Məhkəmə qərarları › İş №2(004)-5153/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5153/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5153/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onun işdən azad edilməsi barədə cavabdeh "xxxx" MMC-nin əmrinin ləğv olunması və onun "xxxx" MMC-də tutduğu bağban vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatla əmək müqaviləsi bağlayaraq bağban vəzifəsinə işə götürülmüşdür. Bağladığı müqavilə ona təqdim edilməmiş, ona görə da aralarında yaranan əmək münasibətlərinin şərtləri ona bəlli olmamış, həmin münasibətlərin tənzimlənməsi qaydaları və şərtləri, habelə müddəti haqqında məlumatı olmamışdır. Əvvəlcə 400 manat maaşla saat 08:00-dan 18-00-dək təxminən bir il səkkiz ay işləmiş, 27 noyabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək Laçın rayonuna ezam olunmuşdur. Laçın rayonundan qayıtdıqdan sonra cavabdeh təşkilatda iş rejimini dəyişərək gecə növbəsində müxtəlif ünvanlarda yerləşən su nasoslarının mühafizəsini həyata keçirmişdir. Cavabdehdən onu əvvəlki iş rejiminə keçirməyi xahiş etsə də, onlar bu xahişi təmin etməyərək subyektiv əsaslarla onu işdən azad etmiş, ona bəlli olmayan əmək müqaviləsinin müddətinin bitməsinə istinad etmişlər. Əslində onunla müddətsiz müqavilə bağlanmalı, pensiya yaşına çatanadək işləməli və onun təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməli idi. Eyni zamanda cavabdeh xəstə olduğu müddətdə işdən azad etmiş və izahatı alınmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının atası vəfat etmiş, anası, bacı və qardaşı onun himayəsindədir, işləmədiyi üçün hazırda özünün və yaxınlarının ehtiyaclarını qarşılaya bilmir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq olunması və iddia ərizəsinə etiraz barədə ərizələr verərək iddia ərizəsi üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsində onun müddətli bağlanması ilə bağlı qeyd edilmiş və müqavilənin bir nüsxəsi ona təqdim edilmişdir. İşdən azad edilməmişdən öncə ona müqavilənin müddətinin bitməsi barədə xəbərdarlıq verilmiş və müqaviləyə prosedurlara uyğun olaraq xitam verilmişdir. Bundan əlavə işlədiyi müddətdə iddiaçı davamlı olaraq işdə intizamı pozmuş, işə vaxtlı-vaxtında gəlməmiş, verilən tapşırıqları lazımınca yerinə yetirməmiş, qeyd olunanlarla əlaqədar ona şifahi xəbərdarlıq və yazılı töhmət verilmişdir. İşdən azad edilməsi barədə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildikdən 11 ay sonra iddiaçı məhkəməyə müraciət etmiş, bununla da ƏM-nin 296.2-ci maddəsinə əsasən 1 ay müddət ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, etirazda qeyd edilənləri təsdiq edir. xx.xx.2022-ci il tarixdə cavabdeh ona bildirmişdir ki, müqaviləsinin müddəti bitir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliyi ilə bağlı bülletendə olduğu üçün hesab edir ki, işdən azad edilməsinə dair cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Belə ki, onun həmin dövrdə bülletendə olması barədə sənəd vardır və xəstəliyi ilə bağlı cavabdeh şirkətdə işləyən Rasim adlı şəxsə zəng edərkən məlumat vermişdir. Əlavə olaraq bildirir ki, anası və bacısı işləmir, onun himayəsindədirlər, həmçinin banka kredit borcu vardır. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, işdən azad edilməsi barədə ilk növbədə 2022-ci ilin mart ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikası Ombudsmanına müraciət etmişdir. Daha sonra isə atası vəfat etdiyindən məşğul olmuş və məhkəməyə müraciət edə bilməmişdir. Bundan sonra mediasiya təşkilatına müraciət etmişdir. Məhkəməyə qanunla hansı müddət ərzində müraciət etməli olması barədə məlumatı olmamışdır. Bu müddət ərzində isə xəstəliyi ilə bağlı hər hansı problemi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı ümumilikdə intizamsız işçi kimi xarakterizə olunmuş. Adətən işə gəlməməsi barədə vaxtında cavabdehi məlumatlandırmamış, maraqlandıqda xəstə olduğu məlum olmuş, sonradan bülleten gətirmişdir. İddiaçı işlədiyi müddətdə dəfələrlə özü gündüz işləyə bilmədiyini bildirərək onun gecə növbəsinə keçirilməsini xahiş etmiş, lakin öz xahişi ilə gecə növbəsinə keçirildikdən sonra onun öz vəzifələrinə laqeyid yanaşaraq iş vaxtında yatması aşkar edilmişdir. Gündüz növbəsinə yenidən keçirildikdə isə gündüz də işləyə bilmədiyini bildirmişdir. İşlədiyi müddətdə iddiaçı yol verdiyi nöqsanlarla bağlı intizam məsuliyyətinə cəlb edilmişdir. Göstərilənlərə əsasən cavabdeh artıq iddiaçı ilə işləmək arzusunda olmamış və onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi nəzərə alınaraq, əvvəlcədən ona xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Verilmiş suala əsasən bildirmişdir ki, iddiaçının fəaliyyəti mövsümi olduğundan onunla əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, o, xx.xx.2020-ci il tarixli əmrə əsasən "xxxx" MMC-də bağban vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən bağban vəzifəsinə işə götürülmüş və müqavilə 1 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İşçinin əmək funksiyasına ağac və kil bitkilərində zədələrin aşkar edilib aradan qaldırılması və ya bərpa edilməsi; dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi; yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi; yaşıl sahələrə, ağac və bitkilərə qulluq daxildir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətlidir. - "xxxx" MMC tərəfindən bağban vəzifəsində çalışan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, İddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmişdir. Xəbərnamədən isə görünür ki, məktub ünvan sahibinə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 332 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 (a) bəndinə əsasən töhmət elan edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 542 nömrəli əmrinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-də bağban vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi, yəni AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində qeydiyyat AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeydə alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”lardan müəyyən edilir ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “kəskin bronxit” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Beləliklə işin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də bağban vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 542 nömrəli əmrinə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu, xx.xx.2022-ci il tarixli işdən azad olması barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq edilməsini və eləcə də, tələbin mahiyyətinin əsassız olmasını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırır ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı xəbərdar olmasına baxmayaraq işə bərpa tələbi ilə 11 aydan sonra müraciət etmişdir. O, işdən azad olunması barədə əmrdən vaxtında məlumatlı olmasına baxmayaraq məhkəməyə qanunla müəyyən edilmiş 1 ay müddətində müraciət etməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, işdən azad olunması barədə əmrdən 2023-cü ilin mart ayında artıq məlumatı olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı bundan xeyli sonra – xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə gec müraciət etməsinin səbəbini iki nüansla əsaslandırır. O ilk növbədə qeyd edir ki, buna səbəb digər orqanlara, yəni X1 Xidmətinə və Ombudsmana müraciət etmişdir. Lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı mediasiya təşkilatına və dolayısı ilə məhkəməyə gec müraciət etməsinin səbəbini digər orqanlara müraciət etməsi ilə əsaslandırsa da belə, məhkəmə qeyd edir ki, iddiaçının X1 Xidməti və bunun kimi digər icra hakimiyyəti orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. İddiaçının digər əsası isə atasının rəhmətə getməsi olsa da, o, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında izahatında bildirmişdir ki, atası 2023-cü ilin avqust ayında rəhmətə getmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi yaxın qohumunun – atasının vəfat etməsi əsası ilə üzrlü hesab edilə bilməz. Beləliklə, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Hətta izahatında özünün səhhəti ilə bağlı probleminin olmadığını bildirmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. Dolayısı ilə şikayət etməsi üçün buna onun imkanı olmuşdur, əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar