Məhkəmə qərarları › İş №2(004)-4965/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4965/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4965/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 26.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı və 28.02.2019-cu il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Qırmızı Şərq küçəsi 333 nömrəli evin 23 nömrəli mənzilinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların yetkinlik yaşına çatmamış övladları - 30.06.2012-ci il təvəllüdlü X3 və 24.06.2015-ci il təvəllüdlü X2 ilə birlikdə istifadə hüquqlarının itirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarından görünür ki, ... yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. ... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi - “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha Qərarda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırki iddia ərizəsi iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Bu da cavabdehin artıq həmin mənzil üzərində hər hansı əmlak hüququnun mövcud olmamasına dəlalət edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməsi, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasından imtina edildiyi təqdirdə isə, inzibati orqanın hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.2, 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, cavabdehlərin onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməlidir. "xxxx" ASC-nin K0100997 nömrəli terminalı vasitəsilə 16.07.2021-ci il tarixli 505 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 10,00 (on) manat pul X1 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar