Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4961/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Böyükağa oğlunun, Cavabdeh Böyükağa qızının və onun nümayəndə və vəkili Rəşidov Rövşən Xudaşirin oğlunun iştirakları ilə, İddiaçı Böyükağa oğlunun Cavabdeh Böyükağa qızına qarşı tikinti faktının müəyyən edilməsi və məsrəflərin əvəzinin ödənilməsi iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Böyükağa oğlu Cavabdeh Böyükağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsi, 1220 saylı ünvanda apardığı tikinti faktının müəyyən edilməsi, tikintiyə və bağ evinin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzi kimi 42000 manat məbləğin Cavabdeh Böyükağa qızından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının atası Abasov Böyükağa İsmayıl oğlunun ünvan 2 saylı ünvanda 22 sot bağı olmuşdur. İddiaçı uşaqlıq vaxtlarından orada yaşamışdır. Atası bağın tikilisi ilə birlikdə 8 sot hissəsini iddiaçıya vermiş, bağın yuxarı hissəsində isə qardaşı üçün ev tikdirərək qardaşına vermişdir. 1993-cü ildə atası vəfat edəndən sonra, bağ atasının adına Bağlar İdarəsi ilə bağlanmış müqavilə əsasında olduğu üçün müqaviləni iddiaçının anası X2 adına sənədləşdirilmişdir. O, vaxtdan iddiaçı anası və ailəsi ilə birlikdə həmin bağda yaşamışlar. Həmin illər ərzində iddiaçı öz gücü və maliyyə vəsaiti hesabına bağda yeni otaqlar, mətbəx, hamam-tualet, 2 mərtəbəli külafirəngi, quyu, səki, kölgəlik və sait tikdirmişdir. Eləcə də atasından qalan 1 otaqlı evin damını, döşəməsini, divarların hər iki tərəfdən malasını sökdürüb, yenidən tikdirmişdir. Bağda 50-yə qədər meyvə və yaşıllıq ağacları əkmişdir. 2018-ci ildə bağı anasının adına özəlləşdirmişdir ki, sonra bağı övladlar arasında bölünə bilinsin. Bacısı olan cavabdeh isə anasını aldadaraq bağı bağışlama müqaviləsi əsasında öz adına keçirmişdir. Göstərilənlərə əsasən 1993-2018-ci illər ərzində bağda aparılmış tikinti faktının müəyyən edilməsi və həmin tikinti işləri və ümumilikdə bağ evinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən çəkilmiş məsrəflərin əvəzi cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddia tələblərinə etiraz edərək izahatlarında göstərmişlər ki, iddiaçı apardığı təmir-tikinti işlərini iki cümlədə göstərmişdir. İddiaçının gördüyü işlər aşağıdakılardan ibarət olmuşdur. Belə ki, iddiaçı anasının yataq otağının bir divarını sökmüş, həmin divardan ayrıca özü üçün bir qapı açdıraraq arxasında iki divar və üzərində tavan tikmiş, orada özünə çardağa bənzər bir yer qurmuşdur. Bunun nəticəsində anasının qaldağı otağın digər divarları çatlamışdır. Bundan əlavə iddiaçı tərəfindən hamam tikilməmişdir, hamam olmuşdur. İddiaçı sadəcə evin içindən hamama giriş olması üçün mətbəxin divarını hörmüş və öz ailəsinin rahatlığı üçün evin içindən hamama daxil olması üçün əlavə olaraq orada hamama oxşar bir qurğu yaratmışdır. İddiaçı tərəfindən quyu qazılmamışdır. Belə ki, tərəflərin atalarının sağlığında, yəni 1980-ci il tarixdə quyunun qazılmasına icazə verilmişdir. Həyətdəki külafirəngi də tərəflərin atalarının sağlığında tikilmişdir. Bu hal təqdim olunmuş fotoşəkillərlə sübut olunur. Eyni zamanda meyvə ağacları da tərəflərin atalarının sağlığında əkilmişdir. Cavabdeh bilavasitə iddiaçıdan hər-hansı bir əmlak əldə etməmişdir. İddiaçının gördüyü işlər ev sahibinin icazəsi olmadan öz ailəsinin məişət şəraitini qurmaq üçün görülmüşdür. İddiaçı 25 il ərzində öz şəraitini quraraq orada yaşamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1220 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X3 arasında xx xxxxxx 2000-ci il tarixli, 5752 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1220 saylı bağ evi və 0,22 ha torpaq sahəsi xx xxxx 2016-cı il tarixdə X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1220 saylı bağ evi və ümumi sahəsi 0,22 ha olan torpaq sahəsi notariat kontorunda təsdiq olunmuş xx xxxxxxx 2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh adına keçmiş və xx xxxxxx 2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasənəsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasənəsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İstinad olunan normaların tələbinə əsasən yalnız hüquqi əsas olmadan varlanmış şəxs əsassız varlanmış şəxs hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan – tərəflərin izahatlarından, DƏDRXnın 1 Bakı Ərazi İdarəsinin məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsi, 1220 saylı ünvanında yerlşən bağ evi hüquqi əsasla, yəni bağışlama müqaviləsinə əsasən cavabdehin mülkiyyətinə keçmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin bağda müəyyən təmir tikinti işləri həmin bağ cavabdehin mülkiyyətinə keçənədək həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanmış şəxs olmadığından iddiaçı ona qarşı tikinti faktının müəyyən edilməsi və tikinti üçün çəkilmiş məsrəflərin əvəzi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız oldugundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4961/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4961/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver