Məhkəmə qərarları › İş №2(004)-5072/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5072/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5072/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qədab Ruslan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X1rşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 tərəfindən mənzilin təmirinin natamam görüldüyünü və sifariş əsasında mebellərin gətirilməyərək maddi və mənəvi ziyanın vurulması ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət edilməsi İddiaçı tövsiyə edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6300 manat, ödənilmiş dövlət rüsumu 40 manat olmaqla ümumilikdə 6340 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddianın əsaslarına görə, 2020-ci il tarixində faktiki yaşadığı mənzili təmir etmək qərarına gəlmişdir. Həmin mənzilin təmirini Zülfiyyə Şirinovanın vasitəsilə cavabdeh Türkiyə Respublikasının vətəndaşı Mehmet Cavabdeh həvalə etmişdi. 2021-ci il tarixində ilkin olaraq mənzilimin təmirinə və qonaq mebel dəstinə görə (cavabdeh tərəfindən Türkiyədən sifarişlə gətiriləcək qonaq dəsti mebeli) ümumilikdə cavabdehə 33000 manat nağd pul vermişdir. Cavabdehlə razıllaşmaya və cavabdehin üzərinə götürdüyü öhdəliyə əsasən o, həmin 33000 manat vəsaitin 26000 manatına mənzilini təmir etməli və 7000 manatına isə mənzilini Türkiyə istehsalı olan qonaq dəsti ilə təmin etməli idi. Sonradan cavabdehə Türkiyə istehsalı olan qonaq dəstinin Türkiyədən Bakıya çatdırılmasına görə 600 manat və əlavə olaraq mənzilimdə kamin istilik sisteminin quraşdırılmasına görə isə 1700 manat nağd pul vermişdir. Cavabdeh mənzilin təmirini vəd etdiyi müddətə təhvil verməmişdir, eyni zamanda mənzildə aparılan təmir işləri, natamam olmuş və ümumilikdə işlər qane etməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə baxmayaraq 2023-cü il tarixində mənzili ondan təhvil almışdır. Mənzilə dair təmirlə bağlı cavabdehlə hazırda hər hansı mübahisə yoxdur, lakin cavabdeh bu vaxtadək mənzildə kamin istilik sisteminin quraşdırmamışdır və mənzili Türkiyə istehsalı olan qonaq dəsti ilə təmin etməmişdir. Cavabdeh aldığı Türkiyə istehsalı olan qonaq dəstinə görə 7000 manatı, onun Türkiyədən Bakıya çatdırılmasına görə 600 manatı və mənzilə kamin istilik sisteminin quraşdırılmasına görə 1700 manatı ümumilikdə 9300 manat vəsaiti geri qaytarmaqdan imtina edir. Cavabdeh gah telefon zənglərinə cavab verməmişdir, gah xəstə olduğunu bildirmişdir, gah da mebel dəstinin bəyənilmədiyinə görə Türkiyəyə geri qaytardığını bəhanə gətirmişdir. Beləliklə cavabdeh müxtəlif yalan vədlər verməklə ona verdiyim 9300 manatın geri qaytarmaqdan yayınır. Cavabdeh etibarından sui istifadə edərək aldığı 9300 manatın geri qaytarılmasından imtina etmişdir. Cavabdehə dəfələrlə pulun geri qaytarılması ilə bağlı xəbərdarlıqlar etməyinə baxmayaraq, o xəbərdarlıqlarıma heç bir məhəl qoymamışdır və ona görə də pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) iddiaya etiraz

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbi əsaslıdır, iddiaçı tərəfindən sifariş olunmuş mebel gətirilmiş, lakin İddiaçı mebeli bəyənmədiyindən təhvil verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmə baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iddiaçı və cavabdeh iddiaçıya məxsus mənzilin təmir edilməsi və mebellərin təhvil verilməsi barədə razılaşmışlar, daha sonra mebellərin təhvil verilməsi hissədə sövdələşmə razılaşdırılmış qaydada icra edilməmiş, dəyəri ödənilməsinə baxmayaraq əşyalar iddiaçıya təhvil verilməmişdir. İddiaçı da cavabdehə ödənilən pulu mebellərin gətirilməsi məqsədi ilə verdiyini, daha sonra cavabdehin üzərinə götürdüyü öhdəliyini icra etmədiyini bildirir.

12. İddiaçının göstərdiyi məbləğ cavabdeh tərəfindən məhkəmə iclasında verilmiş izahatla öz təsdiqini tapmış, sonradan iddiaçı tələbini həcmini azaldaraq 6300 manat məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

13. Odur ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən həmin məbləğdə rüsumun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6300 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat olmaqla, ümumilikdə 6340 manat məbləğində pul X3 tutularaq İddiaçı ödənilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 6300 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat olmaqla, ümumilikdə 6340 manat məbləğində pul X3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar