Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5120/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi cəlb olunmaqla) "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi cəlb olunmaqla) "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən, qanunsuz olaraq onunla bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi nəticəsində xx.xx.2024-cü ildən məhkəmə qərar qəbul edilənədək hər ay üçün 1127 manat, ödənilməyən ezamiyyə xərclərim 10200 manat olmaqla ona vurulmuş maddi ziyan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməyi üzündən ona vurduğu maddi və mənəvi ziyana görə 5000 manat cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2019-cu il tarixində ƏMR№67/19 ilə Cavabdeh MMC-yə texnik vəzifəsinə işə qəbul olmuşdur. Onunla bağlanılan əmək müqaviləsi 31 dekabr 2023-cü il tarixinədək, yəni 4 il 10 ay 15 günlük imzalanmışdır. xx.xx.2021-ci il tarixində o texniki dəstək üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Mütəxəssis vəzifəsi üzrə əmək haqqı 1127 manat təşkil edirdi. 16 fevral 2024cü il tarixində cavabdeh əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə ƏMR № 067n/24 saylı əmrlə onunla bağlanılan əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onunla işəgötürən arasında bağlanılan əmək müqaviləsinin vaxtı xx.xx.2023-cü il tarixində bitmiş, işəgötürən 1 həftə ərzində ona əmək münasibətlərinə xitam verilməsinə dair bildiriş verməmiş və o əmək funksiyalarımı yerinə yetirməyə davam etmişdir. 15 fevral 2024-cü il tarixində onunla işəgötürən arasında bağlanılan əmək müqaviləsinin 5 ili tamam olmuş və avtomatik olaraq, onunla bağlanılan əmək müqaviləsi müddətsiz statusunu almışdır. İşəgötürən onu məcbur etmək istəmişdir ki, ərizə yazaraq öz xahişiylə əmək münasibətlərinə xitam verilsin, lakin bunun üçün hər hansı əsas olmadığını bildirib işəgötürənin bu tələbini rədd etmişdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə, yəni əmək münasibətlərimin 5 il və 1 günündə cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinin 2-ci hissəsinə istinad edərək, yəni müddətin qurtarması ilə mənimlə bağlanılan əmək müqaviləsinə xitam vermişdir. Halbuki, işəgötürənin belə bir hüququ yox idi. İşəgötürənin qanunsuz hərəkətlərindən X2 xidmətinə rəsmi müraciət edib şikayətimi bildirmişdir. Şikayətiylə bağlı mart, may və iyun aylarında cavab məktubu almışdır. X2 Bakı şəhər İdarəsinin 01 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, İdarə tərəfindən Cavabdeh MMC-nin əməllərində inzibati xəta əlamətləri aşkar edildiyindən Şirkət barəsində inzibati xəta haqqında icraat başlanılmışdır. Həmin İdarənin 06 iyun 2024-cü il tarixli cavab məktubunun məzmunundan belə görünür ki, Şirkət dövlət İdarəsinin tələb etdiyi sənədləri tam şəkildə təqdim etməmiş və İdarə də Şirkətin barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə Şirkətin bu əməllərinə göz yummuşdur. Belə ki, həmin məktubun məzmunundan görünür ki, onunla bağlanılan əmək müqaviləsinin qurtarma tarixi 31,12.2023-cü il qeyd edilmişdir və ƏM-nin 73 və 45- ci maddələrinə istinad etməklə bağlanılan əmək müqaviləsinə müddətin qurtardığı tarixdə xitam verilməzsə 1 həftə sonra əmək müqaviləsi avtomatik olaraq, əvvəl müəyyən olunmuş müddətə uzadılır. X2 Bakı şəhər İdarəsi qeyd olunan maddələrin tələblərinə və eləcə də pozuntulara istinad etsə də onun şikayəti mövcud olduğu halda 2025-ci ilədək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna istinad etmişdir. Halbuki vətəndaşın şikayəti mövcud olduğu halda yoxlamanın aparılması mümkündür. Qeyd etdikləri bir daha onu təsdiq edir ki, Cavabdeh MMC onun işçi hüquqlarını pozaraq onunla bağlanılan və müddətsiz statusu almış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam vermiş və xx.xx.2024-cü il tarixindən bugünədək onun aylıq əmək haqqından onu məhrum etmiş, iş stajında fasilənin əmələ gəlməsinə səbəb olmuş və 6 ay müddətində onun dövlət qurumlarına şikayət/müraciət ünvanlamağına əsas yaratmışdır ki, bu onun vaxtına, sağlamlığına və maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Özü İİ Qarabağ Müharibəsi iştirakçısıdır, veterandır. Azərbaycan Respublikası Əmək Məcəlləsi müharibə iştirakçılarına, veteranlara müvafiq güzəşt və imtiyazlar təqdim etməsinə baxmayaraq, Cavabdeh MMC bir işəgötürən olaraq onun hüquqlarını pozmaqla nəticələnmişdir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, işsiz qaldığı dövr ərzində bir neçə yerə (ULTEL MMC, AZNET MMC, CİTYNET MMC) CV göndərmiş işə qəbul ilə bağlı, onlardan cavab almışdır ki, “əvvəlki işəgötürən sizin barənizdə mənfi rəy verdiyindən sizi işə qəbul edə bilmərik.” Cavabdehin onun barəsində əsassız olaraq mənfi rəy verməsi onun reputasiyasına ziyan vurub və onun işsiz qalmağına gətirib çıxarmışdır. Bundan başqa, "AZEDUNET” MMC-də işlədiyi müddət ərzində çoxsaylı ezamiyyətlərə göndərilmişdir. Azərbaycanın müxtəlif bölgələrinə üst-üstə hesablanılsa ezamiyyə günləri 200 günü keçib, lakin ezamiyyə xərclərin verilməsində də işəgötürən qanunun tələblərini pozmuşdur. Beləki, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarına görə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95.0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmiş, 20 iyun 2018-ci ilədək isə 90 manat 65 manat idi. Qeyd olunan qanunun tələblərinə baxmayaraq, işlədiyi bütün müddət ərzində ona ezamiyyə xərcləri 39 manatdan hesablanaraq ödənilmişdir. Ona görə İşəgötürən ona ezamiyyə pulunu düzgün ödəməməklə hüquqlarını yenə pozmuşdur. 200 gündən artıq ezamiyyə günlərini ödənilməyən 1 günü 51 manat (90-39=51) vurulsa, İşəgötürənin hazırda mənə 10200 manat ezamiyyə xərci borcu vardır. xx.xx.2024-cü il tarixdə keçirilən Mediasiya sessiyasında barışıq əldə olunmamışdır. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mövqeyi tamamilə əsassızdır və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İddia ərizəsində iddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verildiyini bildirir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Hazırkı mübahisə üzrə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsindən bir aydan artıq müddətin keçməsini nəzərə alınsa iddia müddəti keçdiyindən bu məsələ artıq mübahisə predmeti ola bilməz. Yəni, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin mübahisələndirilməsi üçün qanunda müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsi barədə AR ƏƏSMN tabeliyində DƏMX-ə şikayət etmiş, aparılmış araşdırma nəticəsində DƏMXnin 22 may 2024-cü il tarixli qərarı ilə İXM-in 53.0.1-ci maddəsi (əməldə inzibati xəta hadisəsi olmadıqda) əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. R.Abdullayev iddia ərizəsində ödənilməyən ezamiyyət xərclərinin məbləğinin - 10200 manat pulun ona ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirmək istəyir ki, iddiaçı sonuncu dəfə cavabdeh müəssisənin xx.xx.2023-cü il tarixli əmri əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 20 gün müddətinə Şirvan, Salyan, Cəlilabad, Masallı və digər rayonlara ezam edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun Bakı şəhərində olması müəyyən edilmişdir. R.Abdullayevin istifadəsində olan **-UA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin GPS məlumatları çıxarıldıqda isə məlum olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cəmi bir gün Şirvan və Cəlilabad rayonlarına getmiş, elə həmin gün də Bakıya qayıtmışdır. Beləliklə də o, müəssisə rəhbərliyini aldadaraq ezamiyyətdə olmaq əvəzinə Bakı şəhərində olmuş və öz əmək funksiyalarını, həmçinin vəzifə öhdəliklərini vicdanla icra etməmişdir. R.Abdullayev yol verdiyi pozuntuları izahatında etiraf etmiş və törətdiyi hüquqazidd əməllərə görə ona "sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir, lakin iddiaçı həmin əmri mübahisələndirmişdir. Beləliklə də, iddiaçı sonuncu dəfə 2023-cü ilin avqust ayında ezamiyyətdə olmuş, həmin tarixdən sonra yol verdiyi pozuntulara görə bir daha ezamiyyətə göndərilməmişdir. Hazırkı mübahisə üzrə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, bu tələb üzrə də iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən də həmin iddia tələbi də təmin edilə bilməz. İddia ərizəsində qeyd edilir ki, R.Abdullayev işsiz qaldığı müddətdə işə düzəlmək üçün bir sıra müəssisələrə müraciət etmiş, lakin, həmin müəssisələr "Azedunet” MMC-nin iddiaçı barəsində mənfi rəy verdiyi əsas gətirərək onu işə götürməkdən imtina etmişlər. Lakin, iddiaçı bu halları - yəni, "Azedunet” MMC-nin onun barəsində mənfi rəy verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələblərində biri xx.xx.2024-cü il tarixdən hesablanmaqla məhkəmə qərarı qəbul edilənədək hər ay üçün 1127 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. İddiaçının bu tələbi məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi ilə əlaqədar olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Göründüyü kimi, işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı aşağıda qeyd edilən şərtlərin hamısı kompleks halda mövcud olduqda ödənilə bilər: İşçi ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələbləri pozulmaqla ləğv edilməlidir; İşçi işdənçıxarma əmrindən narazı qalaraq əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidir; Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işəgötürənin işdənçıxarma əmri ləğv edilməli və işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmalıdır; Hazırkı iddia üzrə İddiaçı tərəfindən işdən çıxarma əmrinin ləğv edilməsi ilə bağlı tələb irəli sürülmədiyindən onun məcburi iş buraxma müddəti üçün də əmək haqqının ödənilməsini tələb etmək hüququ yoxdur. Bu səbəbdən də iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilən bu hallar həmçinin AR ƏƏSMN tabeliyində DƏMX-nin araşdırma materialları ilə də öz təsdiqini tapmışdır. İddiaçıya vurulmuş maddi və mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbi də tamamilə əsassızdır. Hazırkı iş üzrə iddiaçı maddi və mənəvi zərərə görə kompensasiya tələb etsə də onun tərəfindən mənəvi sarsıntı və iztirab keçirdiyinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də mənəvi sarsıntı və iztirabın hansı formada ifadə olunması, iddiaçının sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, cavabdehin hərəkətlərinin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması öz təsdiqini tapmamışdır. Hesab edir ki, iddiaçının mənəvi zərərə görə kompensasiya tələb etməkdə məqsədi mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların kompensasiyası deyil. Əksinə iddiaçı burada maddi qazanc əldə etmək və varlanmaq məqsədi güdür. Odur ki, İddiaçı iddiası tamamilə əsassızdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, işə bərpa olunmasını tələb etmir. Lakin onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi nəticəsində xx.xx.2024-cü il tarixdən qərar qəbul edilənədək hər ay üçün 1127 manat əmək haqqı və ödənilməyən ezamiyyə xərclərini tələb edir. Şəxsiyyətini ləkələyən məlumatlar dedikdə onu nəzərdə tutur ki, cavabdeh onun barəsində mənfi rəy verir. Bu səbəbdən heç yerdə işə götürülmür. Cavabdehin onun barəsində şifahi formada mənfi rəy verməyi ona məlumdur. Lakin bu barədə sübutu yoxdur. Bu hərəkətləri ilə cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Əliyev Mais iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, İddiaçı Cavabdehnə qarşı iddia tələbinin maddi zərərin (ezamiyyə xərclərinin düzgün hesablanmaması və ödənilməməsi) ödənilməsi ilə əlaqədar olan hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ezamiyyətdə olmuşdur Eyni zamanda iddiaçının xx.xx.2023-cü i! tarixli izahatı təsdiq edir ki, o, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində ümumiyyətlə ezamiyyətdə olmamışdır. Bu səbəbdən də iddiaçı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb edilmiş və ona “şiddətli töhmət” intizam tənbehi verilmişdir. Həmin tarixdən isə artıq 1 ildən çox vaxt keçmişdir. Beləliklə, iddiaçının iddia tələbinin birinci hissəsi, yəni maddi zərərin- ezamiyyə xərclərinin düzgün hesablanmaması və ödənilməməsi ilə əlaqədar olan hissəsi ilə bağlı bir illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 10 ay 17 gün müddətinə bağlanmışdır. "xxxx" MMC-nın 067-k/24 saylı, 15 fevral 2024-cü il tarixli əmrdən görünür ki, Cavabdeh Texniki dəstək üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2019-cİ il tarixli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən) xx.xx.2024-cü il tarixindən etibarən xitam verilməsi və AR ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün 9 (doqquz), xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün 9 (doqquz), xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 9 (doqquz), xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 16 (on altı),xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 46 (qırx altı) təqvim günü olmaqla, ümumilikdə 89 (səksən doqquz) təqvim günü istifadə etməmiş olduğu əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi; Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə departamentinə həvalə edilməsi; xx.xx.2024-cü il tarixi son iş günü hesab edilməsi əmr edilmişdir. İddiaçı məxsus ******* saylı Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı 67/19 saylı, xx.xx.2019-cu il tarixli Əmrlə Cavabdeh MMC-yə texnik vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Texniki dəstək üzrə mütəxəssis vəzifəsinə keçirilmiş. 067-k/24 saylı/, 15 fevral 2024-cü il tarixli Əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması” əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, “...Cəmiyyət tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və rərəfimizdən Azərbaycan Respublikasının Əmək vs Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 3 (üç) aylıq əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Sizinlə xx.xx.2019-cu il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə müxtəlif tarixlərdə dəyişiklik edildiyi, edilən sonuncu dəyişiklik üzrə əmək müqavilənizin müddətin qurtarma tarixinin xx.xx.2023-cü il olduğu məlum olmuş, lakin işəgötürən tərəfindən əmək müqavilənizə dəyişiklik edilməsinə dair sənədlər təqdim olunmadığından bu məsələyə münasibət bildirilməsi mümkün olmamışdır. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbi nəzərə alınmaqla müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 5 ilin tamamında 2024-cü il tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hisssinin “b” bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi məlum olmuşdur. Təqdim edilən son haqq-hesabın hesablanması cədvəlinə əsasən Sizə istifadə etmədiyiniz 89 (səkkən doqquz) təqvim günü əmək məzuniyyətinizə görə 3729.76 (üç min yüz iyirmi doqquz manat 76 qəpik) manat məbləğində vəsaitin hesablandığı müəyyən də, tərəfinizdən və ya Cəmiyyət tərəfindən əmək haqqı bank hesabından çıxarış edilmədiyindən, həmin məbləğin Sizə ödənilib-ödənilməməsinə münasibət bildirmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının qanuna əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların ə araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, Sizin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmağınız nəzərə alınaraq “Azedunet" MMC-də işlə təmin olunmağınıza köməklik göstərilməsi məqsədilə Cəmiyyətin rəhbərliyinə sosial dəstək məktubu göndərilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” "xxxx" MMC-nın 396-e/23 saylı, 20 iyul 2023-cü il tarixli əmrdən görünür ki, Cəmiyyətin Texniki dəstək üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı Etibar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il (daxil olmaqla) tarixədək 20 (iyirini) gün müddətinə Şirvan, Səlyan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara, Biləsuvar rayonlarına ezam edilsin. 22, 23, 29, 30 iyul və 05, 06 avqust 2023-cü il ezamiyyət tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən həmin günlər üçün işçinin razılığı ilə 10, 11, 14, 15, 16, 17 avqust 2023-cü il tarixlərində əvəzgün verilməsi; İşçinin xx.xx.2023-cü il tarixində işə başlaması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərcləri normaları haqqında” Qərarına əsasən ezamiyyə xərcləri ödənilməsi; Əmrin icrasına nəzarət İnsan Resurslarının idarəedilməsi və İnzibati işlər departamentinin rəhbəri X1 həvalə olunması əmr edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixlii arayışdan görünür ki, İddiaçı Etibar oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək Texniki dəstək üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2023cü ildə İddiaçı ümumilikdə 69 ezamiyyət günü təşkil edən 5 dəfə ezamiyyət rəsmiləşdirilib. 69 ezamiyyət günündən GPS qeydlərinə əsasən, faktiki olaraq ezamiyyətdə olduğu günlərin sayı-29 gün. Ezamiyyə günlərindən sui-istifadə etmiş və ümumi ezamiyyət günlərindən 40 gününü, Azərbaycanın Region məktəblərində ezamiyyətdə olmalı halda. Rəhbərliyin məlumatı olmadan Bakıda olmuş və ezamiyyət ödənişini mənimsəmişdir. Faktiki ezamiyyətdə olduğu günlərdə belə, əksər hallarda günortalar Bakıya qayıtmışdır. İddiaçı tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli İzahatdan görünür ki, xx.xx.2023-xx.xx.2023 tarixlərində (7 gün) avtomobilin nasaz olması səbəbindən ezamiyyətdə iştirak edə bilməyəcəkdir. "xxxx" MMC tərəfindən verilmiş 490-k/23 saylı, 18 avqust 2023-cü il tarixli Əmrdən görünür ki, "xxxx" MMC-nin Texniki dəstək üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı Etibar oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş; İddiaçı istifadə edilməmiş ezamiyyə xərclərini geri ödəməsi əmr edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsinin 22 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X4 barəsində İXM-nin 192.6-cı maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2023-cü il tarixli Bildirişdən görünür ki, MMC 534.46 manat istifadə edilməmiş ezamiyyə xərclərinin geri ödənişini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 45-ci maddəsinin “1”-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddəsinin “1”-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli müddətli Əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə texnik vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Texniki dəstək üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. İşində yol verdiyi nöqsanlara görə “Azedunet" MMC-nin Texniki dəstək üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı Etibar oğluna 18 avqust 2023-cü il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş; İddiaçı istifadə edilməmiş ezamiyyə xərclərini geri ödəməsi əmr edilmişdir. Belə ki, İddiaçı müəssisənin xx.xx.2023-cü il tarixli əmri əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 20 gün müddətinə Şirvan, Salyan, Cəlilabad, Masallı və digər rayonlara ezam edilsə də, istifadəsində olan **- UA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin GPS məlumatları çıxarılması nəticəsində məlum olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cəmi bir gün Şirvan və Cəlilabad rayonlarına gedib həmin gün də Bakıya qayıtmışdır. Göründüyü kimi, iddiaçı öz əmək funksiyalarını, həmçinin vəzifə öhdəliklərini laziminca icra etməmişdir. Daha sonra Cavabdeh MMC-nın 067-k/24 saylı/, 15 fevral 2024-cü il tarixli Əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Hazırda iddiaçı “işə bəpa olunma" barədə tələb irəli sürmədiyi halda, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi nəticəsində məcburi iş buraxma dövrü üçün əmək haqqı, habelə ezamiyyə xərcləri və dəymiş maddi və mənəvi ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçının şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Cavabdeh MMC barəsində başlanılmış inzibati iş üzrə icraata 22 may 2024-cü il tarixli qərarla xitam verilmişdir. Cavabdeh tərəf iddia tələbinin ezamiyyə xərclərinin tutulması hissəsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əmək qanunvericiliyinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. (296.4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia tələbi ezamiyyə xərclərinin tutulması hissəsində iddia müddəti ötürülmüş olduğundan və cavabdeh tərəf bununla bağlı ərizə təqdim etdiyindən müvafiq hissədə iddia müddəti tətbiq edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbini maddi və mənəzi zərər hissəsində də əsaslı hesab etmir. Belə ki, iddia tələbi maddi və mənəvi zərər hissəsində yetərincə əsaslandırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi cəlb olunmaqla) "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi cəlb olunmaqla) "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5120/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5120/2024
12.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver