Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4992/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 08.06.2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 1984 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 08 iyun 2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmışdır. Lakin, əslində nikah bağlamaqlarında məqsəd ailə qurmaq niyyəti olmamışdır. Belə ki, onun fikri Polşa Səfirliyinə müraciət edərək viza almaq və işləmək üçün həmin dövlətə getmək idi. Yaxın tanışlarından bir neçəsi yaşamaq və işləmək üçün oraya getmişdir. O da onları görüb bu həvəsə düşmüşdür. Eşitdiyinə görə, ailəli şəxslərə VİZA verilərkən üstünlük verilir. Bunu ona tələbə yoldaşları və VİZA işi ilə məşğul olan tanışları bildirmişdir. O, bu fikrini valideynlərinə bildirdikə onlar buna qəti olaraq etiraz etdilər, hətta onu danladılar. O qərara gəlmişdir ki, onlardan xəbərsiz VİZA alsın, onlar VİZA-nın verilməsini gördükdən sonra yəqin ki, etiraz etməyəcəklər. Beləliklə, bunun üçün ilk olaraq uşaqlıq tələbə yoldaşı olan Cavabdeh ilə nikaha daxil olmuşdur. Ona ilk olaraq bu fikrini bildirdikdə razı olmamış, lakin sonradan israrları nəticəsində razı sala bilmişdir. Beləliklə, 08 iyun 2021-ci il tarixdə formal olaraq nikaha daxil olmuşlar. Bir müddətdən sonra valideynləri bundan məlumat tutmuş və onu möhkəm danlamış, xaricə getməyinə heç cür razı olmayacaqlarını bildirmişlər. Çıxış yolu olmadığnı gördükdə nikahın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia vermək qərarına gəlmişdir. Cavabdehin özü də məhkəməyə gələrək bu halları təsdiq edəcəkdir. Nəticədə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, nikah formal xarakter daşıdığından onların arasında heç bir toy və ya nişan mərasimi olmamışdır. Soyadının belə dəyişdirilməsinə zərurət olmamışdır. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin Polşa Respublikasında daimi təhsil aldığı və yaşamaq üçün icazəsi olduğu üçün iddiaçı valideynlərinin icazəsi olmadan onunla nikaha daxil olmuşdur. Belə ki, sözü gedən ölkədə daimi yaşayış icazəsi olan adam ilə nikaha daxil olduqda, həmin ölkədən rahatlıqla işləmək vizası alınması mümkündür. Bu səbəbdən də, iddiaçı belə bir addım atmışdır. Lakin valideynləri xəbər tutduqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı etiraf etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 441995 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08.06.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1984 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada İlyasova soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 08.06.2021-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamış, birgə nikahdan övladları yoxdur. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal tərəflərin etiraf edici izahatları ilə də, öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, tərəflərin əslində ailə qurmaq niyyəti olmadığından tərəflər arasında bağlanılmış nikah saxta hesab edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin nikah bağlamasındakı məqsədi ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 08.06.2021-ci il tarixdə 1984 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 08.06.2021-ci il tarixdə 1984 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4992/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4992/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver