Məhkəmə qərarları › İş №2(004)-4978/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4978/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4978/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Hacıağa oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Hacıağa oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hacıağa oğlu Cavabdeh qarşı "pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Cavabdeh 5160 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti olmaqla, cəmi 5190 manat məbləğində pulun tutularaq İddiaçı Hacıağa oğluna ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Hacıağa oğlu ilə Cavabdeh qohumdur, yəni iddiaçının qızı Pərvanənin qaynıdır. Adil 2018-ci ilin sentyabr ayında ona övladına toy etdiyi üçün pula ehtiyacı olduğundan Bankdan İddiaçı öz adına kredit götürüb ona verməsini xahiş edərək bankın aylıq ödənişlərini hər ay özü ödəyəcəyini söyləmişdir. Cavabdeh ona bildirmişdir ki, pulu Səbail rayonu Bayıl qəsəbəsində yerləşən X1 filialından götürə bilərlər. Cavabdeh qohumu olduğu üçün ona inanmışdır, həmin səbəbdən də o cavabdehin təklifi ilə razılaşaraq 2018-ci ilin sentyabr ayında onlar birlikdə banka gedərək Bankdan hər ayı 172 manat ödəniş olmaqla ümumilikdə əsas pul olaraq 5.000 manat pul götürmüş və Bankdan çıxdıqdan sonra həmin pulu cavabdehə vermişdir. Cavabdeh ona söz vermişdir ki, aylıq ödənişləri ödəməkdə heç bir çətinlik olmayacaqdır. Cavabdeh hər ay 172 manat olmaqla 18 ay müddət bankın ödənişini ödəsədə, qalan müddət ərzində pulu ödəməkdən imtina etmişdir. Demək olar ki, 2020-ci ilin aprel ayından etibarən cavabdeh pulu öödəmədiyi üçün hər aylıq olan ödənişləri özü ödəmiş və hal hazıradək ödəyir. Daha sonra iddiaçı bildirmişdir ki, cavabdeh onun qızı Pərvanənin qaynıdır, həmdə onun baldızının oğudur, cavabdeh 2018-ci il tarixdə övladma toy etdiyi üçün pula ehtiyacı olmuşdur, həmin səbəbdən onun adına bankdan pul götürüb ona verməyi xahiş etmişdir. Adil 18 ay hər ay 172 manat ödəməklə ümumilikdə 3096 manat pul ödəsədə qalan 2580 manat pul ödənilməmiş və onun tərəfindən ödənilmiş 2580 manat puluda ödəməkdən, yəni ümumilkdə 5160 manat pulu ödəməkdən imtina edir. Cavabdehin krediti ödəməməsinin səbəbi ona aydın deyil, o cavabdehdən bu barədə soruşduqda sonuncu yaxşı edib ödəmədiyini deyərək qərəzli şəkildə ödəməkdən imtina etmişdir. Bununla əlaqədar iddiaçı Mahmudov X2 rayon RPİ 8-ci PB-nə müraciəti əsasında araşdırma aparılmış və Cavabdeh izahat verərək borcu etiraf etmişdir. O bildirmişdir ki, İddiaçı Hacıağa oğlu onun qardaşının qaynatasıdır. 2018-ci ilin sentyabr ayında o övladı üçün toy etdiyindən maddi imkanı az olduğundan o Əli ilə birlikdə işlədiyi üçün ona öz adma bankdan kredit götürüb ona verməsini, aylıq ödənişləri özü ödəyəcəyini bildirmişdir. Əlidə Səbail rayonu ərazisində yerləşən Beynalxalq bankdan öz adına 4 il müddətinə hər ay 172 manat ödəniş etmək məqsədi ilə 5.000 manat pul götürüb bankın qarşısında ona vermişdir. 2018-ci ilin sentyabr ayından etibarən 18 ay banka hər ayı 172 manat olmaqla ödəniş etsədə, sonradan atası vəfat etdiyi üçün, maddi imkanı olmadığına görə o aylıq ödənişləri ödəyə bilməmişdir. Aylıq ödənişlər iddiaçının pensiya kartından tutulmuşdur. Sonradan ona məlum olmuşdur ki, iddiaçı banka olan borcunu ödəmədiyi üçün barəsində polis bölməsinə şikayət etmişdir. Həmçinin Cavabdeh bildirmişdir ki, onun qız övladının toyu olduğu üçün və maddi imkanı az olduğundan 2018-ci ilin sentyabr ayında Səbail rayonu ərazisində yerləşən Beynəlxalq bankdan İddiaçı adına 5000 manat pul götürüb cehiz almışdır. O ümumilikdə 18 ay 172 manat ödəməklə ümumilikdə 3096 manat banka ödəniş etmişdir, maddi imkanı olmadığı üçün o qalan ödənişi ödəyə bilmir, lakin hal hazırda hər ay 100 manat pulu iddiaçıya və yaxud banka ödəyə bilər. Hal hazırda onun iddiaçının adına bankdan götürdüyü puldan hər ayı 172 manat ödəniş olmaqla 30 ay olmaqla, yəni 5160 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Hacıağa oğlunun nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdfiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5160 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı Hacıağa oğluna verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 10.09.2018-ci il tarixli, BPM**********55 №-li kredit müqaviləsinə əsasən görünür ki, həmin müqavilə Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı Hacıağa oğlu arasında bağlanmış, Azərbaycan Beynəlxalq Bankı 5000 manat məbləğində pulu İddiaçı Hacıağa oğluna verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.09.2018-ci il tarixli, BPM**********55 №-li kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən görünür ki, İddiaçı Hacı oğlu 48 ay müddətinə, illik 27% dərəcəsi olmaqla, 5000 manat məbləğində pulu sonuncu ay 164,07 manat olmaq şərtilə hər ay 171,5 manat məbləğində pulu banka ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan **********616162303 nömrəli hesabdan çıxarışa əsasən görünür ki, 10.09.2018-ci il tarixdən 23.10.2020-ci il tarixədək banka ödənişlər edilmişdir. İş materiallarında olan 04 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı Hacıağa oğlu onun qardaşının qaynatasıdır. 2018-ci ilin sentyabr ayında o övladı üçün toy etdiyindən maddi imkanı az olduğundan o Əli ilə birlikdə işlədiyi üçün ona öz adına bankdan kredit götürüb ona verməsini, aylıq ödənişləri özü ödəyəcəyini bildirmişdir. Əlidə Səbail rayonu ərazisində yerləşən Beynəlxalq bankdan öz adına 4 il müddətinə hər ay 172 manat ödəniş etmək məqsədi ilə 5.000 manat pul götürüb bankın qarşısında ona vermişdir.2018-ci ilin sentyabr ayından etibarən 18 ay banka hər ayı 172 manat olmaqla ödəniş etsədə, sonradan atası vəfat etdiyi üçün, maddi imkanı olmadığına görə o aylıq ödənişləri ödəyə bilməmişdir. Aylıq ödənişlər Əlinin pensiya kartından tutulmuşdur. Sonradan ona məlum olmuşdur ki, Əli banka olan borcunu ödəmədiyi üçün barəsində polis bölməsinə şikayət etmişdir. Həmçinin Cavabdeh bildirmişdir ki, onun qız övladının toyu olduğu üçün və maddi imkanı az olduğundan 2018-ci ilin sentyabr ayında Səbail rayonu ərazisində yerləşən Beynəlxalq bankdan İddiaçı adına 5000 manat pul götürüb cehiz almışdır. O ümumilikdə 18 ay hər ayı 172 manat ödəməklə ümumilikdə 3096 manat banka ödəniş etmişdir. Maddi imkanı olmadığı üçün o qalan ödənişi ödəyə bilmir, lakin hal hazırda hər ay 100 manat pul Əliyə və yaxud banka ödəyə bilər. Hal hazırda onun İddiaçı adına bankdan götürdüyü puldan hər ay 172 manat ödəniş olmaqla 30 ay olmaqla, yəni 5160 manat borcu qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, yaranmış borc Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh öz izahatında hər ay 172 manat ödəniş olmaqla 30 ay olmaqla, yəni 5160 manat borcu qaldığını etiraf etmişdir. Beləliklə, iddiaçı tərəfindən götürülmüş öhdəlik yerinə yetirilmiş, yəni bankdan borc alınmış, lakin cavabdeh tərəfindən öz öhdəlikləri yerinə yetirilməmiş, ödənişləri etməmişdir. Cavabdehin öz izahatından da göründüyü kimi yaranmış borcun ona aid olduğunu qəbul edir, hər ay 100 manat məbləğində ödəniş edə biləcəyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da alınaraq İddiaçı Hacıağa oğlunun xeyrinə ödənilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5160 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı Hacıağa oğluna verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5160 (beş min yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı Hacıağa oğluna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar