Məhkəmə qərarları › İş №2(004)-4969/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4969/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4969/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 və onun vəkili Vəkil1, Cavabdeh3 Əbilhəsən oğlu və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbilhəsən oğluna qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək surətdə 459.000 manat (dörd yüz əlli doqquz min manat) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbilhəsən oğlundan müştərək surətdə 459.000 manat pulun (dörd yüz əlli doqquz min manat) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin noyabr aylarında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə bölməsinin Cavabdeh1 adlı əməkdaşı tez-tez iddiaçının yanına gələrək onun mülkiyyətində olan “Turan” k/m və "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin təcili olaraq özəlləşdirilməsini tələb etməyə başlamışdır. Həmin vaxtlarda onun özəlləşdirməni aparmaq üçün vaxtı və imkanı olmamışdır. Zahid isə öz tələbində israrlı olmuş, torpaq mütləq özəlləşdirilməli olduğunu bildirmişdir. Bir gün iddiaçı onunla oturub bu məsələni müzakirə etmək qərarına gəlmiş, görüş vaxtı ona iş adamı olmasını və belə işlərdən o qədər də anlamdığını, özəlləşdirmə ilə əlaqədar nə etməli və hara müraciət etməli olduğunu bilmədiyini, qanuni yollarla xərci, yaxud da rüsumun nə qədər olması da onun üçün qaranlıq bir məsələ olmasını söyləmişdir. Zahid müəllim ona problem olmadığını və bu işi «BTİ» nin Maliyyə şöbəsinin müdiri Cavabdeh3 adlı şəxsin özəlləşdirdiyini bildirmişdir. İstəsə onu iddiaçıyla tanış etmiş, bu məsələni həll edə bilər. Zahid vasitəçi rolunu oynamaq istəyirdi. İddiaçı ona hələlik bu barədə bir-iki gün fikirləşməli olduğunu demiş, bir-iki gündən sonra Zahid ona zəng edərək yanına gəlmiş və Məhəmmədin özəlləşmə üçün 250.000 manat istədiyini söyləmişdir. Ona, yəni Zahidə isə həmin puldan vasitəçi kimi 10.000 manat «şirinlik» verəcəklər. Bu qədər məbləğ onun üçün çox fantastik olduğundan iddiaçı bu məbləğlə razılaşmamışdır. Vəziyyəti belə görən Zahid ondan elə yanında Məhəmmədə telefon açmış və onunla bir neçə dəqiqə danışandan sonra «Məhəmməd müəlllimi 215.000 manata razı sala bildim» demişdir. O, bu məbləğə razı olmuş, bir neçə gün ərzində o, Zahidin dediyi 215.000 manat puldan 200.000 manatı yığıb toplayaraq Zahidə Məhəmmədlə görüşə hazır olduğunu demişdir. O da Məhəmmədlə əlaqə saxlamış və qərara gəlmişlər ki, 2014-cü ilin noyabr ayının 28 də «BTİ»-nin yanında görüşüb Məhəmmədin qəbuluna getsinlər. Danışdıqları tarixdə kürəkəni Ülvi ilə bərabər «BTİ»-yə getmişlər. Reyestr idarəsinin yanında Zahid artıq onları gözləmişdir. Onları görən kimi Zahid pulu gətirdiklərini soruşmuş, Cavabdeh3 zəng edərək telefonda onların pulları və lazımı sənədləri gətirdiklərini söyləmişdir. Məhəmməd isə onları «BTİ» qarşısında yerləşən bir ofisə göndərmişdi. Bildirdi ki, orada onun Elşən adlı bir işçisi işləyir. Elşən sənədləri və pulları yoxlasın özü isə yarım saata Elşənin otağına gələcəkdir. Zahid telefonun səsini mikrafona qoyduğundan onlar Məhəmmədin dedikləri bu sözləri açıqca eşitmişlər. Bu vaxt o, Zahiddən pulun 50.000 manatını indi, qalanlarını isə sonra vermək barədə Məhəmmədə deməsini xahiş etmişdir. Çünki görəcək başqa işləri də var idi. Zahid yenə Məhəmmədə zəng etmiş, dediyini ona çatdırmış sonra «razı olmadı, hamısını indi vermək lazımdır, əks halda iş alınmaz, onsuz da sizə 50 min manat güzəşt edilib” demişdir. Bundan sonra o, Zahidin bələdçiliyi ilə kürəkəni Ülvi ilə bərabər «BTİ» ilə üzbə-üzdə yerləşən Cavabdeh2 otağına daxil olmuşlar. Cavabdeh2 adlı şəxs öz otağında onları qəbul etmişdir. Söhbət zamanı Elşən “Məhəmməd müəllimin ona özəlləşmə üçün pul gətirəcəklərini və onun götürməsini bildirmiş, özü də bir azdan gələcəyini demişdir. Hətta Məhəmməd müəllim şəxsən ona tapşırmış və heç bir problem olmaz deyə əlavə etmişdir. İddiaçı da işin artıq yüz faiz həll olunacağını yəqin etmiş və Ülvi ilə Zahidin yanında 200.000 manatı sayaraq Elşənə vermişdir. Bir azdan Məhəmmədin özü də Elşənin otağına gəlmiş, Məhəmməd otağa girəndə həmin pullar hələ Elşən tərəfindən sayılırmış. İddiaçı özəlləşmə sənədlərinin nə vaxt hazır olacağı barədə sual verdikdə, onlar bir aya hazır olacağını demişlər. Onlar ayrılmış və sonrakı günlərdə gözləməyə başlamışlar. Bir ay keçməsinə baxmayaraq həmin şəxslərdən bir xəbər çıxmamış, amma arada bir Məhəmməd və Zahidlə telefon əlaqələri olmuşdur. Martın ayının əvvəllərində Elşən və Zahid ona zəng edərək onu sənədlər və möhürlə bərabər Əmlak Komitəsinə dəvət etmişlər. Komitədə onlar iddiaçını müxtəlif otaqlara aparıb sənədlərə imza etdirmişlər. Sonra o çıxıb getmişdir. Aprel ayında Zahid gəlib iki dəfəyə ondan cəmi 10.000 manat almış və bu pulun onunla Elşənə çatdığını demişdir. O da vermişdir. Lakin iş yenə uzanmağa başlamışdır. Narahat olduğunu görüb Zahid ona Məhəmmədlə görüşməyi məsləhət bimişdir. Məhəmmədlə əlaqə saxlayaraq onunla görüşmüş, əgər iş düzəlmirsə onda pullarını qaytarmasını demişdir. Məhəmməd isə ona “narahat olma pullar artıq yuxan dairələrə çatıb hər şey yaxşı olar sənədlərin hazırlanmasına çox qalmamış və Elşənlə əlaqə saxla” demişdir. Bundan sonra o bir həftə dalbadal Elşənə, sonra isə Məhəmmədə zəng edərək onlardan işi tələb etmişdir. Bu zənglərin birində Elşən ona verdiyi 200.000 manatın hamısını Məhəmməd müəllimə verdiyini, onluq heç nə olmadığını, ona qəpik-quruş qaldığını etiraf etmişdir. İddiaçı onu polislə hədələmiş, o isə bundan bərk qorxmuş və onunla 200.000 manatlıq formal borc müqaviləsi bağlamağı təklif etmişdir. O da əlacsız qalmış, heç olmazsa qarantiyası olsun deyə belə bir müqavilənin kürəkəni Ülvi ilə bağlamasına razı olmuşdur. Bundan əlavə Cavabdeh2 və Cavabdeh3 200.000 manatın əvəzi olaraq ona girov kimi Qaraçuxur qəsəbəsində yerləşən bir fərdi evə dair “Çıxarış” və texniki pasport” təqdim etmişlər. Həmin evi adına keçirmək üçün isə X4 adlı bir şəxsin adından ona etibarnamə vermişlər. Lakin müqavilə bağlansa və ona “mənzil” verilsə də o, verdiyi pulun Məhəmmədlə Elşən tərəfindən ona qaytarılmayacağını hiss etmişdir. Amma yenə də işin düzələcəyinə ümid etmişdir. O, yenə də Cavabdeh3 və Cavabdeh2lə söhbət aparmış, tanışı Seyidlə onların görüşünə getmişdir. Görüş zamanı Məhəmmədə bildirmişdir ki, yaxınlarda iş düzəlməzsə polisə və Kərəm Həsənova şikayət edər. Bu dəfə onlar iddiaçını sakitləşdirmək məqsədi ilə ona böyük bir obyektin «Çıxarışını» və kürəkəninin adına baş etibarnamə verməyi təklif etmişlər. Bildirmişlər ki, əgər iş alınmazsa və pul batsa həmin obyekti özünə götürsün. Onlar həmin çıxarışı idiaçıya təqdim etmiş, o də başqa çıxış yolu olmadığından razı olmuşdur. Lakin bütün bunlar yalan imiş. Növbəti dəfə o, Elşənin yanına ofisinə gedən zaman Elşənin qaçıb gizləndiyini və yerinin də bilinmədiyini öyrənmişdir. Bundan sonra o, Elşənin onlara verdiyi obyektin sənədlərinin və etibarnamənin də saxta olmasını öyrənmişdirlər. Buna görə də o, izahat almaq üçün dərhal Məhəmməd müəllimi tapmış, o, isə özünü təmizə çıxarmaq üçün müxtəlif bəhanələr gətirməyə və and-aman içməyə başlamış, “pulu ona yox Elşənə verdiyni, gedib ondan almasını” demişdir. O da “axı mən Elşən adlı adam tanımırdım, sən məni onun yanına göndərdin və tapşırdın ki pulu ona verim. Elşən də ona bildirmişdir ki, pulu sənə verib, onunla Zahidə cəmi 10.000 manat qalıb” demişdir. Bu zaman vəziyyətin belə olduğunu görən Zahid qorxudan aldığı 10.000 manatı qaytaracağını demişdir. Sonradan o həqiqətən də özü üçün aldığı 10 min manatdan 9000 manatını oğlu vasitəsi ilə geri qaytarmışdır. İddiaçı 12 dekabr 2015-ci il tarixdə bu məsələ barəsində Korrupsiya İlə Mübarizə baş İdarəsinə ərizə ilə müraciət etsə də indiyə kimi bu barədə heç bir tədbir görülməmiş, heç bir təhqiqat işi aparılmamışdır. Lakin verdiyi ərizədən sonra onları Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinin Bakı Ərazi İdarəsinə dəvət etmişlər. Həmin idarənin rəisi Məhəmməd müəllimlə əlaqədar araşdırmanı o aparacaq. Lakin o da heç bir araşdırma aparmamışdır. Bundan sonra iddiaçı Nərimanov rayon prokurorluğuna ərizə yazmışdır. 01 iyul 2016 cı ildə Nərimanov rayonun o zamankı prokuroru Vüqar Əliyev tərəfindən Bu fakt barasində AR CM nin 178.3.2 və 320.1 maddələri ilə ********* saylı cinayət işi başlanmış, istintaq aparılmış, bu işlə əlaqədar bütün şəxslər dindirilmiş və üzləşmələr olmuşdur. Həmin cinayət işinin istintaqı zamanı onun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbdülhüseyn oğlunun ifadələri alınmış, bundan əlavə iş üzrə 2-3 nəfər şahidlər də dindirlmişdir. Cavabdeh3 başqa, bütün cavabdeh və şahidlər məndən 200.000 manat pulun alınaraq Talıbova verilməsini və Talıbovun bu işdə əsas təşkitalatçı olduğunu etiraf etmişlər. Bu barədə digər sübutlar da əldə olunmuşdur. Cavabdehlərin cinayət işi üzrə alınmış həmin ifadələri hazırda bu iş üzrə məhkəməyə təqdim olunmuşdur. Lakin cinayət işini aparan Nərimanov rayon müstəntiqi cavabdehlərə ititiham verməyərək həmin cinayət işini bir neçə dəfə CPM nin 53.1.1 daha sonra isə 53.1.4 maddələri ilə dayandırmaq barədə qərarlar çıxartmışdır. Halbuki həm Cavabdeh3 həm də digərləri həmişə sağlam olmuşlar, onlarda heç bir xəstəlik olmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 onun işindən əlavə çoxlu digər cinayətləri də olmuşdur. Artıq 5 ildir ki, guya Cavabdeh2 sağalmaz xəstədir. Lakin pullarını alan, ona ziyan vuran təkcə Əsgərov deyil. Bu işdə ən əsas Cavabdeh3 və onun tamışı Cavabdeh1dir. Cinayət işini hər dəfə dayandıranda Əsgərovun onlara aid olmayan epizod və halları əsasən dayandırılır və ona vurulmuş külli miqdarda ziyan isə ödənilməmiş qalır. İddiaçının yenidən şikayətindən sonra Nərimanov rayon prokurorunun qərarı ilə istintaq bir daha yeniləşmiş, İstintaq şöbəsi həmin faktı yenidən qeyri obyektiv araşdırmış və 19 iyun 2021 ci il tarixdə cinayət işi yenə də AR CPM nin 53.1.4-ci maddəsi ilə dayandırılmışdır. Halbuki Əsgərovun barəsində olan sair işlərin onun işinə heç bir aidiyyəti yoxdur. Onun digər işlərinə görə iddiaçıya vurulmuş ziyan araşdırılmır. Beləliklə nə cinayət qaydasında nə də sair formada o öz pulunu və ona vurulmuş sair ziyanları ala bilməmişdir. Lakin hər bir halda keçirilən istintaq zamanı ondan pul alma faktı istənilən halda sübut olunmuşdur. Bu fakt isə artıq məlumdur. Daha doğrusu, həm prokurorluqda, həm də polisdə araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək onların vasitəçiliyi ilə Cavabdeh3 ondan 200.000 manat pulun alınması faktını təsdiq etmişdirlər. Cavabdehlərin ondan bu məqsədlə pul almaları faktını həm də şahid X5 və sair şəxslər da təsdiq etmişdir. 2016-cı ildə manat ABŞ dollarına nisbətdə daha baha idi. Cavabdehlərə 200.000 manat vermək üçün o, 270.000 ABŞ dollarını xırdalayıb manat edib onlara vermişdir. Həm də 2014-cü ildə hər iki obyektlərin özəlləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin 1998-ci il tarixli 93 saylı qərana əsasən ona məxsus torpaq sahəsini özəlləşdirmə məbləği cəmi 40.000 manat təşkil edirdi. O, həmin zaman bu qiymətlə torpaqları özəlləşdirə bilərdi. Lakin cavabdehlər 2014-cü ildə ondan 200.000 manat alaraq pulu özlərində saxlayandan sonra Nazirlər Kabinetinin özəlləşmə barədə 05 noyabr 2016cı il tarixli 377 saylı qərar çıxartmış, son qərara isə özəlləşmənin məbləği dəfələrlə qaldırılmışdır. Yeni qərara əsasən o, «Turan» K/M məxsus sahəyə görə 216.000 (iki yüz on altı min) manat "xxxx" ə məxsus torpaq sahəsinə görə isə artıq 300.000 ( üç yüz min) manat -cəmi isə 516.000 (beş yüz min) manat ödəməlidir. Cavabdehlər onun itirdiyi bütün məbləği ziyan kimi ödəməlidirlər. Çünki bütün bu ziyanları məhz cavabdehlər ona vurmuşlar. Cavabdeh3 Əbilhəsən oğlunun nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh3 və digərlərindən müştərək qaydada 459.000 manat pulun alınaraq ona ödənilməsi barədə iddiasının əsasını Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq edilən və hazırda icraatı dayandırılan ********* saylı cinayət işi üzrə alınmış şahid ifadələri və guya bu ifadələrlə öz təsdiqini tapmış mülki hüquq pozuntusunun mövcud olması təşkil edir ki, bu da iş materialları ilə təkzib olunmaqla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında mövcud olan Nərimanov RPİ-nin İstintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə zəruri qərar və ifadələrin surətlərindən göründüyü kimi İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə fakta görə AR CM-nin 178.3.2, 320.1 və 320.2 maddələri ilə cinayət işi başlanmış və hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 şahid qismində dindirilmişlər. Şahid dindirilmə protokolundan göründüyü kimi iş üzrə verilmiş ifadələrdə əhəmiyyətli ziddiyyətlər mövcuddur və bu ziddiyyətlərə digər istintaq hərəkətləri, eləcə də, digər mötəbər sübutlarla hər hansı qiymət verilməmişdir. Eləcə də, iddiaçının hüquqi yardım göstərdiyi Cavabdeh3 ondan 200.000 manat pul aldığının hazırki iş üzrə cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 ifadələri ilə öz təsdiqini tapması barədə iddia ərizəsində göstərdikləri absurd olmaqla, hazırki iddianın maddı-hüquqi əsası kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə Cavabdeh2 iddiaçıdan 200.000 min manat pul aldığını və həmin puldan 195.000 min manatını Əmlak Komitəsində Tahir adlı şəxsə, 1000 manatını özünə saxladığını və 4000 min manatını isə Cavabdeh3 verdiyini etiraf etmiş, lakin Cavabdeh3 istintaqa verdiyi ifadəsində Cavabdeh2 və digərlərinin ifadələrində göstərdiklərini inkar etmiş, bu işdə onun hərəkəti hər hansı maraq güdmədən obyektlərin özəlləşdirilməsi işləri ilə rəsmi qaydada məşğul olan Cavabdeh2 adlı şəxs olduğunu Cavabdeh1 bildirməsindən ibarət olmuşdur. Göründüyü kimi işin hazırki vəziyyətində cinayət mühakimə icraatı qaydasında hüquqi yardım etdiyi Cavabdeh3 hər hansı formada təqsirliliyi sübuta yetməmiş və ona qarşı hər-hansı ittiham irəli sürülməmişdir ki, bu da onun iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətinin olduğunu istisna edir. Eləcə də, iddiaçı hazırki mülki iş üzrə icraat zamanı da cinayət işi üzrə mövcud olan hallarda əlavə, Cavabdeh3 təqsirli hərəkəti nəticəsində ona zərər vurulmasını təsdiq edən hər-hansı digər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, iddia tələbini müdafiə edərək tam təmin olunmsı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə bölməsinin işlədiyi vaxt tanımışdır. İddiaçı mülkiyyətində olan «Turan» kiçik müəssisəsi və "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə köməklik göstərməsini ondan xahiş etmişdir. Bu onun işlədiyi vəzifəyə dair təlimatda da öz əksini tapmışdır. O da iddiaçıya köməklik etmək üçün Cavabdeh3 Əbilhəsən oğluna bildirmişdir. Cavabdeh3 İddiaçı 250000 manat alıb ona verilməsini istəmiş, sonra onunla söhbət etdikdən sonra 200000 manata razılaşmışlar. Onlar birlikdə Cavabdeh2 ofisinə getmiş, ona 200000 manat vermişdirlər. Sonra necə olmuşdursa, bu iş alınmamışdır. O, iddiaçıdan 10000 manat borcu sonradan xəstəliyi ilə əlaqədar almış, onun 9000 manatını qaytarmışdır. Cavabdeh1 əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı 200 000 manat məbləğində pulu BTİ-nin yanında yerləşən Elşənin ofisində onun yanında Cavabdeh2 vermişdir, sonradan birlikdə çıxıb getmişlər. Cavabdeh3 həmin pulları Elşəndən gəlib götürməsini görməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Əbilhəsən oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2014-cü ilin sentyabr-oktyabr ayında Komitənin əvvəllər işçisi olmuş Zahid adlı şəxs onun iş otağına gələrək qonşusu Firudin müəllimə məxsus iki sənəd göstərmiş, onun öz torpaqlarını özəlləşdirmək niyyətində olmasını bildirmişdir. O, isə bu işə onun heç bir aidiyyatının olmadığını, özəlləşmə işi ilə məğul olmadığını demişdir. Zahid isə idarənin qarşısında yerləşən ofisdəki maklerə onun adından yaxınlaşmaq istədiyini demiş, o, isə “özün bilərsən, mən bu işlərə qarışmıram” cavabını vermişdir. O, heç kimdən pul almamışdır, odur ki, iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Əbilhəsən oğlunun nümayəndəsi və vəkili Vəkil3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 Cavabdeh1 və İddiaçı Elşən əvvəllər tanımamış, Cavabdeh3 Əbilhəsən oğlu Əmlak komitəsinin işçisi Zahid adlı şəxsin 200 000 manat pul gətirəcəyini, həmin pulu götürməsini bildirmişdir. Cavabdeh2 ofisdə olarkən Firudin və Zahid adlı şəxs ona yaxınlaşaraq 200 000 manat pulu vermiş, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı olduğunu demiş, Cavabdeh2 200 000 manat pulu götürmüş, həmin gün Cavabdeh3 gəlib pulu ondan götürmüşdür. Cavabdeh2 bu iş ilə bağlı yeganə işi pulu saymaq olmuşdur. Sonradan özəlləşmə işi baş tutmamış, iddiaçı Elşəndən pulu tələb etmiş, əks halda polisə verməklə qorxutmuş, Məhəmmədin öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən formal olaraq borc müqaviləsi bağlamışdır. 200.000 manat məbləğində puldan ona pul çatmamışdır. İddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, 200000 manat məbləğində pul Zahidin vasitəsilə Elşənə verilmiş, Elşən də sonra Cavabdeh3 vermişdir. Pulun verilməsində onların yanında olmamışdır. Ofisin qarşısında onların içəri keçdiyini görmüşdür, orda həmin gün çox insanlar var imiş. Sonradan Cavabdeh3 həmin ofisə gəlmiş, əlində solafan paketlə çıxmışdır. Cavabdeh3 həmin məbləğdən 5000 manat pulu ona bu işdə vasitəçi olmasına görə ona vermişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 505 saylı, 16.10.2008-ci il tarixli sərəncamı ilə “Turan” kiçik müəssisəsi tərəfindən abadlaşdırılaraq istifadələrində olan 1800 m2 torpaq sahəsi əsaslı tikinti işləri aparılmamaq şərti ilə onların istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin Daşınmaz Əmlakının 002576 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi “Turan” şəxsi kiçik müəssisəsinin balansındadır. İş materiallarında olan Əmlakın Texniki İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Bakı Səlyan şossesi, “Dərin özüllər” zavodunun şimal-şərqi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındadır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Dövlət mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 24-cü km, 10 ərazisində yerləşən 28.2 m2 sahəsi olan, 2 mərtəbəli qeyri-yaşayış binası (həyətyanı tikili və qurğular daxil olmaqla) istifadə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.08.2010) İş materiallarında olan Nərimanov rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Əliyevin 04.07.2016-cı il tarixli cinayət işinin başlanması haqqında qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 348-c-16 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 13.09.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, İddiaçı zərəçəkmiş şəxs qismində dindirilmişdir. İş materiallarında olan 30.10.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh1 şahid qismində dindirilmiş və izahatında qonşusu İddiaçı məxsus torpağın sənədləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı ərazi İdarəsini maliyyə şöbəsinin müdiri Cavabdeh3 müraciət etdiyini, Cavabdeh3 isə 200.000 manat müqabilində bu işi görəcəyinə söz verdiyini bildirmişdir. Bu məqsədlə 200.000 manat məbləğində pulu Cavabdeh3 göstərişi ilə İddiaçı ilə birlikdə Cavabdeh3 çatdırılması üçün Cavabdeh2 verdiklərini bildirmişdir. İş materiallarında olan 11.11.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh3 Əbilhəsən oğlu şahid qismində dindirilmiş və izahatında Cavabdeh2 ona heç bir məbləğdə pul vermədiyini, bunun Zahidin və Elşənin yalanı olduğunu bildirmişdir. İş materiallarında olan 21.11.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh2 şahid qismində dindirilmiş və izahatında 200.000 manat məbləğində pulu Firudin və Zahiddən aldığını, həmin pulları saydıqdan sonra, Cavabdeh3 göstərişi ilə 1000 manatı özünə götürdüyünü, 4000 manatı Cavabdeh3 verdiyini, 195.000 manatı isə Əmlak Komitəsinin sədr müavinin köməkçisi Tahir müəllimə verdiyini bildirmişdir. İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqiq, polis mayoru Pərviz Məmmədovun 19.06.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən Cavabdeh2 ağır xəstəliyi ilə əlaqədar istintaq proseslərində iştirak edə bilməməsi səbəbindən onun istintaq proseslərində iştirakı mümkün olanadək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 19.08.2015-ci il tarixli Kredit Müqaviləsinin surətindən müəyyən olunur ki, X1 Elşən Əsgər oğluna 200.000 manat məbləğində borc pul vermiş, borc alan 19.09.2015-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin, onların nümayəndəsi-vəkillərinin izahatlarını, şahidin ifadəsini dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh1 yanında Cavabdeh2 torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 200 000 manat məbləğində pulu verməsi məhkəmə iclasında iştirak edən Zahid Əliyevin izahatı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 izahatı, eləcə də həmin şəxslərin istintaq zamanı vermiş olduqları izahatlarda öz təsdiqini tapmışdır. Eyni zamanda Cavabdeh1 izahatında həmin məbləğin Cavabdeh3 Əbilhəsən oğlunun Cavabdeh2 götürdüyünü görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində 200000 manat məbləğində pulun Zahidin vasitəsilə Elşənə verildiyini, Elşənin də sonra Cavabdeh3 verdiyini bildirsə də, pulun verilməsində onların yanında olmadığını qeyd etmişdir. Məhkəmə şahid ifadəsinə qiymət verərək, iddiaçı tərəfindən 200 000 manat məbləğində pulun Zahidin vasitəsilə Elşənə verildiyini, Elşənin də sonra Cavabdeh3 verdiyini bildirsə də, pulun verilməsi zamanı həmin şəxslərin yanında olmadığını qeyd etdiyindən şahid ifadəsini sübut kimi qəbul etmir. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 200 000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əbilhəsən oğluna dair hissədə məhkəmə araşdırmasında mövcud sübutlarla və tərəflərin izahatları ilə sübuta yetmədiyindən, iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əbilhəsən oğluna dair hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, tələb olunan pul məbləği ilə bağlı qeyd edir ki, iddiaçı 200 000 manat verilməsi üçün 270.000 ABŞ dollarını dəyişərək manat verdiyindən, 459000 manat məbləğində pul tələb etməsini əsaslı hesab etmir və 200 000 manat məbləğində pulun Cavabdeh2 verilməsi sübut olunduğundan iddia Cavabdeh2 münasibətdə təmin olunmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan 23.08.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə daxil olan cavabeh Cavabdeh2 “iddia müddətinin tətbiqinə dair” ərizə ilə bağlı qeyd edir ki, kredit müqaviləsi 19.08.2015-ci il tarixdə iddiaçı ilə deyil, digər şəxs X5 ilə Cavabdeh2 arasında bağlandığından həmin kredit müqaviləsi hazırki iddia tələbinin predmeti deyildir və iş üzrə iddiaçının sübutu kimi qiymətləndirilmir, belə olan halda iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar