Məhkəmə qərarları › İş №2(004)-4954/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4954/2025

06.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4954/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1n nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 publik hüquqi şəxs və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 publik hüquqi şəxsə qarşı “xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barədə qəbul etdiyi yazılı xəbərdarlıq və intizam tənbehi kimi töhmət əmrlərinin ləğv edilməsi, 1000 manat mənəvi zərərin, 60 manat mediasiya xərcinin cavabdehdən tutulması və cavabdehin vəzifəli şəxsləri barədə xüsusi qərardadın çıxarılması barədə qətnamə qəbul edilməsini xhaiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini vurulmuş zərərin ödənilməsi hissəsində artırmış və cavabdehdən 20.000 manat fiziki və mənəvi zərərin tutulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli vəsatət əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində Cavabdeh1 tərəfindən qəbul edilmiş yazılı xəbərdarlıq və töhmət intizam tənbehi barədə əmrlər qanunsuzdur. Həmin əmrlər cavabdeh orqanın yeni rəhbərliyinin iddiaçıya olan qərəzli münasibəti əsasında qəbul edilmişdir. Əmrlər əsaslandırılmamış və saxtalaşdırılmışdır. Belə ki, Cavabdeh1 publik hüquqi şəxsə təyin edilmiş yeni rəhbər heyətə iddiaçı tərəfindən korrupsiya və digər hüquq pozuntuları barədə məlumatlar təqdim edilmişdir. Bundan sonra, mübahisə predmeti olan qanunsuz və qərəzli əmrlər qəbul edilmişdir. Əmrlərin qəbul edilməsinə dair əsaslar mövcud deyildir, həmin əsaslar saxtalaşdırılmışdır. Bu səbəbdən, mübahisə predmeti olan əmrlər ləğv edilməsi, vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı yazılı mülahizə və izahatlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh1n nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki iş üzrə digər cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı aid tibbi sənədlər əlavə edilmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinin 3-cü hissəsində işçinin əmək funskiyaları əksini tapmışdır. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı zəruri təsərrüfat əşyalarının siyahısı barədə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli tələbnamələri əlavə edilmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı iş yerində həyata keçirilmiş xx.xx.2025-ci il tarixli Monitorinqin nəticələri barədə arayış əlavə edilmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Mərkəzdə təsərrüfat təminatının vəziyyəti və bu sahədə mövcud olan neqativ faktlar barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Mərkəzin xidməti sahəsinin qanunsuz icarəyə verilməsi barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Təsərrüfat təminatına aid satınalma proseslərində neqativ faktlar barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh1n 10 iyul 2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən müəyyən edilir ki, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh1n 29 iyul 2025-ci il tarixli 311-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinin “a” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 189-cu maddəsinin 3-cü bəndinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 189-cu maddəsinin 4-cü bəndinə əsasən, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, işəgötürən Cavabdeh1n 10 iyul 2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. İşəgötürən Cavabdeh1n 29 iyul 2025-ci il tarixli 311-K nömrəli əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır. Mübahisə predmeti olan əmrlərin verilməsinə əsas olan hallar (nöqsanlar) aktlaşdırılmış, əmrlər əsaslandırılmışdır. Belə ki, aktlarda qeyd edilən nöqsanlar bilavasitə iddiaçının Təsərrüfat şöbəsinin müdiri kimi funksional vəzifələrinin icrası ilə bağlıdır. Həmin nöqsanların aradan qaldırılması vəzifəsi məhz iddiaçının əmək funksiyalarının icrasına daxildir. İddiaçı iddia edir ki, onun barəsində tərtib edilmiş mübahisə predmeti olan əmrlər cavabdehin yeni rəhbərliyi tərəfindən qərəzli şəkildə verilmişdir. Məhkəmə izah edir ki, işçi barədə intizam tənbehi tətbiq etmək işəgötürənin hüququdur. Həmin hüququnun reallaşdırılması məhz işəgötürənə məxsusdur. Əsas məsələ odur ki, hüquq reallaşdırılan zaman əmr əsaslandırılmış olsun və əmək qanunvericiliyinin tələblərinə uyğun formada (müddətlər və s. nəzərə alınmaqla) verilsin. Əgər, intizam pozuntusuna dair əmr əsaslandırılmışsa, deməli, qanuni və əsaslıdır. Məhkəmə əmrin qanuniliyi və əsaslılığını yoxlanılmalıdır. Qərəzli olub-olmaması məhz bu 2 (iki) halın nəticələrindən asılıdır. Ola bilər ki, işəgötürən iddiaçı barədə həmin intizam tənbehini tətbiq etmək hüququndan istifadə etməzdi (işçilər arasında ayrı-seçkiliyə yol verilməməsi xüsusatı diqqətə alınmaqla). Lakin, işəgötürənin hüququndan istifadə etməsi bilavasitə qərəzli münasibətə dəlalət etmir. Məhkəmə isə mübahisəyə qanunun tələbləri həddində baxır. Mülki iş üzrə digər cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əsl olmayan cavabdehdir. Belə ki, iddiaçı işçi qismində əmək münasibətlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə deyil, məhz işəgötürən Cavabdeh1 ilə daxil olmuşdur. Mübahisə predmeti olan əmrlər də Səhiyyə Nazirliyi tərəfindən verilməmişdir. Odur ki, iddia tələbi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dair hissədə tam əsassızdır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə göstərilən dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, vurulmuş zərərlə bağlı cavabdehlərin maddi məsuliyyətlərinin maddi hüquqi əsası mövcud deyildir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki iş üzrə Cavabdeh1n vəzifəli şəxsləri barədə xüsusi qərardadın çıxarılmasına əsaslar yoxdur. Bu barədə, hər hansı ilkin sübutlar mövcud deyildir. Məhkəmə iddiaçıya izah edir ki, özü vətəndaş kimi iddia etdiyi cinayət faktları barədə prokurorluq, hüquq mühafizə və ya digər dövlət orqanlarına müraciət etməkdə sərbəstdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 publik hüquqi şəxs və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar