onların el adəti ilə də toyları olmamış və faktiki olaraq da ailə münasibətləri olmamışdır. Nikahları bağlanan gündən hal-hazırki vaxta qədər də hər biri ayrı-ayrılıqda başqa ünvanlarda yaşamışlar. Ona görə də aralarında bağlanmış bu nikah qeydi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah yalnız rəsmiyyət xatirinə bağlanmışdır. Belə ki, iddiaçı Rusiya Federasiyasında təhsil alırdı, və pandemiya bir tərəfdən, maddi çətinlik digər tərəfdən problem yaradırdı, buna görə də iddiaçı Azərbaycan Respublikasına köçüb burada təhsili davam etmək istəyirdi. Universitet isə bildirmişdir ki, bunun üçün üzrlü səbəblər göstərilməlidir. İddiaçı da ailə qurduğunu bildirmişdir. Eyni zamanda cavabdeh də sosial evlərdən almaq istəyirdi və ona bildirmişlər ki, subaylara 01 otaqlı ev verirlər, ailəli olanlara isə 02 otaqlı ev. Bu səbəbdən də iddiaçı ilə cavabdeh bu məqsədlə nikah bağlamışlar. Həmin məktəbdə bir yerdə oxuyublar, həm də ailələri bir birini tanıyır. Cavabdehin rəsmi iş yeri olmadığından sosial evi də ala bilmədi. İddiaçı hal-hazırda Bakı şəhərindədir. Nikah yalnız formal bağlanılıb, faktiki yaşayış olmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf edərək bildirmişdir ki, cavabdeh onun oğludur, o, 1998-ci il tarixdə anadan olmuşdur. O, sosial evlərdən almaq istəyirdi və ona bildirmişlər ki, subaylara 01 otaqlı ev verirlər, ailəli olanlara isə 02 otaqlı ev. İddiaçı ilə məktbədə bir oxuyublar, həm də ailələr bir birini tanıyırdı. İddiaçı da Azərbaycan Respublikasına köçüb burada təhsili davam etmək istəyirdi, buna görə bu məqsədlə formal olaraq nikaha daxil oldular, onun da məlumatı var idi. Heç bir elçilik, el adəti ilə toy olmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, orta təhsillidir, işləmir, cavabdehin uzaq qohumudur. Cavabdeh sosial ev almaq istəyirdi, sonra dedilər ki, yalandan nikah bağlasa bəlkə ev işi alınar. Təxminən 3-4 ay olar ki, bu söhbəti eşitmişdir. Əvvəllər qızı cavabdeh gildə görürdü, onların ailələri əvvəldən tanış idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, orta təhsillidir, işləmir, ailəlidir, cavabdehin qohumudur. İddiaçı və cavabdeh birlikdə oxuyub. Cavabdeh sosial ev almaq istəyirdi, buna görə nikah bağladılar, o da alınmadı. İddiaçı ilə babaları uzaq qohumdur. O, Mirzə ilə yaxındır, Mirzə ona dedi ki, məktəbdən tanıdığı qızla formal olaraq evlənir, sonra sosial ev ala bilmədilər. Onlar ər-arvad kimi birlikdə yaşamayıblar. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 530097 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2910 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əlibəyov, arvada Əlibəyova soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə görə etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamış, birgə nikahdan övladları yoxdur. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal tərəflərin etiraf edici izahatları ilə də, öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayılır. Göründüyü kimi, bu maddədə “niyyət’’ ifadəsindən istifadə olunub, niyyət isə zamana görə qüvvəsi baxımından iki yerə bölünür: 1) indiki zaman üçün qüvvəsi olan niyyət; 2) gələcək zaman üçün qüvvəsi olan niyyət. Nikahın qeydiyyatı zamanı indiki zaman (qeydiyyat anı) üçün qüvvəsi olan niyyət tələb olunur, çünki nikah indi bağlanır. Lakin gənclər nikah haqqında akt qeydləri kitabını imzalayarkən gələcək zaman üçün (toyun təyin olunduğu tarix üçün) qüvvəsi olan niyyət ifadə edirlər, yəni ailəni gələcəkdə qurmaq istəyirlər, bu isə baş tutmur. Ona görə də nikah “ailə qurmaq niyyəti olmadan bağlanan nikah” kimi etibarsızdır. Bu zaman sual yarana bilər ki, əgər ailənin qurulması baş tutsaydı, eyni məntiqlə bu halda həmin nikah etibarsız sayılırmı? Xeyr, çünki bu halda “niyyətlə” bağlı qanunvericinin qarşıya qoyduğu məqsəd təmin olunmuş olur. Müqayisə üçün qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 27-ci maddəsində nikahın etibarsız sayılmasını aradan qaldıran halları müəyyən edilib. Ailə Məcəlləsinin 27.3-cü maddədə həmin hallardan biri belə göstərilib: “Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz”. Eyni məntiqlə demək olar ki, nikah bağlanan zaman (toydan əvvəl) həmin an üçün ailə qurmaq niyyəti olmayan şəxslər, sonradan (toy günü) ailə qururlarsa, bu nikah (toydan əvvəl qeydə alınan nikah) etibarsız sayıla bilməz. Bəziləri nikahın qeydə alınmasını ailənin qurulması kimi təqdim edə bilər, lakin “ailə” və “nikah” anlayışları eyniləşdirilməli deyildir. Ailə - nikaha və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Nikah ailə deyil, ailənin birləşdirici əsaslarından biridir. Ailənin iki birləşdirici əsası var: 1) nikah (ər-arvad arasında); 2) qan qohumluğu (valideyn və övlad arasında, qardaş və bacı, baba və nənə arasında və sair). Ailənin yaranması üçün bu birləşdirici əsaslardan heç olmasa biri mövcud olmalıdır. Əgər həmin birləşdirici əsaslardan heç biri mövcud deyildirsə, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bir-birinə bağlı olan iki və ya daha çox insanın yaratdığı kiçik sosial birlik ailə hesab olunmur. Nikahın etibarsızlığı barədə belə iddiaların düzgün həll edilməsi üçün həm də “nikah nədir?” sualına cavab verilməlidir. Nikahın anlayışı Ailə Məcəlləsinin 2.3-cü maddəsində belə müəyyən edilib: nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Anlayışdan göründüyü kimi, nikah ittifaqdır, ittifaqın əlamətləri isə aşağıdakı kimidir: 1) ittifaq kişi ilə qadının arasında olmalıdır; 2) ittifaq ailə qurmaq məqsədilə olmalıdır; 3) ittifaq könüllü olmalıdır; 4) ittifaq qeydiyyata alınmalıdır. Göründüyü kimi, toydan əvvəl akt qeydləri kitabında aparılan qeydiyyat ittifaqın özü deyil, onun əlamətlərindən biridir, ittifaq - sözün ən ümumi mənasında insanların birləşməsidir. Cəmiyyətdə insanlar arasında müxtəlif birləşmələr mövcuddur: əmək kollektivi (iş üçün yaradılan birləşmə), sinif (təhsil üçün yaradılan biləşmə), komanda (idman üçün yaradılan biləşmə), nikah (ailə üçün yaradılan birləşmə) və s. Əgər ittifaq (insanların birləşməsi) mövcud deyildirsə, nikah haqqında akt qeydləri kitabında aparılan qeydiyyat etibarsız sayılır. Çünki, qeydiyyat ittifaqın (insanların birləşməsinin) özü deyil, onun əlamətlərindən biridir, ittifaqın (insanların birləşməsinin) özü yoxdursa, onun əlaməti əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, tərəflərin nikahı rəsmi qeydə alınsa da, onlar arasında ittifaq (insanların birləşməsi) mövcud olmamışdır. Belə ki, nikah haqqında akt qeydləri kitabı imzalanarkən və bundan sonra tərəflərin ailə qurmaq niyyətləri olmamışdır, ittifaq (insanların birləşməsi) baş tutmadığına görə ailə (nikaha əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlik) mövcud deyildir. Nikah qeydə alınarkən qeydiyyat şöbəsi tərəfindən qanun pozuntusuna yol verilməyib, nikahın etibarsızlığına səbəb tərəflərin öz davranışları olmuşdur. Məhkəmə hesab edir ki, tərəflərin əslində ailə qurmaq niyyəti olmadığından tərəflər arasında bağlanılmış nikah saxta hesab edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin nikah bağlamasındakı məqsədi ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə X4 arasında 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2910 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nəzərova (Əlibəyova) Həcər Elşən qızı ilə Cavabdeh arasında 03 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2910 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar