Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5166/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 30.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən 500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.09.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdeh Cavabdeh1 MMC-dən 500 (beş yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, o, cavabdeh X2 və "xxxx" MMC-yə 15.09.2019-cu il tarixdə maliyyə və mühasibatlıq üzrə tədris və təlim keçirilməsi ilə əlaqədar müraciət etmişdir. Tədris mərkəzinin şərtlərinə əsasən, təlimin ödənişi əvvəlcədən və tam şəkildə edilməli olması səbəbindən, 17.09.2019 tarixdə 200 manat və 22.09.2019 tarixdə 300 manat ödənişlər etmişdir. Təlim tam olaraq 60 saatdan ibarət olmalı və təlimin müddəti 3 ay təşkil etməli idi. Lakin "xxxx" MMC və təlimçi X2 hər dəfə bir bəhanə edərək təlimin vaxtını dəyişmişdir. Belə ki, 2019-cu ilin sonunadək cəmi 3 saat, 2020-ci ilin mart ayına qədər isə 1 bir saat təlim keçirilmişdir. 27.03.2020-ci il tarixdə isə onun mobil nömrəsinə zəng edərək sərtləşdirilmiş karantin rejiminin tədbiq edilməsi səbəbindən təlimlərin bir qədər sonrakı vaxta keçirilməsini və təlimlərin dəqiq keçirilmə vaxtı təyin olunduqdan sonra ona məlumat veriləcəyini bildirmişdir. Uzun müddət heç bir məlumat olmaması səbəbindən, 03.06.2020ci il tarixindən 15.09.2020-ci il tarixinədək üç ay müddətində ofis nömrəsinə və mobil nömrələrə zəng vurub məlumat almağı nəticə verməmişdir. 19.09.2020-ci il tarixində tədris mərkəzində təlim keçən digər tələbədən mərkəzin yeni və dəyişdirilmiş nömrəsini öyrənərək zəng vurub məlumat almaq istədikdə, ona qrupun təlimlərinin artıq tamamlandığı və tələbələrə sertifikatların təqdim olunduğu bildirilmişdir. Ona təlimlərin başlaması haqda niyə məlumat verilməməsini soruşduqda, bunu araşdıraraq günün sonuna qədər məlumat veriləcəyi bildirilmişdir. 05.10.2020-ci il tarixədək bir neçə dəfə əlaqə saxlamaq istəsə də, yenə də zəngləri cavabsız olaraq qalmışdır. Dərhal sonra məcbur olaraq istehlakçıların hüquqlarının qorunması ilə bağlı Antiinhisar xidmətinə müraciət etmiş, lakin o da nəticə verməmişdir. Bugünə qədər iddia verməməsinin səbəbi Antiinhisar xidmətinin onu yubatması olmuşdur. İddianin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 MMC məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yasamal Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 17.09.2019-cu il tarixli, ÜM_CBS_005 nömrəli xidmət müqaviləsinə əsasən “Ümumi maliyyə və praktiki mühasibatlıq F3(az)” xidmətinin göstərilməsini üç ay ərzində Cavabdeh1 MMC-yə həvalə edir. Müqavilənin dəyəri 60 saat üçün 500 manat təşkil edir və müqavilə kursun bitmə tarixinədək qüvvədədir. İş materialarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 17.09.2019-cu il tarixli, GDĞ 703147 nömrəli qəbzə əsasən 200 manat, 22.09.2019-cu il tarixli, AAE 426991 nömrəli qəbzə əsasən 300 manat İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında sadə yazlı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı 500 manat ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh1 MMC-dən 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5166/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5166/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver