Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4958/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, iddiaçı X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nüqavilə öhdəliklərinin icra edilməsi və müqavilədə göstərilmiş sahəsi 200 kv.m olan ünvan 1 ünvanda yerləşən sahənin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, repetitorluq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən və sahəsi 200 kv.m olan sahəni onunla bağlanmış 03.09.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 3 il müddətinə icarəyə götürmüş, öz şəxsi əşyalarını, kitablarını və təhsil üçün lazım olan digər bütün avadanlıqları yerləşdirmişdir. Bir müddət həmin yerdə fəaliyyətini davam etdirdikdən sonra məlum pandemiya nəticəsində bütün sahələrdə olduğu kimi, fəaliyyəti dayandırılmışdır. Bununla bağlı cavabdehlə danışmış və razılaşmışlar ki, onlardan asılı olmayan səbəbdən baş verdiyindən bir-birinə güzəştə gedərək, hər şey normallaşandan sonra qaldıqları yerdən davam etsinlər. 2021-ci ilin may və iyun aylarında pandemiya ilə bağlı müvafiq yumşalmalar olduğundan kursun işini bərpa etmək üçün icarəyə götürdüyü yerə gəlmiş, qapını açıb içəri keçmək istədikdə qapının açarının dəyişildiyini görmüş və icarəyə götürdüyü yerə daxil ola bilməmişdir. Cavabdehlə əlaqə saxladıqda, artıq ona icarəyə verməkdən imtina etdiyini bildirmişdir. Aralarında müqavilə olduğunu, əşyalarının orada olduğunu bildirsə də, cavabdeh orada heç nəyinin olmadığını və yeri ona verməyəcəyini bildirmişdir. Müqavilənin şərtlərinə görə, o və işçisi Abbasova Fəridə dəfələrlə Cavabdeh təmsil edən həyat yoldaşı Rüstəmzadə Kamal ilə əlaqə saxlamış, onunla anlaşmağa çalışsalar, qarşı tərəf anlaşmaqdan imtina etmişdir. Bunun üzərinə qarşı tərəfə müqavilənin şərtini yerinə yetirməyə dair xəbəmaməli məktub yollamış, lakin qarşı tərəf məktubu qəbul etməkdən imtina etmişdir. Ona görə də məcbur qalaraq hazırkı iddida ərizəsi ilə məhkəməyə mürəciət edir. 03.09.2019-cu il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus Murtuza Muxtarov 188/34, sahəsi 200 kv.m, 200 kv.m. sahəni icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən müqavilə 3 il müddətinə bağlanmışdır. 2.3cü bəndinə əsasən icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri də daxil olmaqla) icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir. Həmin müqavilənin 6.1.2ci bəndinə əsasən icarəyə verən icarəçinin bu müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək vəzifəsi daşıyır. Həmin müqavilənin 10-cu bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflər heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir. Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: Hər iki tərəfin razılığı ilə; Bu müqavilənin tələbləri hər-hansı tərəflə pozulduqda digər tərəfin tələbi ilə digər tərəfi xəbərdar etməklə; Həmin müqavilənin 11-ci bəndinə əsasən isə, bu müqavilənin müddəaları yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. Müqavilənin şərtlərinin dəyişdirilməsi bu müqaviləyə əlavə olan müqavilə ilə rəsmiləşdirilir və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır Müaviləyə əlavə bu müqavilənin ayrılmaz hissəsi hesab edilir. Göründüyü kimi cavabdeh tərəfindən qeyd edilən müqavilənin şərtlərinə əməl etməkdən qəstlə yayınır. Məhkəmə iclasınında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verib və əlavə olaraq bildirdi ki, pandemiya dövründə online şəkildə dərslərini davam etdirsə də, tələbələrinin bir çoxu online olduğundan görə dərslərdən imtina etmiş və dolayısı ilə də tələbələri azaldığından onun gəlirləri də, azalmışdır. Bəzi tələbələrinə isə endirim etmişdir. Cavabdehin qızı da, onun tələbəsi olmuş, o da onun online dərslərinə qoşulmuş, lakin endirim üçün müraciət etmədiklərindən o, hazırlıq üçün 200 manat ödəniş etmişdir. Bundan başqa online dərslər üçün onun öz evində də şərait olduğundan həmin vaxt icarəyə götürdüyü ofisdən istifadə etməmişdir. Çünki belə olan təqdirdə boş yerə kirayə haqqı ödəməli olardı ki, bunun da online dərslər zamanı olan gəlirlərinin hesabına qarşılanması mümkünsüz idi. Eyni zamanda himayəsində ailəsi də, vardır. Onun yoldaşı onkoloji xəstədir və bu baxımdan da ofisdən istifadə etməyi labüd hesab etməmişdir. Kirayə müqaviləsinin ləğv edilməsinə dair pretenziyaya gəldikdə isə, düzdür cavabdeh tərəfindən ona belə bir məktub göndərilmişdir. Lakin o, sonradan cavabdehin əri olan Kamal müəllim ilə bu barədə danışaraq şifahi razılaşmış və sonuncu da ona həmun məktubu əhəmiyyət verməməsini, cırıb atmasını söyləmişdir. Cavabdeh qadın olduğu üçün bu məsələrlələ bağlı onun əri ilə danışmışdır. Bundan başqa onun həmin evdə şəxsi əşyaları, o cümlədən kitabları qalmışdır ki, cavabdeh hal-hazırda da onları qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı əvvəllər icarə haqqını vaxtında ödəsə də, sonradan pandemiya dövründə ödənişləri etməmişdir. Cavabdeh də, mövcud vəziyyətdə iddiaçıya bir müddət güzəşt etsə də, sonradan iddiaçının pandemiya dövründə repetitor fəaliyyəti ilə məşğul olması, buna görə bank kartına ödənişlər də həyata keçirilirməsi müəyyən olunmuşdur (sənəd əlavə olunur.) Buna baxmayaraq, iddiaçı ona müqavilə üzrə razılaşdırılmış icarə haqqını ödəməmişdir. Bundan başqa, övladı ödənişli əsaslarla təhsil aldığına görə təhsil haqqını ödəyə bilmək üçün yaşadığı mülkiyyətində olan 3 otaqlı mənzilin bir otağı iddiaçının icarəsinə repetitor fəaliyyəti ilə məşğul olmaq məqsədilə verilmişdi və iddiaçı onun da övladlarının birinə aylıq ödəniş 200 manat olmaqla dərs keçirdi. Mənzili icarəyə verərək özü də başqa evdə kirayə qalırdı. Mənzilin digər otaqları isə repetitor fəaliyyəti ilə məşğul olan başqa şəxslərə icarəyə verilmişdi. İddiaçı həmin şəxslərlə də dava-dalaş etmiş və onlar icarə müqaviləsini ləğv etmişlər ki, bununla ona zərər vurulmuşdur. İddiaçı həmçinin binanın mühafizəçisi ilə də dəfələrlə mübahisə etmişdir. Bütün bunlar aralarındakı müqavilənin tərəfindən birtərəfli qaydada xitamı ilə nəticələnmişdir. Müqaviləyə xitam verilməsi ilə bağlı 16.10.2020-ci il tarixdə iddiaçıya ərizə də ünvanlanmışdır. Həmin ərizə iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilsə də, o, həmin ərizəyə heç bir münasibət bildirməmiş və həmçinin etiraz etməmişdir. Qarşı tərəf pul qazanıb, lakin icarə haqqını ödəməyib. 2020-ci ilin aprel-may aylarında cavabdehin yoldaşı Kamal müəllim bir vəkil kimi məsləhət almaq üçün onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdi ki, icarə pulu ödənilmir. O isə indi hamı üçün çətin bir dövr olduğunu, biraz başa düşməyə çalışmasını və məhkəməyə hazırda müraciət etməməsin, 3-4 ay gözləməsini Kamal müəllimə tövsiyyə etmişdir. Bir müddət sonra Kamal müəllim bildirmişdir ki, iddiaçı oline dərs keçir. Hesab edir ki, həmin dövrdə iddiaçı dərs keçərək pul qazanırdı, icarə pulunu ödəməli idi. Ona görə də, iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcarəyə verən Cavabdeh ilə icarəçi X4 arasında bağlanmış 03.09.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ona məxsus Murtuza Muxtarov 188/34, sahəsi 200 kv.m, 200 kv.m. sahəni icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilə 3 il müddətinə bağlanmışdır. Aylıq icarə haqqı 300 manat təşkil edir və hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə nağdsız qaydada icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. X4 tərəfindən Cavabdeh ünvanlanmış 30.06.2021-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək, yazılı və şifahi müqavilələrə baxmayaraq, bu ilin iyun ayında ofisin kilidini dəyişdiyini və ofisə gəlib işləməsinin, pul qazanaraq dövlətə vergi verməsinin qarşısını aldığını, ofisi qeyri-qanuni olaraq 3-cü bir şəxsə icarəyə verdiyini bildirmiş, müqavilə şərtlərinə riayət etməyi, dərhal maneəsiz giriş-çıxış təmin etməyi, mənimsədiyi külli miqdarda dəyərli əşyaları qaytarmağı və orada qeyri-qanuni olaraq yerləşdirdiyinşəxsi ofisdən uzaqlaşdırmağı tələb etmiş, əks təqdirdə məsələni Yasamal Rayon Məhkəməsində həll etməyə məcbur qalacağı ilə xəbərdalıq etmişdir. Cavabdeh tərəfindən X3 ünvanlanmış 15.10.2021-ci il tarixli müqaviləyə xitam verilməsi ilə bağlı ərizənin surətindən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək, aralarında bağlanmış 03.09.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçi tərəfindən 5 ay icarə haqqının ödənilmədiyini göstərərək, icarə müqaviləsinə xitam verilməsini tələb etmiş, bu səbəbdən 16.10.2020-ci il tarixindən mənzil cavabdehin istifadəsindən çıxırılmışdır. 16.10.2020-ci il tarixindən etibarən mülkiyyətində olan mənzili hər hansı bir müdaxilə olarsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “Express” kuryer servisinin 000205 saylı qəbzinin surətindən görünür ki, 15.10.2021-ci il tarixli müqaviləyə xitam verilməsi ilə bağlı ərizə 21.10.2021-ci il tarixdə X3 təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinin tələblərinə görə, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən və sahəsi 200 kv.m olan sahənin Cavabdeh tərəfindən X3 icarəyə verilməsi barədə 03.09.2019-cu il tarixli müqavilənin şərtlərinin icarəçi (iddiaçı) tərəfindən pozulması, icarəyə verən (cavabdeh) tərəfindən qanuna müvafiq olaraq birtərəfli qaydada icarə müqaviləsinə xitam verilməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğuna görə rədd edilməlidır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4958/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4958/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver