Məhkəmə qərarları › İş №2(004)-5008/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5008/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5008/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən 2017-ci ildə Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən “Qızıl-gül Xəyal” kafesini icarədar Elvin adlı şəxsdən ortağı Romalla birlikdə 4500 manat pul ödəyərək icarəyə götürülmüşdür. Kafenin icarə haqqı 1500 manat təşkil edirdi, hər on gündən bir 500 manat verməklə icarə haqqını ödəyirdilər. 2018-ci ildə kafenin sahibi Cavabdeh2 onlara müraciət edərək kafeni öz tanışı Cavabdeh1 təhvil verməklərini təklif etmiş, qarşılığında 4500 manat pulun Cavabdeh1 tərəfinən onlara ödəniləcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Cavabdeh1 ona cəmi 1800 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Daha sonra Məstan ondan 400 manat borc almış lakin geri qaytarmamışdır. Səs yazılarındanda göründüyü kimi, Rəhman Məstanın ona 2250 manat vərəcəyini boyun olduğunu bildirir. Lakin bu günə kimi 1 manat belə ödəməmişlər. Yenə kafenin sahibi Rəhman ondan 500 manat borc adıyla almış üstündən 1 ay keçəndən sonra guya ki, ona kafenin icarəsindən 500 manat borcu qaldığını və bu səbəblə həmin məbləği qaytarmayacağını bildirmişdir. O isə icarənin işgüzar adətlərə görə hər ayın əvvəli ödəndiyi bildirsə də xeyri olmamışdır. Daha sonra dəfələrlə həmin pulu geri qaytarmasını tələb etsə də, nəticə dəyişilməz olaraq qalmışdır. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh1, birlikdə onu aldadaraq ümumulikdə 3600 manat məbləğində pulunu mənimsəmişlər. 2 ildirki 3600 manatdan 1 qəpik belə olsun ona ödənməmişlər. Məlum olduğu kimi ona xeyli maddi zərər vurmuşlar. 3600 manat pul ilə hər hansı iş görüb gəlir əldə etmək olardı. Lakin onların bu hərəkətləri nəticəsində əlidə olanqalan puluda itirmiş, iş qura bilməmiş və ona xeyli ziyan dəymişdir. Qeyd olunanlar bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ şöbəsinə şikayət etsə də, 27 may 2019-cu il tarixli qərar qəbul edilmiş və işdə cinayət tərkibinin olmadığı üçün rədd edilmişdir. Eyni zamanda işə mülki qaydada baxılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən 3600 (üç min altı yüz) manat əsas borc, 2 il gecikdirməsi səbəbi ilə üzərinə mərkəzi bankın uçot faiz dərəcəsi olan illik 7% əsasında işləyən 504 manat gecikmə faizinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 4134 (dört min yüz otuz dört) manat pulun cavabdehlər Cavabdeh1 Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2015-ci ildən həmin kafedə ofisiant kimi çalışmağa başlamışdır. Hazırda Yasamal Rayon Prokurorluğunun yeməkxanasında çalışır. Məstan, Rəhman vasitəsi ilə onun şəriki olmuş, ona 1800 manat ödəyəcəyinə söz vermişdir ki, pulun qalan hissəsini qısa müddət ərizində ödəyəcəkdir, bundan başqa 500 manatlıq da dövriyyədə olan mal da var idi. O kafedə işləməmişdir. Belə ki, Məstan orada təmir işlərini apararaq xərclənmiş vəsaiti böləcəyini bildirmişdir. Bundan başqa kafedən çıxarkən heç bir təhvil-təslim işləri aparılmırdı. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddianı qəbul etmir. O, Rəhmana təklif etmişdir ki, “Qızıl-gül Xəyal” kafesini ona icarəyə versin. Rəhman isə həmin vaxt ona “səbrli ol icarəçi kafedən çıxsın kafe sənindir gəlib işləyərsən” deyə bildirmişdir. Bir müddət sonra Rəhmana zəng vuraraq “icarəçi nə vaxt çıxır və kafeni mənə icarəyə vermək fikrin varmı?” deyə soruşmuş, Rəhman isə ona gəl kafeni təmir etdir, oranı səliqəyə sal və işlət deyə bildirmişdir. O, kafeyə gələn zaman həmin kafenin iddiaçı tərəfindən işlədildiyini görmüş və Vüsala kafeni onun çörəyinə bais olmasın deyə birlikdə işlətməyi təklif etmişdir. Vüsal ondan borca pul istəmiş, o da öz növbəsində 1800 manat pulu borca vermişdir. Bu pulu Rəhmanın yanında iddiaçıya vermişdir. Vüsal ondan sözü gedən məbləği borca alsa da, o Rəhmana hallalıq olsun deyə verdiyini bildirmişdir. Lakin Rəhman ondan Vüsala hər hansı bir məbləğdə pul verməməsini bildirmişdir. Əslində niyyəti kafenin icarəsini başqa şəxsə verərkən veriləcək şəxsdən əvvəlkilər kimi həmin pulu almaq olmuşdur. Bir müddət Vüsal ilə işlədikdən sonra Vüsalın çəkidə onu aldatdığını, aldığı ərzaqları qeyd kitabına daha yüksək məbləğə yazdırdığını aşkar etmişdir. Bundan başqa kafenin yaxınlığında yerləşən Yasamal Rayon Prokurorluğunun işçiləri çay sifariş etdikdə, hesabı ödəmirlər, qonşudular deyərək pulları mənimsəyirdi. O, Vüsalın əli əyriliyi barədə Rəhmana məlumat vermiş, bundan sonra Vüsal kafedən çıxmışdır. O, Vüsala haqq-hesab etməsini bildirmiş, sonuncu isə qəbul etməmişdir. O, ümumilikdə 1700 manat ziyana düşmüşdür. Onun Vüsala heç bir verəcəyi yoxdur. Əksinə Vüsal ondan aldığı borcunu bu günə kimi qaytarmamışdır. O, özüdə hazırda o kafeni işlətmir, təhvil verib çıxmışdır. Onda olan məlumata görə hazırda kafeni başqa admalar icarəyə götürüblər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözü gedən “Qızıl-gül Xəyal” kafesi onun bacısının yoldaşının mülkiyyətində olmuşdur. Sonradan bacısının yoldaşı rəhmətə getmiş və kafe bacısının adına keçmişdir. Hazırda bacısı ürək xəstəsi olduğundan kafeni bacısının adından etibarnamə əsasında o idarə edir. Bütün məsələlər ilə özü məşğul olur. Kafeni icarəyə vermiş, onun xəbəri olmadan icarəçilər bir-birinə pul ödəyərək sıralarını satmış və ona bildirmişlər ki, güya icarə haqqını ödəməyi çatdırmırlar və bu səbəbdən şərik kimi başqa şəxslər ilə işləyirlər. O, Məhərrəm adlı şəxs ilə müqavilə bağlayaraq kafeni ona icarəyə vermişdir. Bir müddət sonra Məhərrəm dedi ki, Natiq adlı şəxs onun şərikidir, yoldaşı xəstədir və onun mualicəsi üçün özü gedir Sankt-Peterburq şəhərinə, şəriki Natiq kafeni işlətməyə davam edəcəkdir. Sonradan Natiq ona bildirmişdir ki, o, Məhərrəmə 3500 manat pul verib ki kafeni işlətsin. Natiq bir müddət kafeni işlətdi sonra bildirdi ki, Elvin adlı şəxs onun şərikidir və onlar birlikdə işləyəcəklər. O, hər on gündən bir yəni, hər ayın 10-u, 20-si, 30-u 500 manat olmaqla icarə pulunu alırdı. Bir gün icarə pulunu almaq üçün kafeyə getmiş və Natiqi orada görməmişdir. Natiqin şəriki Elvin ona bildirmişdir ki, Natiq Rusiyaya gedib kafeni özü işlədəcək və Natiqə 4500 manat pul verərək kafeni icarəyə götürüb. Sonradan kafedə Elvinin adından Vüsal işləməyə başladı. Kafe bərbad gündə idi, təmiri demək olar yox səviyyəsində idi, otaqların divarları ayaqqabı izləri idi. Bundan başqa qonşulardan eşitmişdir ki, orada yığışıb qumar oyunları da oynayırlar. O, Vüsala buna son verməsini, kafeni Cavabdeh1 ilə işlətməsini, Məstanın oraya ağsaqqalıq edəcəyini bildirmişdir. Vüsal bunu qəbul etdikdən sonra onlar birlikdə işləməyə başlamışlar. Məstana kafeni icarəyə götürdüyü üçün Vüsala pul verməməyini bildirmiş, Məstan isə halallıq olması üçün Vüsala pul ödəmişdir. Məstan Vüsalın dəfələrlə oğurluq etdiyini tutmuş, ona əli əyri olduğunu bildirmişdir. Bu səbəbdən Vüsal kafedən çıxıb getmişdir. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o, heç vaxt Vüsaldan 500 manat borca pul almamışdır. Vüsal kafeni tək işlətdiyi zamandan ona 500 manat icra borcu qalmşdır və həmin pulu da sonradan ona gətirib vermişdir. Yəni Vüsalın ona ödədiyi həmin məbləğ kafenin icarə haqqı idi. O, Cavabdeh1 ilə kafeni icarə verməyi barədə müqavilə bağlamışdır. Hal-hazırdada kafe başqa şəxslərin icarəsindədir. Onun bu söhbətlərdən ümumiyyətlə sonradan xəbəri olmuş, Vüsalada sonuncu icarədar çıxanda ona pul verməməsini, verdiyi pulu da geri almasını bildirmişdir. Odur ki qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “Qızıl-gül Xəyal” kafesi iş üzrə Cavabdeh2 bacısına məxsus olmuş, Cavabdeh2 həmin kafeni etibarnamə əsasında idarə edərək, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Həmin kafeyəyə dair sonuncu ilə ilk öncə Məhərrəm adlı şəxs arasında icra müqaviləsi bağlanmış və kafe işlədilməsi üçün Məhərrəmə verilmişdir. Daha sonra iddiaçının iddia etdiyinə görə Məhərrəm həmin kafenin icarəsini pul müqabilində Natiq adlı şəxsə, Natiq isə Elvin adlı şəxsə satmışdır. İş üzrə iddiaçı həmin kafenin icarəsini (icarə sırasını) Elvindən pul müqabilində almış və işlətməyə başlamışdır. Daha sonra Cavabdeh2 iddiaçıya sözü gedən kafeni Cavabdeh1 ilə birlikdə işlətməsini bildirmiş, İddiaçı da onunla razılaşaraq kafeni sonuncu ilə birlikdə işlətməyə başlamışdır. Bu zaman Məstan ona ilkin olaraq 1800 manat halallıq üçün pul verərək kafeni birlikdə, şərikli işlədəcəklərini bildirmiş, sonradan münasibətləri pozulduğundan iddiaçı kafedən uzaqlaşmışdır. İddiaçı iddia edir ki, cavabdehlərdən Cavabdeh1 o, kafedən ayrılan zaman, onun vaxti ilə Elvin adlı şəxsə kafenin icarə haqqını almaq üçün ödədiyi məbləği ona geri qaytaracağını vədd etmiş, lakin bu günədək həmin məbləği ona geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 ona 2250 manat borcunun olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmiş, bunu əksi olaraq işin halları eləcə də, iddiaçının etiraf edici izahatı ilə kafenin icarə sırasının ona keçməsi üçün, yəni işlətməsi üçün onun tərəfindən ödənilmiş məbləğ hazırki iş üzrə cavabdehlərə deyil, aralarındakı razılığa əsasən məhz kafenin ondan öncə icarədarı olmuş Elvin adlı şəxsə ödənilmiş, bu haldan kafeni faktiki olaraq idərə etmiş və icrayə vermiş iş üzrə cavabdeh olan Cavabdeh2 isə sonradan məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı kafeni işlədə bilməsi üçün Elvin adlı şəxsə 4500 manat məbləğində pul verməsini iddia etsə də, məhkəməyə həmin halları da təsdiq edən sübutlar təqdim edə bilməmiş, həmin hallar öz təsdiqini tapmış olsaydı belə, həmin hallar hazırki cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlərdən Cavabdeh2 500 manat məbləğində borca pul verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı, tələb olunan ümumi məbləğin nə üçün cavabdehlərdən müştərək qaydada tutulmasının tələb edilməsini əsaslandıra bilməmişdir. Məhkəmə, iddia tələbinin əsas borc hissəsində təmin edilməməsi qənaitinə gəldiyindən, digər hissədə, 2 il gecikdirilməsi səbəbi ilə üzərinə mərkəzi bankın uçot faiz dərəcəsi olan illik 7% əsasında işləyən 504 manat gecikmə faizinin, cavabdehlərdən müştərək qaydada tutulması hissəsində müzakirəsini məqsədə müvafiq hesab etmir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar