Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-500/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva Hicran Əhməd qızı cəlb edilməklə mənzilin iki otağının boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Hicran Əhməd qızı cəlb edilməklə mənzilin iki otağının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözü gedən D.Bünyadzadə küçəsi, 31 saylı evin 30 saylı, mənzilin iki otağını cavabdehin Əliyeva Hicranın övladları olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən mənzilin iki otağının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2009-cu ildən Bakı şəhəri D.Bünyadzadə küçəsi 31 saylı evin 30 saylı dörd otaqlı mənzilin 50 %-i, yəni 1/2 hissəsinin mülkiyyətçisidir. Bu 14 il müddətində cavabdeh Əliyeva Hicran Əhməd qızının və oğlanlarının yaratdıqları maneələrə görə ona məxsus olan 2 otağa köçə bilməmişdir. İddiaçının Yasamal rayon Məhkəməsinə mənzilə köçürülməsi haqqında müraciət etdiyi iddia ərizəsi əsasında Yasamal rayon Məhkəməsi tərəfindən iş № 2(004)-3518/2019-cu il xx.xx.2019-cu il tarixində mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri D.Bünyadzadə küçəsi 31 saylı evin 30 saylı mənzilinə köçürülməsinə dair qətnamə qəbul etmişdir. xx.xx.2022-ci il tarixində Yasamal rayon Məhkəməsi tərəfindən iş № 2(004)- 3518/2019-cu il tarixli qərarını icra etmək üçün, Yasamal rayon İcra şöbəsinin Rəisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində İcra şöbəsinin Rəisi, icra məmuru İsmayıl İsmayılova verdiyi tapşırıq əsasında onu D.Bünyadzadə küçəsi 31 saylı evin 30 saylı mənzilin 2 otağına köçürmək üçün tapşırıq vermişdir. xx.xx.2022- ci il tarixdə məhkəmə qərarını icra etmək məqsədilə icra məmuru ilə bərabər saat 11 radələrində iddiaçının iştirakı ilə mənzildə olmuşdular. Əliyeva Hicran öz bəyəndiyi mənzilin sol tərəfində 2 otaqda yerləşmişdir.Mənzilin sol tərəfində iddiaçının 2 otağa köçməyinə Əliyeva Hicran məmura heç bir narazıçılıq bildirməmişdir. Lakin mənzilin sol tərəfində yerləşən 2 otaqda hansı ki o, 2 otağa iddiaçı köçməlidir o, 2 otaqda yaşayan Əliyeva Hicranın oğlanları, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 mənzildən icraçının qarşısına çıxmamışdır. Cavabdeh3 icraçı İsmayıl İsmayılova onların bu mənzildə qeydiyyatları olduğuna görə yaşamaq hüquqları olduğu və 2 otağın boşaldılmasna dair məhkəmə qərarı olmadığına görə yaşadıqları otaqları boşaltmayacaqlarını və mənzildən çıxmayacaqlarını. İddiaçı 2010-cı il tarixdən ikinci dəfə ailə qurmuşdur. Onun 2012-ci il təvəllüdlü oğlu Əliyev Araz adlı övladı vardır. Məktəbin 4-cü sinifində təhsil alır. Amma Arazın yaxşı təhsil almaq üçün, mənzil şəraiti yaxşı deyil. İddiaçı kirayə evlərdə yaşadığına görə, Arazın təhsil almaq üçün yaxşı şərait yarada bilmir. Arazında yaşamaq və təhsil almaq hüququ vardır. Kimə və nəyə görə körpə uşaq olan Araz, Bakı şəhərində mənzil ola-ola kənd şəraitində, kirayə evlərdə yaşamalı deyil. İddaçının payına düşən iki otaqları cavabdeh Əliyeva Hicranın oğlanları zəbt etdiklərinə görə və otaqları heç vaxt boşaltmayacaqlarını bildirmişdilər.İddiaçı otaqlara köçə bilməmişdir. Məhkəmə qərarı da icra olunmadan qalmışdır. İcra məmuru məcburiyyət qarşısında qaldığına görə akt yazmaqla kifayətlənmişdir. xx.xx.2013-cü il tarixində məhkəməyə dəftərxana vasitəsi ilə cavabdeh X3 etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 26 may 2008-ci il tarixli 2(004) 871/08 saylı Qətnaməsi ilə İddiaçı ilə Əliyeva Hicran Əhməd qızı arasında bağlanmış 21 oktyabr 1966-cı il tarixli nikahlarının pozulması və birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzili açıq hərracdan satılaraq həmin mənzilin satışından əldə olunan vəsaitin yarısını İddiaçı, qalan yarısını isə Əliyeva Hicran Əhməd qızına verilməsi qət edilmişdir. Sonradan cavabdeh Əliyeva Hicran Əhməd qızının Apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi 04 noyabr 2008-ci il tarixli 2(103)-3647/08 saylı Qətnaməsi ilə Apellyasiya şikayətini qismən təmin etmiş, Yasamal rayon məhkəməsinin 26 may 2008-ci il tarixli 2(004)-871/08 saylı qətnaməsini qismən, mənzil üzrə payların müəyyən edilməsi və mənzilin açıq hərracdan satılaraq payların bölünməsi hissədə ləğv etmiş, həmin hissədə iddianı qismən təmin etmişdir. Bakı şəh., D.Bünyadzadə küçəsi, 31 saylı evin 30 saylı mənzilinin 1/2 hissəsinə iddiaçı, İddiaçı, 1/2 hissəsinə cavabdeh H.Əliyevanın mülkiyyət hüququnun tanınmasını və qeydiyyat hüququnun qeydə alınmasını qət etmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədə saxlanılmışdır.Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, X1, X5 qarşı kompensasiya ödəməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarının mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin 01 sentyabr 2009-cu il 2(004)-2600/2009 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, X4,Cavabdeh3, X5, ümumilikdə 3600 manat verilməklə onların mübahisəli mənzilə yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 31 saylı evin 30 nömrəli mənzilin cavabdeh Əliyeva Hicran Əhməd qızı arasında bərabər qaydada real bölünməsini tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası 27 may 2010-cu il tarixli rəy verərək həmin mənzilin tərəflər arasında iki təcrid mənzil şəklində bölünməsini texniki cəhətdən mümkünsüzlüyünü qeyd etmişdir. Həmin məhkəmə tikintitexniki ekspertizasının rəyi Yasamal rayon məhkəməsinin 27 dekabr 2010-cu il tarixli 2(004)-1720(2010) saylı qətnaməsində qeyd olunub. İddiaçı Bakı şəhəri, D.Bünyadzadı 31 saylı binanın 30 saylı mənzilin 2(iki) otağına ehtiyac yoxdur, sadəcə övladlarını ona qeyri qanuni və cinayət tərkibli əmrlərini tabe olmadığı üçün bu vasitə ilə onlara (övladlarına) qarşı düşmənçilik mövqeyindən çıxış edərək bu vasitə ilə təzyiq nümayiş etdirir. O sözü gedən D.Bünyadzadə küçəsindəki 31 saylı evin 30 saylı mənzilin alındığı tarixindən qeydiyyatındadır. 2010-cu ildə ailə o qurmuşdur və hal-hazırda həyat yoldaşı və 2(iki) azyaşlı övladları ilə həmin mənzildə yaşayır. Onlar da həmin mənzildə qeydiyyatdadılar. Bütün bunları əsas gətirərək İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinn məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva Hicran Əhməd qızına qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva Hicran Əhməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrdən MH seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında 30 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissə İddiaçı və 1/2 hissə Əliyeva Hicran Əhməd qızına məxsusdur və daşınmaz əmlak dövlət reyestrində 911 nömrəli reyestr kitabının 84660 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3528/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Əliyeva Hicran Əhməd qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsi, 31 saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, paylı mülkiyyətçi və borclu Əliyeva Hicran Əhməd qızı, həmçinin mənzilə istifadə hüquqları olan şəxslər İddiaçı mənzilə köçürülməyi ilə bağlı heç bir etirazları olmadığını bildirmişdilər. Cavabdeh1 və Cavabdeh3 giriş qapısından sağda yerləşən 1-ci otağın boşaldılaraq İddiaçı təhvil verilməsindən imtina edib bildirmişdirlər ki, onlar mənzildə rəsmi qeydiyyatdadırlar və mənzilə istifadə hüquqları vardır, bundan başqa onların otaqdan çıxarılmasına dair məhkəmə qərarı mövcud deyil. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, X2, X5, Cavabdeh3, X4, X1, Əliyeva Hicran Əhməd qızına qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1720/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Əliyeva Hicran Əhməd qızına qarşı pulun alınması və ya mənzilin satılaraq əldə olunmuş pulun paylara bərabər surətdə bölünməsi barədə iddia tələbi təmin edilmiş, Bakı şəhəri D.Bünyadzadə küçəsi 31 saylı evin 30№-li mənzilin açıq hərracda satılması, satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Əliyeva Hicran Əhməd qızı arasında onların hər birisinin ½ paylarına mütənasib surətdə bölüşdürülməsi, ekspertiza tədqiqatının 100 manat miqdarında dəyəri İddiaçı alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X6 (satıcı) paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu D. Bünyadzadə küçəsi,31 saylı evin 30 saylı mənzili alıcı- Əliyeva Hicran Əhməd qızının mülkiyyətinə verir, Əliyeva Hicran Əhməd qızı (alıcı) isə həmin daşınmaz əmlakı 118.000 (yüz on səkkiz min) manat qiymətinə alır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 201120 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi,31 saylı evin 58,78 kv m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı, 30 saylı mənzili Əliyeva Hicran Əhməd qızının adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2004-cü il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 30/17498 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1099/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli 2(005)-2966/2009 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X10 qarşı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icra məmuru X8 Rayon Məhkəməsinin 2(004)-3528/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tələbkar İddiaçı Bakı şəhəri, Yasamal rayonu D. Bünyadzadə küçəsi 31 saylı evin 30 saylı mənzilinə köçürülməsini təmin etmək məqsədilə həmin ünvanda olmuşdur. Borclu H.Əliyeva tələbkarın mənzilə köçürülməsinə etiraz etmədiyini bildirmiş, tələbkar mənzilin sol tərəfində yerləşən 2 otağa köçürülməsini istəmiş, tələbkarın həmin mənzildə qeydiyyatda olan oğlanları buna etirazını bildirərək, yaşadıqları otaqları boşaltmayacaqlarını, mübahisəli mənzildə qeydiyyatda olduqlarını, eyni zamanda tələbkarın tələb etdiyi otaqların boşaldılmasına dair məhkəmə qətnaməsi olmadığını bildirmişdirlər. O cümlədən tələbkarın sözügedən mənzilə köçürülməsinə etiraz etmədiklərini bildirmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən, 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən mənzildə 1/2 hissədə paya malikdir və cavabdehlər isə onun 1-ci nikahından olan övladlarıdır, halhazırda həmin mənzildə yaşayırlar. İddiaçı mənzilə köçürülmə barədə qətnamənin icrasının təmin edilməsi üçün həmin mənzilin sol tərəfində yerləşən iki otağının cavabdehlər tərəfindən boşaldılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin ½ hissəsinə paylı mülkiyyət hüququna malikdir. Paylı mülkiyətçi kimi mülkiyyətçinin payı üzrə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Lakin sözügedən mənzildən istifadə qaydaları və iddiaçıya mənzilin hansı hissəsində payın (otaq) məxsus olması dəqiq müəyyən olunmamışdır. İddiaçı məhz onun tələb etdiyi iki otaq ona təqdim edilmədiyindən, mənzilə köçməkdən imtina etmişdir. Cavabdehlərin etiraz ərizələrinin və icra məmuru tərəfindən tərtib edilən aktın məzmunundan da aydın olur ki, cavabdehlər iddiaçının mənzilə köçürülməsinə etiraz etmirlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya mübahisəli mənzilin hansı otaqlarının məxsus olması və mənzildən istifadə qaydaları dəqiq müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi, 31 saylı evin 30 saylı mənzilin iki otağının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılması barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı onun himayəsinə verilməmiş azyaşlıların cavabdehin icazəsi olmadan xarici ölkəyə aparılmasına icazənin verilməsi barədə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilin iki otağının boşaldılmasına dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-500/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-500/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver