Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-512/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20600 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun dostudur. 2020-ci ilin oktyabr ayında cavabdeh ona Kolumbiyadan qızıl və brilyant, zümrüd qaşlı zinət əşyaları gətirib, həmin zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu və bu işdə yaxşı qazanc olduğunu bildirmişdir. Həmçinin, ona əgər istəyirsə pul verməsini, onun üçün zinət əşyaları da gəticəyini, sataraq və satışdan əldə olunan gəliri aralarında yarı bölmələrini bildirmişdir. O, cavabdehə inanaraq 12.10.2020-ci il tarixdə Kolumbiyadan onun üçün qızıl zinət əşyaları alıb gətirməsi üçün ona 20.600 ABŞ dolları pul vermişdir. Cavabdeh həmin pulu məndən aldıqdan sonra aralarında sadə yazılı formada müqavilə bağlanmış və müqavilədə cavabdeh öhdəyik götürmüşdür ki, həmin pulun əvəzinə onun üçün Kolumbiyadan 3,14 karat ölçüdə kvadrat formada zümrüd və kənarında 14 ədəd dairəvi formada 8 ədəd baqet formada brilyant daşları olan üzük və 4,10 karat ölçüdə badam formada zümrüd daşı alıb gətirəcəkdir. Satışdan əldə olan gəlir onların arasında yarı bölünəcəkdir. Pandemiya ilə əlaqədar olaraq cavabdeh həmin dövrdə Kolumbiyaya gedə bilməmiş, yalnız 2021-ci ilin iyun ayında Kolumbiyanın Boqota şəhərinə bilet alaraq ora getmiş və biletin surətini də mənə mobil telefonla çəkərək göndərmişdir. Cavabdeh Kolumbiyaya gedib gəlmiş, lakin öhdəlik götürdüyü zinət əşyalarını gətirib ona verməmişdir. Belə olan halda o cavabdehdən pulunu geri istəmiş, lakin o müxtəlif bəhanələr gətirərək iddiaçının pulunu verməkdən boyun qaçırmışdır. Bir müddətdən sonra cavabdeh mobil telefonunu bağlamış və iddiaçının telefon zənglərinə cavab verməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(004)-512/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2022-ci il tarixli 2(004)-512/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(004)-512/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh onun verdiyi 20.600 ABŞ dolları pulun 600 ABŞ dollarını geri qaytarmışdır. Hal-hazırda cavabdehin ona 20000 ABŞ dolları borcu qalmışdır. Odur ki, Cavabdeh 20600 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, tələb edilən məbləği ödəməyə razıdır. Lakin ona müəyyən vaxt lazımdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı üçün Kolumbiyadan 3,14 karat ölçüdə kvadrat formada zümrüd və kənarında 14 ədəd dairəvi formada, 8 ədəd baqet formada brilyant daşları olan üzük və 4,10 karat ölçüdə badam formada zümrüd daşı alıb gətirmək üçün ondan 20600 ABŞ dolları aldığını, razılaşmaya əsasən zinət əşyalarının satışından əldə olan gəlirin onların arasında yarı bölünəcəyini qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılmış halları ilə təsdiq edilmişdir ki, cavabdeh iddiaçıdan 20600 ABŞ dolları pul almış, lakin razılaşmaya əsasən müəəyən edilən qıızıl-zinət əşyalarını gətirməmiş və gəlir əldə etməmiş, iddiaçıya da gəlirdən vəsait ödəməmişdir. Yalnız, cavabdeh 600 ABŞ dollarını iddiaçıya geri qaytarmışdır. Həmçinin, cavabdeh məhkəmə islasında iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20000 (iyirmi min yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 (bir yüz doxsan altı) manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 196 (bir yüz doxsan altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-512/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-512/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver