Məhkəmə qərarları › İş №2(004)-515/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-515/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-515/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisi) qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi, dəymiş mənəvi zərərin əvəzinin və çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisi) qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi, dəymiş mənəvi zərərin əvəzinin və çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin, heç bir əlavə şərt və ya tələb irəli sürmədən İddiaçı verilməsi öhdəliyinin Cavabdeh (Cavabdeh MTK-nın hüquqi varisinin) üzərinə qoyulması, daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin istənilib, verilməməsi və bu zaman əsassız şərt və tələblərin irəli sürülməsi səbəbindən iddiaçının məruz qaldığı mənəvai zərərin əvəzi olaraq 5.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzili 100 % dəyərini ödəməklə 31.160 ABŞ dollarına Cavabdeh MMC-dən satın almışdır. O, xx.xx.2005ci il tarixdə mənzili alarkən pay haqqı kimi 68.910.000 AZM vəsaiti Cavabdeh MTK-ya ödəmiş və bu barədə ona Cavabdeh MTK tərəfindən xx.xx.2005-ci il tarixli 676176 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Sonrakı ödəməni, yəni pay haqqının qalan hissəsini 74.206.720 AZM vəsaiti isə xx.xx.2005-ci il tarixdə Cavabdeh MMC-yə ödəmiş və bu barədə Cavabdeh MMC tərəfindən ona xx.xx.2005-ci il tarixli 142631 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Həmçinin Cavabdeh MMC ona xx.xx.2005-ci il tarixli 195 nömrəli arayış verərək, onun Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin dəyərini tam ödədiyini təsdiq etmişdir. Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş X1 Reyestrindən 01/Ç-3726 nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MTKnın hüquqi varisidir. O, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən aldığı və dəyərini tam olaraq ödədiyi mənzili özəlləşdirmək üçün tələb olunan sənədlərin verilməsi üçün Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisinə) müraciət etmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan 2010-cu ildən hazırkı vaxta kimi təxminən 5.200 manat kommunal borc hesablandığını, bu məbləği ödənildikdən sonra müvafiq sənədlərin ona veriləcəyini bildirmişdir. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andvan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. O, aldığı mənzilin tam dəyərini 2005-ci ildən ödəsə də, hazırkı vaxta kimi mənzilə köçə bilməmiş, bir gün də olsa orada yaşamamışdır. Mənzil açarları ona təhvil verilmişdir, mənzil fakitiki olaraq onun istifadəsində olsa da, hazırkı vaxta kimi mənzili təmir edib köçə bilməmişdir. Hesab edir ki, onun kommunal xidmət haqlarını ödəmək vəzifəsi Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə uyğun olaraq mənzil onun adına mülkiyyət kimi qeydiyyata alındığı andan yaranacaq və o, üzərinə düşən vəzifələrini yerinə yetirəcəkdir. Onun yazılı müraciətlərinə cavab verilməməsi və mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin hazırkı vaxta kimi ona təqdim edilməməsini mənəvi zərər kimi dəyərləndirir və hesab edir ki, vurulmuş mənəvai zərərin əvəzi kimi cavabdeh ona 5.000 manat ödəməlidir. Həmçinin pozulmuş hüquqlarının müdafiəsi və məhkəməyə müraiət etməsi üçün vəkillə müqavilə bağlamış və 500 manat vəsait ödəmiş, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, çəkdiyi xərclərin əvaəzi də ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdar edilmiş edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilini 31.160 ABŞ dollarına Cavabdeh MMC-dən satın almışdır. İddiaçı xx.xx.2005-ci il tarixdə mənzili alarkən pay haqqı kimi 68.910.000 manat (AZM) vəsaiti Cavabdeh MTK-ya ödəmiş və bu barədə ona Cavabdeh MTK tərəfindən xx.xx.2005-ci il tarixli 676176 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. İddiaçı sonrakı ödəməni, yəni pay haqqının qalan hissəsini 74.206.720 manat (AZM) vəsaiti isə xx.xx.2005-ci il tarixdə Cavabdeh MMC-yə ödəmiş və bu barədə Cavabdeh MMC tərəfindən ona xx.xx.2005-ci il tarixli 142631 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2005-ci il tarixli 195 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş X1 Reyestrindən 01/Ç-3726 nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MTK-nın hüquqi varisidir. İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən aldığı və dəyərini tam olaraq Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisinə) ödədiyi Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilini özəlləşdirmək üçün tələb olunan sənədlərin verilməsi üçün Cavabdeh MMC-yə (Cavabdeh MTK-nın hüquqi varisinə) müraciət etmişdir. Lakin Cavabdeh MMC hər hansı bir qanuni əsas olmadan mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədləri mənzilin sahibi İddiaçı verməkdən imtina etmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. İddiaçı hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil 500 manat vəsait ödəmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andvan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının kommunal xidmət haqlarını ödəmək vəzifəsi Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə uyğun olaraq mənzil onun adına mülkiyyət kimi qeydiyyata alındığı andan yaranacaq və o, həmin vaxtdan üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Həmçinin kommunal xidmət haqlarına hər hansı borcun olması mənzilin özəlləşdirilməsi üçün sənədləri iddiaçıya verməkdən imtina etməsi üçün cavabdehə əsas vermir. İddiaçının mənzilə dair hər hansı bir borcunun ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranarsa, cavabdeh məhkəmə qaydasında həmin borcun ödənilməsini tələb etmək hüququndan istifadə edə bilər. Lakin bu qaydada iddiaçının dəyərini ödədiyi mənzilin mülkiyyətinə keçirməsi üçün lazım olan sənədləri verməməklə, cavabdehin iddiaçının hüququnu pozmasına yol verilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh (Cavabdeh MTK-nın hüquqi varisinin) üzərinə qoyulmalıdır. İddiaçı hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - “vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tutulması” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki və mənəvi iztirablar çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh (Cavabdeh MTK-nın hüquqi varisinin) üzərinə qoyulsun. İddiaçı hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə, yəni - “vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tutulması” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar