Məhkəmə qərarları › İş №2(004)-5086/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5086/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5086/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması”tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh sadə yazılı formada tərtib edilmiş xx.xx.2010-cu il tarixli borc müqaviləsinə əsasən 4.500 ABŞ dolları borcun ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə Cavabdeh ondan satın aldığı əmlakın alqı-satqısı zamanı əmlakın dəyərinin bir qismini ödədikdən sonra 4500 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh xx.xx.2010-cu il tarixli borc müqaviləsi yazaraq 4.500 ABŞ dolları borcunu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürsə də, hazırkı vaxta kimi qaytarmamışdır. Bu səbəbdən borcun tutulmasını xahiş etmişdir. İddiaçı teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək izahatında bildirdi ki, o, İddiaçı aldığı evin dəyərindən 4.500 ABŞ dolları borclu qalmışdır. Bu barədə xx.xx.2010-cu il tarixdə borc müqaviləsi yazaraq İddiaçı qaldığı 4.500 ABŞ dollarından alqı-satqıya xərclədiyi 700 ABŞ dolları xərci çıxmaqla, qalan borcu 6 ay müddətində ödəyəcəyini bildirmişdir. O, xx.xx.2010-cu il tarixli müqavilə üzrə borcunu 6 ay ərzində, yəni müqavilə müddətində tam olaraq İddiaçı ödəmişdir. Eyni zamanda, İddiaçı iddia müddətini ötürdükdən 9 il sonra, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının iddiasını müdafiə etməsinə dair teleqramını, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiarədd edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixli sadə yazılı formada tərtib edilmiş müqavilədə göstərilmişdir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə İddiaçı ev alqı-satqısından 4.500 ABŞ dolları borclu qalmışdır. Həmin borcunu 6 ay müddətində verəcəkdir. Alqı-satqıya çəkdiyi 700 ABŞ dollarını çıxmaq şərti ilə borcu qaytaracaqdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsininmüddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Göründüyü kimi, xx.xx.2010-cu il tarixli sadə yazılı formada tərtib edilmiş müqavilə üzrə borcun qaytarılması müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. İddiaçı müqavilənin müddəti bitdiyi xx.xx.2011-ci il tarixdən üç il ərzində, yəni xx.xx.2014-cü il tarixə kimi məhkəmədə iddia qaldırmamış, iddia müddətini ötürdükdən 6 (altı) il 4 (dörd) ay 11 (on bir) gün sonra xx.xx.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia müddəti keçdiyinə görə, iddia tələbi rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh sadə yazılı formada tərtib edilmiş xx.xx.2010-cu il tarixli borc müqaviləsinə əsasən 4.500 (dörd min beş yüz) ABŞ dolları borcun ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar