Məhkəmə qərarları › İş №2(004)-505/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-505/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-505/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixdə X13 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1988-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. X26 İ qrup əlildir və o, 2004-cü ildən X1 “MSS üzvi xəstəliyinin qalıq əlamətləri, ağıl zəifliyi, nit və hərəkət dayaq aparatın pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-5529/2019-cu il tarixli qətnaməsi ilə X26 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Buna görə də, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 24 nömrəli sərancamı ilə həyat yoldaşı X16 İbrahimovanın qəyyumu təyin edilmişdir. Oğlu, yəni Cavabdeh 2008-ci ildə ailə həyatı qurmuş və o, arvadı ilə birlikdə onlarla eyni ünvanda yaşamağa başlamışdır. Lakin, cavabdehin övladı olmadığından ailədaxili mübahisələr yaranmağa başlamış və bir müddət sonra cavabdeh valideynlərini və əlil bacısını tərk edərək arvadı ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Hal-hazırda isə cavabdeh qaynanasının evində yaşayır. Artıq 14 ildir ki, cavabdeh valideynləri ilə və eləcə də əlil bacısı ilə heç bir ünsiyyət qurmur və onlarla maraqlanmır. Sonuncu dəfə onunla ünsiyyət qurmağa çalışdıqda ona bildirmişdir ki, “siz mənim üçün heçnə etməmisiniz. Dünyaya xəstə qız övladı gətirmisiniz və əziyyət çəkin ona özünüz baxın”. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, halhazırda Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 14 saylı ev onun xüsusi mülkiyyətindədir. Onun 65 yaşı var, ömrünün çox hissəsini yaşamışdır. Bundan sonra da çox yaşayacağını zənn etmir. Hər bir insan kimi onun da vaxtı çatdıqda haqq dünyasına gedəcəkdir. Lakin, oğlunun onun sağlığında ona, həyat yoldaşına və əlil qızına qarşı göstərdiyi hörmətsizliyi və əxlaqsız hərəkətini bağışlamaq mümkün deyil. O, dünyasını dəşidikdən sonra cavabdeh miras əmlakdan pay alarsa, həyat yoldaşı və əlil qızının vəziyyəti daha da çətinləşəcək və onlar çox böyük təhlükələrlə qarşı-qarşıya qalacaqdır. Buna görə də, cavabdehin bir övlad kimi, valideyninə olan davranışlarını, eləcə də xəstə bacısına qarşı olan münasibətini nəzərə alaraq hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsə sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş İ-ИЕ 835256 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2796 nömrə ilə qeyd edilmişdir. X27 Ağa, anası X4r. İş materiallarında olan Ağdaş rayonu VVAQ bürosu tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş АЗ 219673 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1963-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. X3, anası X5r. İş materiallarında olan AZ-İİ 438036 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X10 nikahlarını xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası Ağdaş rayon Qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş ХİV- Жİ 341944 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1988-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 80 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X9r. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş Х-ЖГ 275723 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1984-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 898 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X9r. İş materiallarında olan DSMF Yasamal tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş əlillik vəsiqəsinə əsasən X14 1-ci qrup (uşaqlıqdan) əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsi X2 xx.xx.2010-cu il tarixdə 2859 nömrəli məktubuna əsasən 1988-ci il təvəllüdlü X14 2004-cü ildən Bakı şəhər RƏXD-nin konsultativ qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 saylı zona Yasamal tərəfindən verilmiş 944026 nömrəli arayışa əsasən 1988-ci il təvəllüdlü X14 1-ci qrup (uşaqlıqdan) əlildir. Bu arayış müddətsiz formada verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 24 nömrəli Sərəncamına əsasən Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-5529/2019 nömrəli Qətnaməsinə əsasən xx.xx.1988-ci il təvəllüdlü Yasamal rayonu, H.Aslanov küçəsi, 14 nömrəli evdə qeydiyyatda olan X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına X13 ərizə ilə müraciət edərək onun qızına qəyyum təyin edilməsini xahiş etmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-5529/2019 nömrəli Qətnaməsini və X6 ərizəsini nəzərə alaraq, fəaliyyət qabiliyyəti olmayan xx.xx.1988-ci il təvəllüdlü X12 mülkiyyətlərinə hüququ olmadan anası X13 qəyyum təyin edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143-cu maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1137ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Həmçinin şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Miras qoyan öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə vərəsəni məcburi pay almaq hüququndan məhrum edə bilər. Hazırki iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı təqdim edilmiş sübutlar əsasında müəyyən edilməmiş, cavabdehin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan əsaslar aşkar olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar