Məhkəmə qərarları › İş №2(004)-5073/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5073/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5073/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat məbləğində pulun və dövlət rüsümu kimi ödənilmiş 59 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ailəsini dolandırmaq üçün xırda ticarətlə, yəni “ət” alveri ilə məşğul olmağa başlamışdır. İnternet səhifəsində elan yerləşdirərək, “mal-qara”nın satışı ilə məşğul olduğunu və sifariş qəbul etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə verdiyi elanla bağlı, mobil telefonuna, tanımadığı - 050 *** ** ** mobil telefondan zəng gəlmiş, özünü Teymur kimi təqdim edən bu şəxs ona bildirmişdir ki, Bakıda, metro “Memar Əcəmi” stansiyasının yaxınlığında “ət” dükanı var, istənilən qədər “ət” alır və pulunu da “nəğd” şəkildə ödəyir. Onun ciddiliyinə inanmışdır. Cavabdeh ətin hər 1 kiloqramı üçün 10 manat 50 qəpik verəcəyini bildirmiş və aralarlnda razılığa gəlmişlər. O, razılaşdıqları kimi, çəkiləri 125 kq, 179 kq, 175 və 193 kq olmaqla, “mal” əti vermişdir. Bundan sonra onun “qara” günlərim başlamışdır. Cavabdeh onu get-gələ salmağa, bugün-sabaha salaraq ona çatası pulu verməkdən rəsmən imtina etmişdir. Artıq 6 aydır ki, cavabdeh onu aldadır. Bu müddət ərzində öyrənmişdir ki, cavabdeh yalnız onu deyil, çox adamı aldatmışdır. Sumqayıt ŞPİ-də, Bakı şəhər Pİ-də bu şəxs barəsində çox saylı şikayətlər vardır. Bunun əməlləri barədə Bakı şəhər Nəsimi rayon 19-cu PB-nə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh onu aldatdğını rəsmi izahatında etiraf etmişdir. Cavabdehin ona ümumi borcu 3900 manat təşkil edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə arasında olan mübahisəli ət alqı-satqısı barədə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə müraciət etmiş və mülki məsələnin həlllinin məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan dəymiş ziyanın ödənilməsi məqsədilə ona qanuna müvafiq qaydada məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsində verdiyi izahatında qeyd etdmişdir ki, ünvan 1 ünvanında yerləşən ət mağazasını işlədir. 2022-ci ilin yanvar ayında internet vasitəsilə Tural ilə tanış olmuşdur. Söhbət zamanı bilmişdir ki, Tural da ət alqısatqısı ilə məşğuldur. Turalın dananın ona kəsib verəcəyi müqabilində hər kiloqram üçün 10 manat ödəyəcəyini bildirmişdir. Əvvəl Tural ona 1 dana kəsərək vermiş və danının 125 kq çəkisi olmuşdur. Daha sonra Tural ona 150 kq dana əti vermişdir. Təxminəın 4-5 gün keçdikdən sonra Turaldan 1 dana götürmüşdür. Digər vaxtda isə Tural 193 kq dana əti gətirmişdir. Sonuncu dəfə təxminən Tural təxminən yanvar ayını 20-si Tural ilə telefon vasitəsilə saxlayaraq dana əti istəmiş, Tural da 183 kq dana əti yollamışdır. Onun İddiaçı aldığı ət üçün 8050 manat borcu yaranmışdır. Həmin borcdan 4150 manat Turala ödəmiş, hal-hazırda ona 3900 manat borcu qalmışdır. Yaxın vaxtlarda həmin pulu Turala geri ödəyəcəkdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda dana əti satmışdır. Cavabdeh müqavilə üzrə malı təhvil alsa da, onun dəyərini tam şəkildə ödəməmiş və 3900 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə ödənilməmiş qalan 3900 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirsə də, hazırki vaxtadək müqavilə üzrə verilmiş malın dəyəni ödəmək vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan əşyanın dəyərini tam şəkildə ödəməmiş və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də , Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, müqavilə üzrə verilmiş əşyanın dəyərindən ödənilməmiş qalan pulu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59 (əlli doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar