Məhkəmə qərarları › İş №2(004)-5101/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5101/2025

24.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5101/2025 24.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 20 nömrəli məktəb-liseyə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, attestasiya) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 nömrəli məktəb-liseyə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 20 nömrəli məktəb-liseyin rus bölməsinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4446/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ərizəsi üzrə xx.xx.2000-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

3. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə İddiaçı X1 qəyyumu təyin edilmişdir.

4. Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktor əvəzi Yalçın Səlimbəyli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı fəaliyyəti dövründə nümunəvi müəllim olaraq yadda qalmışdır.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırılmadan keçməyən keçməyən təhsilverənlərin əmək müqavilələrinin xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün zəruri tədbirlərin görülməsi əmr edilmişdir.

6. Bakı şəhəri 20 nömrəli məktəb-liseyin xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırılmadan keçmədiyi üçün Bakı şəhəri 20 nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr edilmiş, əsas olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri göstərilmişdir.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sorğuya cavab olaraq göndərilən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət ümumi və məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədən uğurla keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilir. Əmək müqaviləsinin ləğv edilməsi isə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla işəgötürən tərəfindən həyata keçirilir və bu səlahiyyət də müvafiq təhsil müəssisəsinin rəhbərliyinə məxsusdur.

8. Sorğuya cavab olaraq göndərilmiş təkrar sertifikatlaşdırılmanın nəticələrindən görünür ki, İddiaçı 11 bal toplamaqla uğursuz nəticə göstərmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi, işə bərpa edilənədək olan müddət üçün orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, xx.xx.1997-ci ildən xx.xx.2025-ci ilədək Bakı şəhəri 20 nömrəli məktəb-liseyin rus bölməsində Azərbaycan dili müəllimi vəzifəsində işləmişdir. Həmkarlar ittifaqının üzvüdür. İşlədiyi müddət ərzində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən erənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Sonuncu dəfə sertıfikasiyadan keçmədiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş və bununa da normativ hüquqi aktların tələbləri pozulmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilməmişdir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə İddiaçı X1 qəyyumu təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4446/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ərizəsi üzrə xx.xx.2000-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Övladının daimi qayğıya və qulluğa ehtiyacı olduğu üçün sertifikasiya imtahanlarına hazırlaşa bilməmişdir. Ailənin maddi və mənəvi yükü onun üzərindədir. Sosial vəziyyəti pisləşməkdədir. Cavabdehə və yuxarı inzibati orqanlara (qurumlara) zəfələrlə yazılı müraciət etməyinə baxmayaraq ona şablon cavablar verilmiş, qanunvericiliyin tələbi icra edilməmişdir. Azərbaycan Təhsil İşçiləri X5 (bundan sonra «İttifaq» adlanacaq) uz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün s yeri, peşə, ərazi, sahə üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumrespublıka birliyi olmasına və ittifaqın məqsədinin ölkənin təhsil sistemində fəaliyyət göstərən dövlət, özəl müəssisələrin, təşkilatların, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin işçilərinin, tələbələrinin, aspirantlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdən ibarət olmasına baxmayaraq təşkilat hərəkətsizlik nümayiş etdirmiş və heç bir hüquqi tədbir görməmişdir. Beləliklə işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 67-2-ci maddəsinə münasibətdə 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi 79-cu maddənin tələblərinə zidd olduğundan 20 nömrəli məktəb-liseyin 30.06 2025-ci il tarixli müvafiq əmri ləğv edilməlidir.

b) iddiaya qarşı etiraz

11. İddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının müəllimliyinə xitam verilməsi ilə bağlı məlumat gəlmişdir. Əvvəlki rəhbərlik də həmin əmrə əsasən iddiaçının işinə xitam vermişdir. Sertifikasiya iyun ayında keçirilmişdir. Məktəbdən 10 nəfər müəllim Sertifikasiyadan keçməmişdir. Həmin şəxslərin hamısının əmək müqaviləsi ləğv olunmuşdur. Məktəb rəhbərliyinə Sertifikasiyadan keçməyən müəllimlərin işlərinə xitam verilməsi barədə əmrləri göndərilir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər;

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir;

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər; 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür;

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır;

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə xitam verilən hallara şamil edilmir;

3. Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri 20 nömrəli məktəb-liseydə uzun müddət Azərbaycan dili müəllimi vəzifəsində işləmiş və xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırılmadan keçmədiyi üçün Bakı şəhəri 20 nömrəli məktəb-liseyin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir.

18. Nəzərə alınmalıdır ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir və həmin Qaydalara əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması həyata keçirilir.

19. İddiaçı da Qaydalara uyğun keçirilmiş sertifikatlaşdırmada iştirak etmiş, təkrar sertifikatlaşdırmada uğursuz nəticə göstərmiş, buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

20. Hazırkı halda sertifikatlaşdırma prosesi zamanı iddiaçıya münasibətdə sözügedən Qaydaların tələblərinin pozulması halı aşkar edilmir. İddiaçı da Qaydalarla bağlı hər hansı pozuntu halına istinad etməmişdir.

21. İddiaçının əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələblərinin pozulması da müəyyən edilmir. İddiaçı himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxs olduğunu bildirməklə işəgötürən tərəfindən Məcəllənin 79-cu maddəsinin tələblərinin pozulduğunu bildirir.

22. Lakin, Əmək Məcəlləsinin 79-cu maddəsi hər hansı digər əsaslarla yox, məhz həmin maddədə sadalanan əsaslar üzrə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qarşısını alır.

23. Odur ki, hazırkı halda mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu barədə tələb əsassız olduğundan, müqəddəratı bu tələbdən asılı olan digər tələblərin təmin edilməsi də mümkünsüzdür.

24. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 20 nömrəli məktəb-liseyə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddiası təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Bakı şəhəri 20 nömrəli məktəb-liseyə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar